Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76 -cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən müzakirələrində bir daha prinsipial mövqeyini nümayiş etdirdi, vacib və aktual məsələlərə toxundu. Ölkə başçısı videomüraciət formatındakı çıxışında həm də önəmli məsələlərlə bağlı çağırışlar etdi.
BMT Baş Assambleyasının bu ilki ümumi müzakirələri ölkəmiz üçün xüsusi əhəmiyyət kəsb edirdi. Belə ki, Vətən Müharibəsində Azərbaycanın möhtəşəm qələbəsindən sonra Prezident İlham Əliyev dünya ictimaiyyətinə müzəffər Ali Baş Komandan kimi müraciət edirdi və qalib Azərbaycan xalqını təmsil edirdi.
Azərbaycan Prezidenti çıxışında Ermənistanın 30 il ərzində həyata keçirdiyi işğalçılıq siyasəti, cinayətkar hərəkətləri, etnik dözümsüzlük, postmüharibə dövründə Cənubi Qafqazda təzahür edən yeni reallıqlar barədə danışaraq, həqiqətləri bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Ölkə başçısı bildirdi ki, Ermənistan qəbul olunmuş beynəlxalq qətnamə və qərarlara məhəl qoymamış və 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamışdır. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edirdi. Lakin Ermənistan bu və BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlara məhəl qoymamışdır.
Münaqişənin son iki ili ərzində Ermənistan qəsdən danışıqlar prosesini məhv etdiyini vurğulayan Prezident İlham Əliyev Ermənistan hökumətinin apardığı məkirli siyasətdən danışdı. Ölkə başçısı qeyd etdi ki, Ermənistan hökuməti “Qarabağ Ermənistandır və nöqtə” və “bir qarış belə işğal olunmuş torpaq qaytarılmayacaq” kimi bir sıra təxribatçı bəyanat və hərəkətlərə yol verdi. Ermənistanın o vaxtkı müdafiə naziri açıq şəkildə Azərbaycanı yeni təcavüz və yeni işğal ilə hədələdi. Ermənistan qəbuledilməz və əsassız “yeddi şərt” irəli sürərək, danışıqlar formatının dəyişdirilməsi, danışıqlara sıfırdan başlanılması və Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə yaradılmış qondarma rejimin danışıqlar prosesinə cəlb edilməsini tələb etdi. Danışıqların formatının və mahiyyətinin dəyişdirilməsi cəhdi Ermənistanın məsuliyyətsiz və təhlükəli hərəkətləri səbəbindən fəaliyyəti iflic olmuş ATƏT-in Minsk qrupunun həmsədrləri üçün xoşagəlməz sürpriz oldu.
Qanunsuz məskunlaşma məsələsinə toxunan Azərbaycan Prezidenti bildirdi ki, Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququn kobud şəkildə pozulması ilə Ermənistan açıq şəkildə qanunsuz məskunlaşdırma siyasətini həyata keçirərək, əsasən Yaxın Şərqdən olan erməni əsilli şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirirdi. İllər ərzində hökm sürən cəzasızlıqdan ruhlanan Ermənistan təcavüzün nəticələrini möhkəmləndirmək və qanunsuz məskunlaşdırmanı sürətləndirmək üçün Ermənistandan işğal olunmuş ərazilərimizə yeni yolun inşa ediləcəyini bəyan edirdi.
Ermənistan Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi
Bütün bunlara baxmayaraq Azərbaycan məsuliyyətli ölkə olaraq münaqişənin həllində sona qədər sülh və diplomatik danışıqlar üsuluna sadiq qaldı. 2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar Köçəryan-Sarkisyan rejimi devrildi. Ermənistanın yeni hökumətinin ciddi şəkildə danışıqlarda iştirak edəcəyi ilə bağlı müəyyən ümidlər var idi. Azərbaycan Ermənistandan gələn istənilən müsbət siqnala cavab verməyə hazır idi. 2018-2019-cu illər keçmiş təmas xəttində ən sakit dövrlərdən biri idi. Lakin, Azərbaycanın müsbət addımlarına baxmayaraq, Ermənistanda rejimin dəyişməsi real dəyişikliklərlə nəticələnmədi. Ermənistanın yeni hökuməti də Azərbaycanla dinc qonşuluq əvəzinə, işğalın davam etdirilməsi yolunu seçdi.
Prezident İlham Əliyev bir daha dünya ictimaiyyətin diqqətinə həqiqətləri çatdırdı, müharibənin başlama səbəblərindən danışdı. Ölkə başçısı qeyd etdi ki, 2020-ci ilin iyul ayında Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi. Azərbaycanın Tovuz rayonu istiqamətində açılmış artilleriya atəşi nəticəsində 13 hərbçi və mülki vətəndaş həlak oldu. Daha sonra avqust ayında Ermənistanın diversiya qrupu keçmiş təmas xəttini keçərək Azərbaycan hərbçilərinə və mülki şəxslərə qarşı terror aktları törətməyə cəhd etdi. Sentyabrın 27-də Ermənistan Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücuma başladı. Buna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı.
44 günlük müharibə ərzində Azərbaycan işğal olunmuş ərazilərinin böyük bir hissəsini, o cümlədən Cəbrayıl, Hadrut, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini azad etdi. Ümumilikdə, döyüş meydanında 300-dən çox şəhər və kənd azad edilmişdir. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atmağa məcbur oldu. Beləliklə, Ermənistan öz qoşunlarını Azərbaycanın digər ərazilərindən – Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildi.
Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü döyüşərək təmin etdi. Ölkə başçısı vurğuladı ki, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü döyüşərək təmin edir.
Beləliklə, Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Artıq Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonaları yaradılıb. Ərazilərimizə istinad edilərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verilməməlidir.
Prezident İlham Əliyev Azərbaycanın Vətən Müharibəsi nəticəsində regionda yeni yaratmış olduğu reallıqlara nəzər saldı, ölkəmizin regionda davamlı sülh istədiyini bir daha bütün dünyaya çatdırdı. Ölkə başçısı geniş və məzmunlu çıxışı ilə bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı ki, Azərbaycan sülhün, əməkdaşlığın tərəfdarıdır.
Rüfət Mahmudzadə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini