Sumqayıt şəhər İcra hakimiyyətinin başçısı Vaqif Əliyev qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar ölkəmizə ezam olunmuş ATƏT-in müşahidə missiyasının üzvlərini qəbul edib.
Azərbaycan Respublikasında 7 noyabr 2010-cu ildə keçiriləcək Milli Məclisə seçkiləri müşahidə edəcək Ceyn Coplinq və Valeri Amsiulaşvili ilə görüşdə Sumqayıt şəhərində seçkiyə hazırlıq məsələləri müzakirə olunub. ATƏT-in uzunmüddətli müşahidəçiləri olduqlarını bildirən xanım C.Coplin Bakı şəhəri ilə yanaşı, Sumqayıtda da seçkiləri müşahidə edəcəklərini, bu baxımdan seçkiyə hazırlıq vəziyyəti ilə tanış olmaq üçün Sumqayıta səfər etdiklərini deyib. Vaqif Əliyev Sumqayıt şəhərinin inzibati ərazisində yerləşən 4 dairə və 132 məntəqə seçki komissiyalarının maddi-texniki təchizatının lazımi səviyyədə olduğunu və müxtəlif inzibati binalarda yerləşən məntəqələrin seçkilərin keçirilməsinə tam hazır olduğunu qeyd edib. Görüşdə həmçinin seçki kampaniyası üçün müəyyən edilmiş yerlər, namizədlərin təşviqat işləri üçün yaradılmış şərait barədə qarşılıqlı fikir mübadiləsi aparılıb.