Onlar neçə illərin dostu idilər At və “adam”. Bir gün uzaq dağ kəndinə səfər etdilər. Ətrafdakı təbiətin gözəlliyi hər ikisni məftun edirdi, çox xöşbəxt idilər,getdikləri yerdə sanki əbədi bir hüzun var idi. Amma geri dönərkən qalın bir meşənin astanasında öncə ildırım ,sonra da sanki pusqudan qəfil bir tufan çıxdı. Bir müddətdən sonra tufan gəldiyi kimi də yoxa çıxdı,o artıq öz işini görmüşdü,özü ilə zəlzələ də gətirmişdi.Meşə əyilmiş,sal qaya çat vermiş, çay da zorən həndəvərindən çıxmışdı.
Adam yerə sərili idi,o tək qalmışdı. Sağ qaldığına inandıqda udquna-udquna “şükür” kəlməsini dedi. Sonra ilk olaraq hafizəsinə kiçik oğlunun təsviri gəldi, möhkəm-möhkəm sevindi. Ətraf boyda olan dünyaya diqqətlə göz gəzdirdi. Meşə, çay və sıldırım qaya ona sakitcə tamaşa edirdi. “Bu nə dəhşət idi belə “astaca dindi. Bir az keçmiş “Hardasan ay at,hardasan ay at” deyib darıxmağa başladı, pərt oldu,bəlkə də qəzəbləndi,amma yavaş-yavaş anlamağa başladı ki,at əldən gedib. “Yəqin məni atıb qaçıb, yox , o bunu etməz axı, heç vaxt etməz ,heç vaxt, o zaman ya ildırım əlimdən aldı onu,ya da tufan .Bəs onda mən nə əcəb sağam” deyə özünə sual verdi . Qorxa-qorxa, yavaşdan “nəhlət şeytana” deyib meşəyə, yaxında axan çaya, dərəyə səsləndi, atı adı ilə “Sarıtel!Sarıtel!” deyə çağırdı. Hay gəlmədi,o zaman bir də “Sarıtel,Sarıtel” deyə bu dəfə bərkdən qışqırdı.
Qışqırıq səsinin əks-sədası bu dəfə uzun sürmədi. Vəhşi heyvanların meşə boyu küyü başlandı,ən çox da çaqqalların çığırtısı onu vahimələndirdı.
Dərhal özünü gizlətdi,sanki bu məkan da heç yox imiş, yamanca qorxdu. Qorxu onu özünə tabe etdi. Beləcə atı da unutdu və özünü də tanıdı. Adam qaçmağa başladı.
Qaşdıqca baş verənləri xatırlamağa güc edirdi “Mən uzun budaqları yerı qədər uzanan böyük bir ağacın yanında sərili idim,demək ki,onun budaqlarına ilişib yıxılmışam,lap yaxında dərədən axan çayın səsini eşidirdim,demək ki,Sarıtel sürətini cilovlaya bilməyərək,dərədə axan çaya yuvarlanıb”. Geriyə atı axtarmağa qərarsız idi, çünki qorxu ona qalib gəlmişdi.
Nəhayət iki gün payı-piyada yol qət edib gəldi çıxdı kəndinə və başına gələni ailəsinə nəql etdi. Qohum -əqrəba adamdan xəbərsiz qapısında olan bir qoçu qurban deyib kəsdi. Qurban payı kənddə hamıya çatmasa da, bir neçə kasıbın üzünü güldürdü. Ata dua edən də , hətta yaxşı at idi deyib məyus olan da oldu. Amma hami yekdil idi ki “əsas özünsən, qəm eləmə o, atdan minini taparsan,amma cani tapmaq olmaz”.
At hamı tərəfindən unudulmuşdu,yalnız bir nəfər adamın kiçik oğlu hələ də onun nisgilini çəkirdi.Axı atası söz vermişdi ki, gələcəkdə boy atanda atı ona əmanət edəcək.
Tufanlı gündən, atın itməsindən,kəsilən qurbandan, kiçik oğlunun göz yaşlı günlərindən bir müddət də keçdi. Adam artıq özünə yeni bir at da almışdı, həyat öz çuxurunda axarı ilə davam edirdi. Kənddə at itkisi,qurda yem olması, ya da oğurlanması yeni bir şey deyildi,əsrlərlərlə tarixi var idi, adidən də adi idi.
Bir gün adam səhər yuxudan səksəkə ilə oyandı.Kiçik oğlunun harayı nəinki evi,artıq bütün kəndi qaça-qaça salmışdı. At qayıtmışdı,axsaya-axsaya adamın evinin yanından ötərək kişnərtisi ilə onu səsləmişdi. O, artıq kəndin meydanında “ayaq üstə” idi, sadəcə başını yerə dikmiş, gur telləri ilə üzünü bağlamışdı. Xalq da artıq onun tamaşasına gəlmişdi, amma qorxudan ata yaxınlaşmır, ona bir az uzaqdan tamaşa edirdilər. Çünki at çox əcaibləşmiş, əvvəlki duruşundan, gözəlliyindən əsər-əlamət belə qalmamışdı. Xalq pıçıltı ilə deyirdi ki, o artiq vəhşiləşib,hələ gec deyil gəlin onu kəsək. Amma qərarsız idilər, çünki atin yiyəsini “adam”ı gözləyirdilər. Həqiqətən də at çox dəyişmişdi, ayaqlarında,boynunda qərtmək izləri, vəhşi heyvanların diş və cırmaq izlərindən xəbər verirdi .
Nəhayət “adam” da meydana gəldi və görməli olduğunu gördü. İlk anda çox həyacanlı idi, bir yanda tanıdığı xalq, o biri yanda tuş gəldiyi at.
Elə at da onu gözləyirdi , nəhayət başını yavaşdan qaldırdı,uzun tellərinin arasından adamın üzünə baxdı. Adam öncə sevindi,sonra duruxduqca duruxdu,bir azdan elə bil beli büküldü,ətrafı unutdu, başını aşağı saldı və bitdi. Dizi üstə qalıb danışmadı.
Meydan boş idi. Uzaqda bir at gedirdi. Adamın oğlu yürüyərək ona çatmaq istəyirdi “Sarıtel,Sarıtel məni də gözlə” deyib üsyan edirdi. Oğlan qaçar, at isə piyada idi.
Elcan Məmmədov. 5 fevral 2018-ci il.