Azərbaycan bütün gücünü səfərbər edərək yeni reallıq yaratdı

789
Azərbaycan Respublikası Milli Məclisinin 44 saylı Sumqayıt – Xızı seçki dairəsinin deputatı
Müşfiq Məmmədli
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin başladığı ilk gündən ölkəmizə qarşı qarşı qərəzli münasibətin, ikili standartların şahidi olmuşuq.  Münaqişədə təcavüzkar tərəflə təcavüzə uğramış tərəf eyniləşdirilir, onların birgə dil tapması, ümumi kompromislərə gedilməsi və Azərbaycan üçün digər uyğun olmayan şərtlər, uyğun olmayan tələblər irəli sürülürdü. Bir çox hallarda beynəlxalq ictimaiyyət də BMT Təhlükəsizlik Şurasının qərarları və digər hüquqi sənədlərə əks olaraq birtərəfli mövqe tutur, hətta bəzən Azərbaycan tərəfini günahlandırırdılar. Bütün bunlar onu göstərirdi ki, Azərbaycana qarşı haqsızlıq var, ikili standartlar var.
Azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti, yaşayış məskənlərinin dağıdılması, insanların öz doğma yurdlarından ayrı düşməsi kimi bir reallıqla barışmaq təklif olunurdu. Azərbaycan tərəfindən münaqişənin unudulması istənilir və mövcud status-kvonu qəbul olunması, bununla da öz ərazilərinin bir hissəsinin itirilməsi  kimi qəbuledilməz şərtlər irəli sürülürdü.
Ən təhlükəlisi və dəhşətlisi ondan ibarət idi ki, bütün bu təkliflər Ermənistan tərəfinin təxribatları, atəşkəsi pozaraq mülki əhalini və hərbçilərimizi həlak etməsi fonunda baş verirdi.
Ermənistanın havadarları olan dövlətlər istər aprel döyüşlərində, istərsə də iyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş verən təxribatlar zamanı bəzən güzəştli qiymətlərlə, bəzən təmənnasız şəkildə qarşı tərəfi silahlandırmaqla məşğul idi.
Hətta münaqişənin kəskin dövründə belə silah yardımı, loqistik və digər məsələlərdə dəstəyin şahidi olduq. Bütün bunlar onu göstərdi ki, Azərbaycan təkcə qarşısındakı düşmənlə deyil, eyni zamanda ölkəmizə qarşı haqsız mövqedə olan digər dövlətlərlə də qarşı qarşıya qalmışdır.
Lakin ölkə rəhbəri, Cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan bütün bu “reallıqları” darmadağın etdi, özü yeni bir reallıq yaratdı. Bu reallıq ərazilərimizin toxunulmazlığı, işğalçının torpaqlarımızdan qovulması, beynəlxalq hüququn normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası və Azərbaycan Silahlı Qüvvələrinin, Azərbaycan xalqının möhtəşəm qələbəsi idi. Bu reallıq artıq dünyanın bütün aparıcı gücləri tərəfindən qəbul olunmuşdur. Azərbaycan tərəfinin hətta münaqişə dövründə atdığı humanist addımlar da bir daha sübut etdi ki, Azərbaycanın bir məqsədi vardır: ərazi bütövlüyünü bərpa etmək.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-həmlə əməliyyatları bir daha ordumuzun gücünü, qüdrətini ortalığa qoydu. Ölkəmiz döyüş meydanında sübut etdi ki, Azərbaycanın Silahlı Qüvvələri ən müasir silahlarla təchiz olunmuşdur və 21-ci əsrin  müharibəsini aparmaq iqtidarındadır.
Cənab Prezidentin rəhbərliyi altında istər döyüş, istərsə də informasiya və diplomatiya cəbhəsində aparılan uğurlu siyasətin nəticəsində 44 günlük Vətən müharibəsi Azərbaycanın parlaq qələbəsi ilə başa çatdı. Sözsüz ki, bundan sonra da ordumuz daha da təkmilləşəcək, güclü ordusu ilə ərazi bütövlüyünü göz bəbəyi kimi qoruyacaqdır.
Bu münaqişədə bizim üçün çox mühüm olan tarixi dərslər vardır. Bu tarixi dərslər ondan ibarətdir ki, Azərbaycan mütəşəkkil və vahid ideya ətrafında birləşmədiyi zamanlarda, münaqişənin ilk illərində çox böyük ruh düşkünlüyü yaranmışdır və bunun nəticəsində torpaqlarımız işğal olunmuşdur. Tarixi dərslər həm də ondan ibarətdir ki, Azərbaycanın başında səriştəsiz, müxtəlif şüarlarla silahlanmış, real həyatda isə heç bir iş görməyən indiki dağıdıcı müxalifət qüvvələrinin, hansı ki, bir zamanlar hakimiyyətdə idilər, onların səriştəsiz fəaliyyəti, dünyadakı gedən ictimai-siyasi proseslərdən doğru dürüst baş çıxarmamaları, bəzən isə xəyanətkar hərəkətləri nəticəsində Azərbaycan böyük ərazi itkilərinə məruz qaldı. Xalqımızın başına böyük fəlakətlər açıldı, ölkəmiz demək olar ki, bütün sahələrdə geriləmələrə məruz qaldı.
Biz indi olduğu kimi mütəşəkkil, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi  altında birləşdikdə, hansı uğurlara nail olduğumuzun şahidi olduq.  Bütün bunlar onu göstərir ki, biz şəxsi və qrup maraqlarından daim uzaq durmalıyıq, vahid milli ideya ətrafında sıx birləşməliyik. Bizim bir amalımız olmalıdır: Azərbaycanın müstəqilliyi, azad olunmuş torpaqlarımızın müdafiəsi və ölkəmizin iqtisadi inkişafı. Bu yolda biz qurucu və konstruktiv münasibətdə olmalıyıq. Hətta siyasi baxışlarımız müxtəlif olsa belə. Təbii ki, xəyanətkarlara aramızda yer olmamalıdır!
Xüsusilə Azərbaycan xalqının öz lideri, cənab İlham Əliyevin ideyaları ətrafında sıx birləşməsi və dəmir yumruğu yaradaraq düşmənin başına sarsıdıcı zərbə endirməsi onu göstərdi ki, Azərbaycan bir daha AXC-Müsavat cütlüyünün xəyanətkar və öz xalqını fəlakətlərə aparacaq tarixi keçmişini unutmamışdır. Azərbaycan xalqı bu tarixi keçmişin dönməsinə heç bir zaman imkan verməyəcəkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər