Atasının qatilini 27 il sonra öldürən Sumqayıtlı qisasçı – HEKAYƏT

804

Sumqayıt qəbiristanlığındakı qətlin təfərrüatları
Tufeng_051209Mayın 18-də Sumqayıt şəhərində qəbiristanlıqdakı yas mərasimində baş verən qətl hadisəsi barədə yeni detallar üzə çıxıb.

Cinayəti törədən Yusif Həşimovun 1 yaşında ikən öldürülən atasının qisasını aldığı deyilirdi. Lent.az-ın araşdırmasına görə isə Y.Həşimov həmin vaxt ana bətnində olub.

Tarixçə

Mayın 18-də Sumqayıt şəhər Polis İdarəsindən yayılan məlumatda deyilirdi: Saat 16.00 radələrində, Sumqayıt şəhəri Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda qətl hadisəsi qeydə alınıb. Bacısının “40 mərasimi”nə qatılan Bakı şəhər sakini, 60 yaşlı Rafiq Məmmədov odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində hadisənin Tağıyev qəsəbə sakini, 26 yaşlı Yusif Həşimov tərəfindən törədildiyi müəyyənləşib. Polis tərəfindən saxlanılan Y.Həşimov qətli qisas məqsədi ilə törətdiyini bildirib.

Media orqanlarının verdiyi məlumata əsasən, Yusif Həşimovun atası Əlibala Həşimov övladının 1 yaşı olarkən Rafiq Məmmədov tərəfindən öldürülüb.

Qisasçı gənc atası ölərkən dünyada olmayıb

Lent.az-ın müxbiri ilə söhbət edən Rafiq Məmmədovun qohumları 27 il əvvəl hadisə baş verən zaman Yusifin ümumiyyətlə doğulmadığını söyləyib. Həşimovun bacısı Zümrüd Əsgərova və yeznəsi Kamal Əsgərovun söylədiklərinə görə, Ə.Həşimov və R.Məmmədov dost olublar. 1983-cü ildə onların arasında mübahisə düşüb və Həşimov Məmmədovu bıçaqlayıb. Xəstəxanada yatan Məmmədov 12 gün sonra ölüb. Polis Məmmədovu tutan zaman o, Əlibala Həşimovun öldüyünə inanmayıb: “Axı mən onu bıçaqlamayacaqdım”.

Hadisələr baş verən zaman Əlibala Həşimov və yoldaşı Ema Həşimovanın 4 qız övladı olub. Həşimovun həbsindən 5 ay sonra isə Yusif doğulub.

Aradan keçən 27 il müddətində iki ailə arasında münasibətlər normallaşıb. “Xeyirdə-şərdə bir-birilərini görəndə salamlaşırdılar” – deyir Zümrüd Əsgərova.

Rafiq Məmmədov 15 il həbsdə yatıb, çıxır. Sonra 4 il daha məhkum olunub.

Qətldə bir neçə nəfər iştirak edib?

2010-cu ilin may ayında bacısının “40 mərasimi”ndə iştirak edirmiş. Kamal Əsgərovun söylədiyinə görə, onlar qəbiristanlıqda olarkən qonşu qəbirin üstündə 3 qadın ağlayırmış. Onlardan biri yavaş-yavaş Rafiq Məmmədovun bacısının məzarı tərəfə yaxınlaşıb. Daha sonra “tez gəlin, vaxtıdır” qışqırıb. Qəbiristanlıqda qarışıqlıq düşüb və bu zaman məzar daşlarının birin arxasından Yusif Həşimov çıxaraq Rafiq Məmmədovun ürəyinə atəş açıb. Lüləsi kəsilmiş qoşalülə tüfəngdən açılan atəş nəticəsində R.Məmmədov Kamal Əsgərovun qollarında ölüb. Yusifin arxasınca bir neçə nəfər qaçıb. O isə tüfənglə daha bir atəş açaraq, aradan çıxıb.

Rafiq Məmmədovun yaxınları hesab edirlər ki, qadının qəbiristanlıqda kişilər olan tərəfə yaxınlaşması, molla “Quran” oxuyarkən ona fikir verməyərək qışqırıb kimisə çağırması qətlin əvvəlcədən bir neçə nəfər tərəfindən planlaşdırılaraq həyata keçirildiyini göstərir.

Qisasın qisası olmayacaq
Rafiq Məmmədovun yoldaşı, 29 yaşlı qızı və 27 yaşlı oğlu qalıb. Mərhumun yeznəsi Kamal Əsgərov R.Məmmədovun oğluna qisas almamağı tövsiyə edib: “Başa saldıq ki, bu işin axırı yoxdu, sən öldürsən sizin ailədən təzədən kimisə öldürəcəklər. Gəncsən, həyatını çürütmə”. Və ümid edirlər ki, Rafiq Məmmədovun oğlu yenidən qisas almayacaq…

P.S. Həşimovlar ailəsi Lent.az-a danışmaq istəmədi.

Vüqar Baba, LENT.AZ

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər