09 aprel 2011-ci ildə “Gənclərin Rəyi” Araşdırma Mərkəzinin “Gənclərin Düşüncə Klubu”nun təşkilatçılığı ilə Sumqayıt İnformasiya Texnologiyaları Akademiyasında “Azərbaycanda Makro İqtisadi Vəziyyət: Yeni Trendlər və Struktur Problemlər” mövzusunda muhazirə təşkil edildi. Mühazirəni giriş sözü ilə açan təşkilatın təsisçisi İsmayıl Kərimov təşkilatın “Gənclərin Düşüncə Klubu” çərçivəsində ilk mühazirənin təşkil edildiyini vurğulayaraq bu cür mühazirələrin məqsədi haqqında məlumat verdi. O, bu cür mühazirələrin davamlı keçirilməsinin əsas məqsədinin ölkədə və dünyada baş verən proseslərə elmi –konseptual aspektindən yanaşmaq vərdişlərini gənclərə aşılamaq və gənclərin elmi bacarıqlarının artırılmasıdır. Sonra mühazirəçi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Azərbaycan-Türkiyə İş Adamları Birliyinin Layihələr və Tədqiqatlar Departamentinin müdiri, Milli Büdcə Qrupunun eksperti Kənan Aslanlı mövzu ətrafında iştirakçılara öz mühazirəsini təqdim etdi. Kənan Aslanlı ÜDM, iqtisadı artım mənbələri, ÜDM-n sektoral mənbələri, əmək bazarı, ixracat strukturu, neft və qeyr-neft sektoru, büdcə gəlirlərinin strukturu və sektoral bölgüsü, maliyyə-kredit bazarının strukturu və digər parametrlər baxımından Azərbaycanda makro iqtisadi vəziyyəti haqqında analitik məlumatları çatdıraraq, müxtəlif illər üzrə müqayisəli təhlillərlə makro iqtisadiyyatımızın yeni trendləri haqqında məlumat verdi. O, makro iqtisadiyyatın inkişafında qeyri-neft sektorunun inkişaf etdirilməsinin, texnologiya və əmək faktorunun proporsional bölgüsünün əhəmiyyətli olduğunu vurğuladı. Mühazirə əsnasında gənclərin sualları cavablandırıldı və mövzu ətrafında müzakirələr aparıldı. Müzakirələr əsnasında gənclər makro iqtisadiyyatın inkişafı üçün qeyri-neft sektorunun payının artırılmasını, maliyyə-kredit sisteminin və büdcə idarəçiliyinin təkmilləşdirilməsinin zəruri olması qənaətinə gəldilər.
Sonda İsmayıl Kərimov bu cür elmi mühazirələrin davamlı təşkil ediləcəyini, Sumqayıt şəhərində gənclərin elmi sahədə bacarıqlarını artırmaq üçün bu şəbəkənin genişləndirilməsini və “Gənclərin Düşüncə Klubunu”nun işinin təkmilləşdirilməsinin iştirakçı gənclərin əks əlaqəsi ilə verəcəyi təklif və iradlarında çox asılı olduğunu bildirərək bu məsələdə gəncləri əməkdaşlığa dəvət etdi.