“Avtomobil parkımız köhnədir. İstismar edilmiş nəqliyyat vasitələrinə vergi və rüsumları, aksiz dərəcələrini nə qədər artırsaq da qiymət və insanların alıcılıq qabiliyyətini nəzərə alaraq son dövrlərdə yeni nəqliyyat vasitələrinə deyil, istismar olunmuş avtomobillərə üstünlük verilir”.
“Yeni Sabah” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası xarici ticarətinin gömrük statistikası ilə bağlı keçirilən brifinqində deyib.
O bildirib ki, ölkəmizdə avtomobil parkının təzələnməsi üçün yeni nəqliyyat vasitələri üzrə gömrük rüsumlarının aşağı salınması və ya alternativ nəqliyyat vasitələrinin, xüsusilə də benzinlə işləməyən vasitələrə üstünlük verilməsi ilə bağlı müəyyən layihələr müzakirə olunur:
“Ekoloji tarazlığı təmin etmək üçün istismarı beş ildən yuxarı olan nəqliyyat vasitələri Azərbaycana gətirilməməli və ya gətirillərsə çox yuxarı vergilər tətbiq olunmalıdır ki, onların ölkəyə idxalı azalsın. Minik avtomobilləri ölkəyə gətirilən zaman onların istismarı insanların sağlamlığına zərər verməməlidir. Bununla bağlı hansı qərar və tövsiyə olarsa müsbət yanaşırıq. Hökumətdə də məsələ ilə bağlı müzakirələr olub. Buna qarşı çıxmırıq, əksinə dəstəkləyirik ki, avtomobil parkımızı son 10 ildə yeniləmək mümkün olsun. Bununla bağlı çalışmalarımız var”.