“Ayağımın altını traktorla qazırdılar”

1023

Elnur Əşrəfoğlundan ittihamlar, etiraflar dolu müsahibə

ATV-də yayımlanan «Futbol Time» verilişinin bağlanması haqda mətbuatda xəbərlər dolaşsa da, dəqiq məlumat yox idi. Son dövrlərin ən yaxşı futbol verilişinin müəllifi və aparıcısı Elnur Əşrəfoğlu ilə söhbətdə isə təkcə «Futbol Time»dan danışmadıq. Jurnalist kimi zəngin karyerası olan Elnur bəylə söhbət uzandıqca uzandı. İttihamlar, etiraflar, təkliflər dolu müsahibəni oxuduqca, söhbətə ayırdığımız vaxtın boşa getmədiyini anlayacaqsız.

«Təzyiqlər olub, özü də yüksək səviyyədə»

– Hər həftənin ilk günü maraqla gözlədiyimiz “Futbol Time» verilişi artıq efirə getməyəcək. Sualı kəsə verəcəm: niyə?
– Açığı, mətbuatda da oxudum, verilişin bağlanması ilə əlaqədar müəyyən versiyalar səsləndi. Guya verilişə təzyiqlər var, guya verilişin sponsoru yoxdu, ona görə bağlanıb. Ancaq bu iki səbəb deyil. Sadəcə, yeni işimlə əlaqədar – qeyd edim ki, bu, heç də idman sahəsi deyil – verilişin dayandırılmasına qərar verdik. ATV rəhbərliyi ilə danışığımız oldu. Dekabr ayının son günlərində müqaviləmiz başa çatırdı. Bu proqram bizə məxsus olan «Olimpiya Production» tərəfindən ATV-də yayımlanırdı və ona görə də biz bu qərarı verdik. Sizin qəzet vasitəsiylə də ATV kanalının rəhbəri Vüqar Qaradağlıya təşəkkürümü bildirirəm ki, veriliş efirə gedən vaxtda bizə gözəl şərait yaratdı. Ən əsası da odu ki, orda sərbəst şəkildə sözümüzü deyə bilirdik. Yəni səbəb də budu ki, yeni işimlə əlaqədar verilişi saxladıq. Başqa səbəb yoxdu.
– Verilişə görə təzyiqlər olurdumu?
– Bir şey deyim. İlk verilişimiz sentyabrın 17-də yayımlandı və efirdə təqdim olunan cəmi 14 proqram doğrudan da böyük rezonans doğurdu. Bilirsiz ki, televiziyada hansısa bir verilişin populyarlıq qazanması, reytinqə sahib olması üçün ən azı bir il vaxt lazımdı. Bu müddət ərzində tamaşaçı auditoriyasını toplamalısan. Biz qısa zaman ərzində, hətta deyərdim ki, ilk ayda verilişə xeyli auditoriya topladıq. Reytinq cədvəllərində də bu vardı ki, kanallar arasında ATV-də yayımlanan “Futbol Time” verilişi ən baxımlı idman verilişi olub. Bu, faktdı. Bunda sizin “Komanda” qəzetinin, Rəşad sənin və əməkdaşlarınızın böyük rolu oldu, verilişə qatıldız. Natiq Muxtarlıya təşəkkürümü bildirirəm ki, Azərbaycan futbolunun inkişafı naminə öz xeyirli fikirlərini səsləndirdi. Dəstək oldular, verilişə dəvət olunanda gəldilər, öz fikirlərini bildirdilər. Bizim məqsədimiz nə idi? Azərbaycan futbolunun inkişafını istəyirdik. İstəyirdik futbol düzgün yolda olsun. Bütün bunlar kompleks şəkildə həll olunmalıdı. Bu gün uşaq futbolunun, klublarımızın inkişafından dəm vururuq. Ancaq fakt göz özündədi ki, bu, belə deyil. Yəni nə millinin inkişafı, nə də uşaq futbolunun inkişafı lazımi səviyyədə deyil. Biz də fikirlərimizi bildirirdik ki, bax, bu cür olmalıdı. Yoxsa biz ora çıxmamışıq ki, kiminləsə düşmənçilik edək, kiminsə haqda qərəzli fikirlər səsləndirək. Bunları etsəydik, heç bu qədər populyarlıq qazanmazdıq. Əlbəttə, verilişin bu cür olması, verilişə sadə insanların qatılması, azad fikirli qonaqların gəlməsi, verilişin canlı yayımlanması, birbaşa sualların səsləndirilməsi, bunlar hansısa futbol məmurlarını qıcıqlandırmaya bilməzdi. Onlar rahat dayana bilməzdilər. Onlar tərəfdən təzyiqlər olub, özü də yüksək səviyyədə. Amma onların təzyiqi nəticəsində veriliş qapanmayıb. Biz bu gün kimisə günahlandıra bilmərik. Bunu Allah görür. Kimsə düzgün addım atmayıbsa, düzgün iş görməyibsə, o öz cəzasını alacaq. Biz düzgün etməmişiksə, biz də cəzamızı alacağıq.

«Onlara kommunist verilişləri lazımdı»

– Səncə, «Futbol Time»ın bağlanmasına üzülənlər, yoxsa sevinənlər çox oldu?
– Ümumiyyətlə, bu veriliş Azərbaycanda olan qara camaatın, qara azarkeşlərin, sözlərini deyə bilməyənlərin verilişi idi. Tamaşaçılar vardı, qatılmasalar da, izləyirdilər. Belələrinin sayı çoxdu. Bu gün də ürəklərindədi o sevgi, o üsyan. Və əlbəttə, onlar təəssüf hissi keçirəcəklər ki, hansısa bir proqrama baxıb ağı, qaranı görürdülər. İstəməyənlər, düşmənlər, paxıllıq edənlər də vardı. Bunlar hər yerdə var. Təəssüf ki, onların sayı az olsa da, bu gün cəmiyyətdə onların sözü keçir, onların rəyi deyilir. Yəni onlar müəyyən rəy yarada bilirlər. Bu gün o siz deyən insanlar hardasa fikir yarada, deyə bilirlər. Ancaq bu o demək deyil ki, onların dedikləri düzdü. Yox, zamana ehtiyac var. Zaman keçdikcə hər şey öz yolunu tapacaq. Bir daha bildirirəm ki, təəssüflənən çox olacaq.
– Ramin Musayevi, Elxan Məmmədovu dəvət etmişdin verilişə?
– Mən hansı kanalda işləmişəmsə, həmişə futbolumuzda rəhbər şəxslərə imkan yaratmışam ki, gəlib sözlərini desinlər.
– Konkret, bu iki şəxsə verilişdə iştirak etmək üçün təklif olunub?
– Bəli, təklif olunub, ancaq gəlməyiblər.
– Səbəb göstəriblər?
– Səbəb kimi məsələn, başqa ölkədədilər kimi bəhanələr tapılıb. Sadəcə, onlar qorxublar ki, veriliş canlı yayımlanır. Tutaq ki, Elxan Məmmədovun yanında Natiq Muxtarlı əyləşib və hansısa düzgün sözün qarşısında Məmmədov xəcalət çəkər, cavab verə bilməz. Ona görə də, onlar bu cür verilişlərdən qaçıblar. Onlara kommunist verilişləri lazımdı.

«Yeni işim idman sahəsi deyil»

– TV məkanında uzun illərdi varsan. Xeyli verilişlərin olub. ATV-dəki veriliş özünü tam rahat hiss etdiyin veriliş idi, yoxsa karyeranda olub belə sərbəstlik qazandığın verilişlər?
– Bunu ilk sualda da qeyd etdim ki, doğrudan da, bizə heç bir maneçilik törədilmədi, qarşımızda heç bir maneə olmadı. Bilirsiz, oyunlardan fraqmentlər də yayımlayırdıq. Sırf peşəkar olaraq, sonradan biz o kadrları yayımlamadıq. Baxmayaraq ki, tamaşaçılar istəyirdilər kadrlar olsun və epizodları görsünlər. Ancaq işimizə peşəkar yanaşaraq o kadrları yayımlamadıq. Çünki yayım hüququna bizim kanal malik deyildi. Yenə deyirəm, heç bir maneə yox idi. Ancaq inandırım sizi, hətta dövlət televiziyasında bir vaxtlar aparıcısı olduğum “Futbol+qol”, “Futbol Time” kimi verilişlərdə də həmişə çalışmışıq azadlıq olsun. Heç orda da rəhbərlik tərəfindən bizə təzyiqlər olmayıb. Hətta «Space»də də olmayıb. Baxmayaraq ki, o veriliş haqqında da müəyyən fikirlər səsləndirilirdi. Orda da sözümüzü demişik. Ümumiyyətlə, mənim özəlliyim odu ki, həmişə verilişlərimi canlı yayımda edirəm. Bu gün mən azad jurnalistəm. Azarkeşləri verilişimə çağırıramsa, onlar sözlərini sərbəst şəkildə deməlidilər. Hər şey göz önündədi, mən heç kimin sözünü kəsmirəm, o insanın fikrinə əks olaraq hansısa bir fikrimi bildirə bilərəm. Mənim fikrimlə o razılaşmaya bilər, bunlar isə verilişin maraqlı olması üçün müəyyən detallardı. Ancaq hər yerdə bu cür olmayıb. Çünki zaman fərqlidi, şərtlər fərqlidi və belə bir dönəmdə hər kanal bunu etməzdi ki, ATV etdi.
– Verilişə qonaq seçimində çətinliklə üzləşirdin?
– Artıq neçə illərdi sən də Azərbaycan futbolunda fəaliyyət göstərirsən və çox gözəl bilirsən ki, danışmağı bacaran, peşəkarcasına fikirlərini bildirən, oyunları analiz edən azarkeş olsun, futbol mütəxəssisi olsun, məşqçi olsun, futbolçu olsun, çox azdı. Yəni bunu hamı çox yaxşı bilir. Min futbolçu içərisindən 10 nəfər seçə bilərsən ki, normal danışa, ünsiyyətdə ola bilər. Təəssüf ki, bu problem tək futbol sahəsində deyil, digər sahələrdə də var. Yəni bu gün biz Türkiyə, Rusiyadakı verilişlərə ona görə həsədlə baxırıq ki, onlarda auditoriya fərqlidi, qonaqlar fərqlidi. Belə şeylərdə əziyyət çəkirdik. Elə adam olub ki, 14 veriliş ərzində üç dəfə verilişə qonaq gəlib. Maraqlıdı ona görə dəvət olunub. O cür insanlar olsa, niyə dəvət etməyək, niyə gəlib sözlərini deməsinlər?
– Elnur, yeni işin də futbolla bağlıdı?
– İdmandan kənar bir sahədi. Bunu müəyyən müddət sirr olaraq saxlayaq. Onsuz da biləcəklər, tapacaqlar. Bakı şəhəri balaca yerdi, böyük meqapolis deyil ki, çətinliklə tapsınlar. Bu vaxta kimi mən özümü doğruldum ki, insanların şər-böhtanları keçməsin. Siz bilirsiz ki, mən təqib olunmuşam, mənə qarşı təqiblər çox olub. Ona görə də gəlin bunu sirr olaraq saxlayaq. Ancaq yeni işim idman sahəsi deyil. Buna da təəssüflənirəm.

«Nəyə görə o kanala qayıtmayım?»

– Ölkənin yeganə idman kanalının yaradılmasında sənin də zəhmətin olub. Amma səni orda görmədik. Nə baş verdi ki, «İdman Azərbaycan»da Elnur Əşrəfoğluna yer tapılmadı?
– Mən dövlət televiziyasında 16 il işləmişəm. 1993-cü ildə 18-19 yaşım olardı o kanala gələndə. İdmana böyük marağım olub. Televiziyadan əlavə, bilirsiz mən yazılı mətbuatda da işləmişəm, «525-ci qəzet»in «şinel»indən çıxmışam. Hətta bir dönəm «Azərbaycan» qəzetində də işləmişəm. Televiziyada isə hansısa siyası proqramda işləsəm də, idman tipli verilişlərə, süjetlərə daha çox meyl göstərmişəm. Sonra idman verilişlərimiz oldu. Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Amma o vaxtlar belə deyildi. Yaxınlarda təsadüfən bir tamaşaçı ilə rastlaşdım. Heç tanımırdım kimdi, yaşlı nəslin nümayəndəsi idi. Onun mənə dediyi sözü sizə deyim: «Oğlum, sən öz verilişlərinlə müstəqil Azərbaycana dünya idmanını gətirdin». Bu, tamaşaçının qiymətidi. Biz voleyboldan, xokkeyden, amerikan futbolundan və s. idman növlərindən xəbər verəndə, bunlar televiziya məkanında yox idi. Hətta indi də insanların çoxu bu idman növünün qaydalarını bilmirlər. Bu dönəm ərzində biz bu işləri gördük. Bunların məntiqi nəticəsi olaraq, Azərbaycan mətbuatı 1994-cü ildən başlayaraq idmanın inkişafına xeyli diqqət göstərdi ki, bu da təsadüfi deyildi. 1997-ci ildən İlham Əliyev Olimpiya Komitəsinə prezident gəldikdən sonra idmanın inkişafına xeyli diqqət göstərdi. Bu kanalın ideyasını verən isə cənab prezidentimiz idi. «İdman Azərbaycan»ın fəaliyyətə başlamasında isə mənim də əməyim az deyil.
– Bəs sonra nə baş verdi?
– «İdman Azərbaycan»ın rəsmi olaraq rəhbəri olmamışam. Azərbaycan televiziyasında İdman Proqramları redaksiyasının baş redaktoru idim və həmin vaxtlar bu kanal o bazanın tərkibində fəaliyyət göstərirdi. «İdman Azərbaycan»da o vaxtkı canlı verilişlər bugünkü verilişlərdən çox fərqlənirdi. İşə peşəkar yanaşırdıq. Kimdənsə yaxşı bir şey öyrənmək eyib deyil, öyrənməmək eyibdi. Ordan ayrılmağa gəlincə, dostluq, yoldaşlıq etdiyim, inandığım, ürəyim istəyən insanlar bəzi şeyləri qəbul edə bilmədilər. Xəbərim olmadan onlar ayağımın altını «lopatka» ilə… «lopatka» ilə yox, traktorla qazırdılar. Mən isə onlara inanırdım. Bu insanları isə hamı tanıyır… Bu gün həmin insanlardan orda çalışanlar da var, çalışmayanlar da. Hətta etdiklərinin cəzasını da aldılar. Mən “Neftçi”də işlədiyim vaxtlarda elələrindən biri hətta bağışlanmasını istədi. Dedim əstağfürullah, biz bəndəyik, kimik ki, Allah görür. Demirəm ki, mən mələyəm, qanadlarım var, qanad açıb kanalın üzərində uçmalıyam. Yox. Mənim də səhvlərim olub. O işimi itirməkdə mənim də səhvlərim olub… Ancaq bu gün də deyirəm, həmin o kanalın rəhbəri Arif Alışanov özü idmanı çox sevən insandı. İdmanı sevən adam isə heç zaman pis adam ola bilməz. O dönəmdə belə məsləhət oldu deyə, mən getdim. Bu gün Azərbaycan televiziyasında hörmət etdiyim çox insanlar var. Yeniyetmə illərim orda keçib. O kanal mənə doğmadı, hətta bu gün də oranın hansısa tini üçün, otağı üçün darıxıram. İnşallah, bəlkə də zaman gələr, Arif müəllim dəvət edər, gedərik və öz işimizi yüksək səviyyədə görərik. Lakin bugünkü gündə kanal «axsayır», «axsamağının» da səbəbi odu ki, kanala peşəkar dərəcədə yanaşmırlar.
– Yəni ordan dəvət gəlsə, tərəddüdsüz qayıdacasan?
– Mən Azərbaycan idmanının əsgəriyəm. 1991-ci ildən idman mətbuatıyla bağlıyam. Bu, az müddət deyil. 22 ildi Azərbaycanda idman jurnalistiyəm. Azərbaycanda Beynəlxaq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, Beynəlxalq Futbol Federasiyası, Avropa Futbol Təşkilatı – hamısı ilə jurnalist kimi işləmişəm. Platinidən, Blatterdən tutmuş bir çox məşhur futbol adamlarına kimi, kimdən desən, müsahibə almışam. Hansı idman ulduzunu deyim: Maykl Cordanımı, Maradonanımı, Pelenimi deyim? Bu insanlarla ünsiyyətim olub. Dünyanın 91 ölkəsində olmuşam. 1996-cı ildən yay olimpiya oyunlarına akkreditasiya olunan beynəlxalq jurnalist olmuşam, üç qış olimpiya oyunlarında olmuşam. Hələ dünya və Avropa çempionatlarını demirəm. Açığını deyirəm, buna mənim haqqım da var. Nəyə görə o kanala qayıtmayım? Dəvət olsa, Azərbaycan idmanının əsgəri olduğuma görə, gedib yenə canla-başla işləyərəm. Çünki işimiz budu. Yeni işim idmandan uzaq olduğu üçün ürəyimcə deyil. Belə bir deyim var, ancaq 40 yaşa qədər risk etmək olar. Biz də artıq 40-a yaxınlaşırıq. Yəni bunu gözümün önünə gətirərək idmandan kənarda iş qururam. Həm də bir az zaman keçsin. Ola bilsin 1 ay, 6 ay, 3 il olsun. Kənardan izləyək bu prosesləri. İdmanı, futbolu kənardan izləmək bir qədər asan olar. O zaman daha soyuq başla bunları analiz edə bilirsən.
– «İdman Azərbaycan»dan danışırıqsa, səncə, telekanalda bu gün nəyi dəyişmək lazımdı?
– Elə birinci onu deyim ki, idman kanalının işə 12-də başlaması düzgün deyil. İdman kanalı işə başlamalıdı səhər saat 8-dən. Hər bir insan evdən çıxıb işə gedəndə idman xəbərlərini izləməlidi. İdmanın niyə səhər proqramı olmasın? Olmalıdı! Müğənni çağırırsan, çağır, idman proqramında oxusun. Beş müğənni çağır, oxusunlar, həm də idmanı ver. Gözəl bir aura yaransın. Bu ideyanı verdim, qalanı peşəkarların işidi.

Rəşad /”Komada” qəzeti

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər