Arvadına sataşanın canını aldı, Almaniyaya qaçdı – Şok təfərrüat

1166

Salyan rayonunda 4 il əvvəl qətl törətməkdə təqsirli bilinən 1969-cu il təvəllüdlü Rövşən Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Rövşən Cavadov 2015-ci ilin noyabrında Salyan rayonunun mərkəzində, Y.Zərgərli küçəsindəki evlərdən birində yaşadığı dövrdə qonşusu Elçin Qasımovu öldürüb.

Elçin Qasımov Rövşən Cavadovun arvadından intim yaxınlıq istəyib. Arvadı Elçinin bu hərəkətləri barədə həyat yoldaşı Rövşənə danışıb.

Arvadına sataşdı, bağında öldürdü

Rövşən qisas almaq məqsədi ilə Elçini öldürmək qərarına gəlib. Noyabrın 11-də, saat 23 radələrində Rövşənin oğlu Ağacavad Elçin Qasımovu evin həyətinə çağırıb, evin arxasında metal boru ilə ona hücum edib.

Rövşən Cavadov bıçaqla Elçin Qasımova çoxsaylı zərbələr endirib. O, törətdiyi cinayətin üstünün açılmaması məqsədi ilə oğlu ilə birlikdə evin həyətindəki yarımçıq tikilinin içərisində 2 metr dərinlikdə çala qazıb. Ata-bala meyiti və cinayət aləti olmuş bıçağı torpağa basdırıb, üzərini betonlayıblar.

Qatil xaricə qaçdı

Bundan sonra Rövşən Cavadov cinayət məsuliyyətindən yayınmaq üçün 14 noyabr 2016-cı il tarixdə Azərbaycanı tərk edərək ölkə hüdudlarından kənarda gizlənib. Hüquq-mühafizə orqanlarının gördüyü tədbirlər nəticəsində Elçin Qasımovun meyiti 2016-cı il dekabrın 28-də basdırıldığı yerdə aşkar edilərək çıxarılıb.

2017-ci ildə Rövşən Cavadov İnterpol vasitəsi ilə Almaniyada həbs olunub və ölkəmizə gətirilməsi təmin olunub. Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Rövşən Cavadovun oğlu Ağacavad Cavadov barəsində isə Cinayət Məcəlləsinin 307.3-cü (qabaqcadan vəd etmədən xüsusilə ağır cinayəti gizlətmə) maddəsi ilə cinayət işi başlanıb və iş ayrıca icraata götürülüb.

“Arvadımın biləyindən tutduğunu gördüm”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rövşən Cavadov elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Bildirib ki, Elçin Qasımovu qonşu kimi tanıyıb: “Elçin dava-dalaşa meylli şəxs olub, həmişə özü ilə bıçaq gəzdirib. 2015-ci ilin noyabr ayının 11-də axşam saat 23 radələrində həyətdə itlər hürdüyü üçün arvadım qapıya çıxdı, dərhal da geri qayıdaraq məni səslədi. Mən də bayıra çıxdıqda Elçinin düz evin giriş qapısının bayır tərəfində sol əli ilə arvadımın sağ biləyindən tutduğunu, sağ əlində isə bıçaq olduğunu gördüm.

Qapıdan çıxan kimi Elçin məni gördü və arvadımı buraxdı. Elçin üstümə cumdu, “səni öldürəcəm” dedi, sağ əlində tutduğu bıçağı mənə doğru hərlədi. Arvadım dərhal evə girdi, sərxoş vəziyyətdə olduğu açıq bilinən Elçin bıçağı mənə doğru hərləyəndə bıçağın tiyəsi əvvəlcə əynimdəki futbolkanın sol döş hissəsini cırdı”.

Asta səslə “məni göndəriblər” söylədi

Rövşən Cavadovun sözlərinə görə, o, ayağı ilə özünü müdafiə edəndə Elçin bıçaqla onun sol ayağının aşağı hissəsindən vurub və ayağı kəsilib: “Elçinin bıçaqla yenə üstümə gəldiyini gördüm, özümü qorumaq üçün qapının sağından divara söykədiyim borunu götürdüm, evin arxasına keçid olan tərəfə keçdim. Boru ilə Elçini vurmağa çalışsam da, həmin yer dar olduğundan borunu yaxşı fırlada bilmədim.

Borunun əyri kəsilmiş uc hissəsi Elçinin sinəsinə və qoluna dəydi, amma zərbə alınmadı. Onu boru ilə möhkəm vura bilmədiyimdən bir qədər geri çəkildim. Evin arxası tərəfdə gül əkdiyim və işıqlandırılan yerə çıxdım. Elçin yenə də mənim üstümə gəlməkdə davam etdi, açıqlığa çıxanda Elçinin bıçaqla vurub onu öldürə biləcəyinə görə borunu hərləyərək onun başının sağ tərəfinə bir dəfə qüvvətli zərbə vurdum. Zərbənin təsirindən yerə yıxıldı və yerdə xırıldamağa başladı. Bu zaman işıqlar söndü, dərhal da yandı. Elçin yerə yıxılandan sonra ondan “sənə nə pisliyim dəyib?”, -deyə soruşdum. Elçin asta səslə “məni göndəriblər” deyə söylədi. Amma kimlərin göndərdiyini demədi”.

“Öldüyünə əmin oldum”

Təqsirləndirilən şəxs qeyd edib ki, bu sözləri deyəndə sonra Elçinin səsi çıxmayıb: “O, yıxılarkən cibindən “Nokia-63” markalı telefonu və bıçağı yerə düşdü. Elçinlə davam çox qısa çəkdi, onun səsi çıxmayanda diqqətlə baxdım, onun gözlərini də yumduğunu, daha nəfəs almadığını gördüm. Boyun hissəsinə əlimi qoyub nəbzini yoxladım. Onun öldüyünə əmin oldum.

Elçinin meyitini evinin arxa bağçasında basdırmaqla gizlətmək qərarına gəldim. Bu məqsədlə bağçada qazdığım quyuda Elçini basdırdım. Meyiti basdırandan sonra beton üzərinə dağıldı, Elçinin qanını qurumaması və izi itirmək üçün qanları yudum”.

“Arvadım dedi ki, işin üstü açılıb”

Rövşən Cavadov qeyd edib ki, Elçinin telefonunu onun yaşadığı evin yaxınlığına, küçəyə atıb.

Bildirib ki, 2016-cı il noyabr ayının 14-də xəstəliyi ilə əlaqədar Almaniyaya gedib, oradan ailə üzvləri ilə əlaqə saxlamağa başlayıb: “2016-cı ilin dekabr ayının sonunda arvadım mənə telefonda “işin üstü açılıb, Elçinin meyitini polislər gələrək həyətimizdən çıxarıblar, Ağacavadı da həbs ediblər, qayıt gəl” deyə bildirdi”.

Rövşən Cavadov deyib ki, 2017-ci il iyun ayının 28-də tutularaq 2018-ci ilin dekabr ayının 21-də Azərbaycana təhvil verilib: “Elçini nə özüm, nə də oğlum çağırıb. Hadisədən 2-3 gün əvvəl Elçin mənim həyətimə gəlib, evin arxasında mənimlə görüşüb. Hərəyə bir stəkan çay içdikdən sonra Elçin gedib, ardınca da arvadım evə gəlib. Elçinin həyətdən getdiyini görəndə narazılıqla: “Bu, çox vicdansız və alçaq adamdır, bunu bir də həyətimizə qoyma” deyib.

Arvadımın belə deməsinin səbəbini bilmədim. Noyabrin 11-də isə Elçin özü hasardan aşmaqla evimin həyətinə gizli daxil olaraq arvadımı bıçaqla hədələyəndə səsə çıxdım. O, arvadımı buraxıb bıçaqla mənə basqın etdi. Ailə üzvlərimdən heç kəs Elçin Qasımovun öldürülməsini görməyib, hadisədə iştirak etməyib.

Meyiti tək basdırmışam. Oğlum Ağacavad meyitin gizlədilməsindən xəbərsiz olub”.

“Kür çayının sahilində hədə-qorxu gəliblər”

Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Günel Qasımova deyib ki, Elçin onun qardaşıdır: “2015-ci ilin avqust ayında Elçinin danışdığına görə, Rövşənin arvadı Nazənimin onu Salyanda notariat kontoruna aparıb, hansısa qadının xaricdə olan ərinin əvəzinə uşağı xaricə aparmaq üçün etibarnaməyə imza atdırıb, bununla əlaqədar Elçinlə Nazənimin arasında mübahisə olub, Nazənim və onun Rövşən adlı tanışı Elçini Kür çayının sahilinə aparıb, ona hədə-qorxu gəliblər”.

“Dedi ki, üstümə dırmaşdı”

Hüquqi varisin sözlərinə görə, 2015-ci ilin yay aylarında Elçin onunla birlikdə işləyən Mirhüseyn adlı oğlanın bacısı ilə evlənmək istəyib: “Amma Mirhüseyn bacısının artıq nişanlı olduğunu deyib, bu məsələni rədd edib. 2015-ci ilin sentyabr-oktyabr aylarında Elçin atasından qalmış evi öz adına keçirmək üçün Nazənimdən kömək istəyib.

Noyabr ayının 11-də son dəfə telefonda danışanda Elçin mənə “dünən evin sənədi ilə əlaqədar Nazənimin evinə getmişdim, Nazənim evdən xalatda çıxdı və üstümə dırmaşdı, bunu da gördülər, az qala zibilə düşəcəkdim” –deyib.

Lakin onları kimin gördüyünü demədi. Elə həmin axşam saat 23 radələrində Elçinə zəng vurdu, bir daha onun telefonuna zəng çatmadı”.

Günel Qasımova deyib ki, həmin gündən sonra qardaşını axtarıblar, tapa bilmədikləri üçün Salyan rayon polis şöbəsinə müraciət ediblər.

O qeyd edib ki, 2016-cı ilin dekabr ayının son günlərində Elçinin meyiti qonşu Rövşənin həyətində torpağa basdırılmış vəziyyətdə tapılıb: “Sonradan bildim ki, Rövşənin arvadı Salyan şəhərində Sadığın oğlu Rövşən adlı şəxslə davamlı intim yaxınlıq edib.

Hadisədən əvvəl qadın öz ərinə Elçinin guya ona intim yaxınlıq etmək istədiyini deyib. Rövşən Cavadov isə Elçindən qisas almağı, bununla da arvadının guya namuslu qadın olduğunu sübuta yetirməyi qərara alıb”.

“Mənə “səndən ötrü ölürəm” söylədi”

Cinayət işi üzrə şahid qismində dindirilən Nazənim Cavadova bildirib ki, tanışı Rövşən Bağırovdan onun haqqında Elçinin əxlaqsız sözlər danışdığını eşidib. Elçindən soruşduqda isə boynuna almayıb: “Bir müddət keçdikdən sonra Elçin bizə gələrək evində faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılmasına köməklik istədi. Ona səhər ofisdə gözləyəcəyimi dedim. Bu zaman Elçin mənə “səndən ötrü ölürəm!” söylədi.

Elçinə şillə vurdum, qapını bağladım. Evə gəldikdə ərim Rövşən məndən rəngimin niyə ağardığını soruşdu. Mən də Elçinin həmin günə qədər etdiklərini danışdım. Rövşən isə Elçini tənbeh edəcəyini dedi”.

Qadın ifadəsində ərinin Elçin Qasımovla mübahisəsindən, qətl hadisəsindən danışıb. O, qətli görmədiyini, ərinin Elçinin meyitini harada basdırdığını bilmədiyini qeyd edib.

Şahid qismində ifadə verən Ağacavad Cavadlı atasının Elçin Qasımovu öldürməsindən danışıb, meyitin basdırılmasında atasına kömək etdiyini etiraf edib.

13 il cəza

Cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Hakim Mehdixan Abdullayevin sədrliyi ilə baş tutan prosesdə hökm elan edilib. Elçin Cavadov 13 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi apelyasiya şikayəti verib. O, şikayətində qardaşının qrup şəkildə öldürüldüyünü göstərib.

Hüquqi varis Cavadovlar ailəsinin digər üzvləri – Nazənim Cavadova, qızları, həmçinin işdə adı hallanan Rövşən Bağırovun barəsində cinayət işinin başlanmasını istəyib. O, həmçinin Rövşən Cavadovun cəzasının ağırlaşdırılmasını da istəyib.

Şikayət araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Fuad Soltanovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda şikayət təmin olunmayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər