Azad Suriya Ordusu ilə Sumqayıtı nə birləşdirir? – ARAŞDIRMA – FOTOLAR

1284

 Vüsal Məmmədov   araşdırır

Hər halda, Əfqanıstanda mücahid hərəkatına qoşulan sumqayıtlı gənclərin buradan digər qaynar nöqtələrə keçdiyi istisna deyil

Məlum olduğu kimi, bir müddət öncə Suriya hökuməti bu ölkədə dövlətə qarşı vuruşan silahlılarla bağlı BMT-yə şikayət məktubu göndərdi və qurumun Təhlükəsizlik Şurasına “Suriya ərazisində terrorçuluq fəaliyyəti həyata keçirərkən” öldürülmüş 143 əcnəbi vətəndaşın siyahısını təqdim etdi.

Təəssüf ki, həmin siyahıda azərbaycanlıların da adı var idi. Ümumi olaraq siyahıda Qətər, Səudiyyə Ərəbistanı, Tunis, Misir, Sudan, Liviya, Əfqanıstan, İordaniya, Türkiyə, Azərbaycan, Yəmən, İraq, Küveyt, Livan, Əlcəzair, Çad, Pakistan, Rusiya vətəndaşları və fələstinlilərin olduğu qeyd olunurdu.

 Ümumiyyətlə, Suriyada hökumətə qarşı silahlı müqavimətin başlamasından az sonra müxalif qrupların arasında xaricdən gələn döyüşçülərin olması ilə bağlı məlumatlar yayılmışdı. Bu ilin yayında Qərb informasiya agentlikləri Suriyanın Hələb şəhərində döyüşən üsyançılar arasında azərbaycanlının olması ilə bağlı xəbər yaydılar.

Bir qədər sonra isə Suriyada döyüşlərdə öldürülən azərbaycanlılar haqda məlumatlar verildi. İlk dəfə bir neçə ay əvvəl Suriyanın rəsmi SANA agentliyi Hələbin Əl-Atareb və As-Safira rayonlarında müxaliflərlə döyüş zamanı müxalif qruplaşmanın rəhbəri Ubeyda Əl-Masri və qrupun üzvü, Azərbaycan vətəndaşı Xasin Kazlinin (ad və soyad ərəb orijinalından götürülüb və fərqli ola bilər) öldürüldüyü barədə məlumat verdi.

Oktyabr ayında isə istiqamət.com saytı Suriyadakı mənbələrə istinadən hökumət qüvvələrinə qarşı döyüşlərdə öldürülmüş iki azərbaycanlının şəkillərini yaydı. Bunlar Suriyanın İdlib və Hums şəhərində gedən döyüşlərdə qətlə yetirilən azərbaycanlılar Azad Suriya Ordusu sıralarında vuruşan İbrahim Əl Azəri və Əbu Hənifə adlı şəxslər idi .

Noyabrın əvvəllərində isə Suriyada 1975-ci il təvəllüdlü Qusar rayon sakini Zaur İslamovun meyitinin şəkilləri yayıldı.

Sumqayıtlı gənclərin münaqişə zonalarına getməsi və buradakı sonrakı taleləri ilə bağlı dəfələrlə materiallar dərc etmişik. Ötən yaxın onilliklər ərzində xüsusilə Şimali Qafqazda, Pakistan və Əfqanıstanda döyüşən xarici mücahidlərin arasında azərbaycanlılar da olub. Onların içərisində isə sumqayıtlılar. Bir neçə il əvvəl isə Pakistanda “Taliban” döyüşçülərinin arasında azərbaycanlılar olması ilə bağlı məlumatlar mediada yayıldı. Eyni zamanda, Azərbaycanı tərk edərək İrana, oradan da Əfqanıstana keçən bir neçə həmvətənimizin adı “Əl-qaida” terror təşkilatı ilə birgə çəkildi. Ötən müddətdə bu döyüşçülərin bir çoxu Azərbaycana qayıtdıqdan sonra MTN tərəfindən həbs olunub. “Qarabağ partizanları”, həmçinin “Meşə qardaşları” adlandırılan qrupların üzvləri, həmçinin ayrı-ayrı şəxslər sadalanan bölgələrdə silahlı birləşmələrin tərkibində vuruşub. Əfqanıstanda döyüşmüş Azər Misirxanov, Vüqar İsayev, həmçinin 2008-ci ildə 40 ABŞ hərbçisinin ölümünə səbəb olan partlayışı törətdiyi bildirilən Əbu Ömər Ləzgi ləqəbli və digər onlarla faktlar mövcuddur. Həmçinin 2002-ci ildə Pakistan-Əfqanıstan sərhədində həbs olunan Polad Siracov daha sonra bir neçə il Quantanamoda saxlanılmışdı. P. Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetində iqtisad fakültəsini bitirib və bir müddət Rusiyada fəaliyyət göstərən türk şirkətində çalışıb.

Sumqayıtlı Zaur Aslanovun adı isə “Əl-qaida”nın nüfuzlu komandirlərindən biri kimi hallanırdı. Bir müddət öncə dünya mediası Əfqanıstan-Pakistan sərhədində öldürülən “Əl-qaida”çıların “nüfuzlu komandiri” kimi Z.Aslanovun da adını və fotosunu dərc etmişdi.

Başqa bir sumqayıtlı gəncin taleyi də qaranlıqdır: Cabir Mustafayev. Bir müddət öncə İnterpolun axtarışında olan (terrorçu kimi) C.Mustafayevin daha sonra Əfqanıstan ərazisində əməliyyatlar zamanı həlak olduğu söylənildi. Ancaq məlumatı dəqiqləşdirmək təbii ki, mümkün deyildi.

***

Milli təhlükəsizlik naziri Eldar Mahmudov mətbuata açıqlamasında bildirib ki, son bir neçə il ərzində MTN tərəfindən Əfqanıstan və Pakistanın nəzarətsiz ərazilərinə gedib, orada “Əl-Qaidə” terror təşkilatının və “Taliban”ın silahlı birləşmələrinin tərkibində hərbi təlimlərdə və əməliyyatlarda iştirak etmiş Azərbaycanın bir qrup vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib: “Belə şəxslərdən 18 nəfəri barəsində cinayət işləri məhkəməyə göndərilib, 4 nəfər barəsində beynəlxalq axtarış elan olunub. Tərəfimizdən tam zərərsizləşdirilən ”Meşə qardaşları” adlı silahlı birləşmənin axtarışda olan, 2008-ci ilin avqust ayında “Əbu-Bəkr” məscidində terrorçuluq əməllərində iştirak etmiş və sonra xaricdə gizləndiyi müəyyən edilmiş fəal üzvü bu günlərdə tutularaq ölkəyə gətirilib və istintaqa təhvil verilib”.

Maraqlıdr ki, azərbaycanlı mücahidlərlə bağlı məlumatların gündəmdə qalmasında erməni tərəfi, Ermənistan KİV-i maraqlı görünür.

“Voskanapat” radiosunun məlumatına görə, Azərbaycanın Suriyada hökumət əleyhinə olan qüvvələrə yardım etməsi barədə məlumatı hələ oktyabrın əvvəllərində İranın “Arannyus” saytı da yayıb. Məlumatda  yardım məqsədilə 500 min avronun verildiyi iddia edilib.

“Voskanapat” iddia edir ki, Azərbaycan və Türkiyə Suriyanın İdlib əyalətini müxalifətçilərin məskəninə çevirib: “Azərbaycanlılar Suriyaya gəlməzdən əvvəl Hatayda xüsusi hazırlıq keçirlər. Bundan başqa azərbaycanlılar Türkiyədəki “Apaydın” düşərgəsinə gətirilirlər”.

Qeyd edək ki, noyabrın 9-da İran saytı olan “Arannyus” Suriyanın dövlət televiziyasına istinadən öldürülənlər arasında İslamov soyadlı azərbaycanlının da olduğunu bildirib. Zaur İslamov adlı bu şəxsin 1975-ci ildə Azərbaycanda doğulduğu qeyd olunub və onun fotoşəkli yayılıb. Bundan başqa daha 3 azərbaycanlının öldürüldükdən sonra fotoşəklinin çəkildiyi bildirilib.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər