Ötən ilin dekabr ayının 11-də AZXEBER.COM informasiya portalında “Həbs edilən Dövlət Gömrük Komitəsinin polkovnik-leytenantı Aydın Əliyevin yaxın adamı imiş – TƏFƏRRÜAT” başlıqlı informasiya dərc edilib. Məlumatda Dövlət Gömrük Komitəsinin (DGK) sabiq əməkdaşı, dövlət gömrük polkovnik-leytenantı Həsənov Rəhim Səlim oğlunun Dövlət Gömrük Komitəsinin rəhbəri Aydın Əliyevlə yaxın əlaqələri olduğu və onun əməllərindən Aydın Əliyevin xəbardar olduğu qeyd edilib.
Lakin bu xəbər öz təsdiqini tapmayıb. Sözügedən xəbərdən sonra DGK-nın keçmiş sədri Aydın Əliyev saytı məhkəməyə verib. AZXEBER.COM informasiya portalı bununla bağlı təkzib materialı da yayıb və Aydın Əliyevin işgüzar nüfuzuna vurduğu zərərə görə ondan üzr istənilib.
Daha sonra A.Əliyev Unikal.org-a açıqlamasında isə bildirib ki, Asəf Rzayevin təşəbbüsü ilə artıq həmin gəncləri bağışlayıb və vəkili iddia ərzisini geri götürüb:
“Jurnalistlər səhvlərini başa düşərək üzr istədilər. Mənim haqqımda aparılan təzyiqlərə, kampaniyaya görə yox, şəxsən Asəf Rzayevin təşəbbüsündən sonra o gəncləri bağışladım. Siz hörmət etdiyim media nümayəndəsisiniz. Bu gün Ulu öndər Heydər Əliyevin 95 illiyidir. Fürsətdən istifadə edib demək istəyirəm ki, ulu öndər Heydər Əliyevin istədiyi kimi, mən də gənclərimizin sağlam mühitdə böyüdüyünü görmək istəyirəm”.