Azərbaycan cəbhədə 16, Ermənistan isə 36 hərbçi itirib – ANALİZ

1124

 Təmas xəttində atəşkəs pozuntuları 2 dəfə artıb

 

2012-ci il ərzində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəs rejimi iyun ayının ilk ongünlüyündə cəbhənin bütün istiqamətlərində gedən aramsız döyüşlər istisna olunarsa, 1480 dəfədən artıq pozulub.

 

APA-nın Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlar əsasında apardığı analizin nəticələrinə görə, 2012-ci ildə cəbhədə atəşkəs pozuntularının sayı 2011-ci ilin göstəriciləri ilə müqayisədə 2 dəfədək artıb. Bu dövrdə Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik edən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Qarabağ cəbhəsində və dövlət sərhədində, qoşunların təmas xəttində 24 monitorinq keçirilib.

 

Ən gərgin dövr: mart – avqust

 

APA-nın apardığı araşdırmalara görə, əvvəlki illərdə Ermənistan Silahlı Qüvvələrinin cəbhədə əsasən Yeni il, Novruz bayramı, 26 İyun – Azərbaycan Silahlı Qüvvələr günü ərəfəsində aktivləşməsi müşahidə olunduğu halda, son iki ildə bu tendensiya fərqli istiqamətdə dəyişməyə başlayıb. Bu da əsasən qeyd olunan dövrdə Azərbaycan Ordusunun cəbhə xəttindəki hərbi hissələrinin yüksək döyüş hazırlığı vəziyyətinə gətirilməsi, rəqibin ənənəvi tarixlərdə gözlənilən təxribat hərəkətlərinə zamanında qarşılıq verilərək önlənməsi ilə bağlı olub. Təhlillər göstərir ki, artıq ənənəvi tarixlərdə istədiyi nəticələri əldə edə bilməyən qarşı tərəf fərqli zamanlarda və gözlənilməz təxribat hərəkətləri ilə cəbhədəki psixoloji durumu öz xeyrinə dəyişməyə cəhdlər göstərməkdədir.

 

Monitorinqlərin nəticələrinə görə, cari ilin mart-avqust ayları aralığı cəbhədə hər iki tərəfdən aktivləşmə müşahidə olunub. Bu dövrdə təxribat-diversiya hərəkətləri ilə müşahidə olunan döyüşlər əsasən Ermənistan və Azərbaycanın dövlət sərhədinin Qazax və Tovuz rayonları istiqamətində baş verib. APA-nın öz hərbi mənbələrindən əldə etdiyi eksklüziv məlumatlara görə, qeyd olunan dövrlərdə həm dövlət sərhədində, həm də Qarabağ cəbhəsində Ermənistan Ordusunun 40-dan artıq kəşfiyyat-diversiya xarakterli hərəkətinin qarşısı alınıb. Həyata keçirilən preventiv tədbirlər nəticəsində qarşı tərəfin xeyli sayda hərbçisi məhv edilib və ya yaralanıb. Ermənistan Silahlı Qüvvələrinin istifadəsində olan 5 yüngül hərbi texnika (əsasən UAZ markalı maşın), 2 yük maşını, 4 ekskavator və buldozer sıradan çıxarılıb. Dövlət sərhədinin Gədəbəy və Qazax rayonları istiqamətindəki bəzi nöqtələrində Azərbaycan Ordusunun xeyrinə mövqe dəyişiklikləri baş verib. Bu dəyişikliklər Azərbaycan Silahlı Qüvvələrinin rəqib üzərində üstünlüyünü təmin etməklə yanaşı, Ermənistan Respublikası ərazisindən ehtimal olunan təhdidləri zamanında aşkarlamağa və düşməni dövlət sərhədində neytrallaşdırmağa imkanlar yaradır.

 

Atəşkəsin daha çox pozulduğu rayonlar

 

Aparılan monitorinqlərin nəticələrinə görə, 2012-ci ilin yanvar ayında cəbhə xəttində atəşkəs rejimi 87, fevral ayında 64, mart ayında 124, aprel ayında 147, may ayında 146, iyun ayında birinci ongünlükdə baş verən döyüşlər istisna olunmaqla, 146, iyul ayında 137, avqust ayında 146, sentyabr ayında 154, oktyabr ayında 119, noyabr ayında 101, dekabr ayında isə 131 dəfə pozulub.

 

Əvvəlki illərdə olduğu kimi, atəşkəsin ən çox pozulduğu istiqamət Qarabağ cəbhəsində olub. Ümumilikdə atəşkəsin pozulması ilə müşahidə olunan döyüşlərin 79,7%-i və ya 1176-sı məhz Qarabağ cəbhəsinin payına düşüb. Rayonlar üzrə gəlincə, Qarabağ cəbhəsində atəşkəsin ən çox pozulduğu istiqamətlər Ağdam və Füzuli rayonları olub. Cəbhə üzrə ötən bir ildə döyüşlərin 57,3%-i məhz bu iki rayonun ərazisində baş verib.

 

Hesabat dövründə Ağdam rayonu istiqamətində atəşkəs rejimi 349, Füzuli rayonu istiqamətində 325, Goranboy istiqamətində 144, Xocavənd istiqamətində 144, Tərtər istiqamətində 139, Cəbrayıl istiqamətində 64, Göygöl istiqamətində isə 11 dəfə pozulub.

 

Ermənistan-Azərbaycan dövlət sərhədində isə döyüşlərin 42,9%-i Qazax rayonu istiqamətində baş verib. Ötən bir ildə Qazax rayonu istiqamətində atəşkəs rejiminin 167 dəfə pozulması faktı qeydə alınıb. Əsas ağır döyüşlər də iyun ayında məhz Qazax rayonu istiqamətində, Ermənistanla dövlət sərhədində gedib. Müdafiə Nazirliyi tərəfindən hesabat dövründə dövlət sərhədinin Tovuz rayonu istiqamətində 84, Gədəbəy rayonu istiqamətində 40, Daşkəsən rayonu istiqamətində 11, Ağstafa rayonu istiqamətində isə 1 dəfə atəşkəsin pozulmasına dair informasiya verilib.

 

2012-ci ilin iyul ayında Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədində atəşkəsin pozulmasına dair 1 hadisə qeydə alınıb. Bu hadisə zamanı Azərbaycan Silahlı Qüvvələrinin bir hərbçisi ağır yaralanaraq sentyabr ayında dünyasını dəyişib.

 

Döyüşlərin xarakteri

 

Yuxarıda qeyd edildiyi kimi, 2012-ci ilin mart ayından başlayaraq avqust ayınadək cəbhənin bütün istiqamətlərində hər iki tərəfin aktivliyi qeydə alınıb.

 

Mart-aprel aylarında Ermənistan tərəfdən Qazax-Tovuz istiqamətində aktivləşmə artıb. Azərbaycan Silahlı Qüvvələrindən APA-ya verilən məlumata görə, Azərbaycan Ordusunun önləyici tədbirləri nəticəsində martın 14-ü, 19-u və 31-də Ermənistan Müdafiə Nazirliyi tərəfindən dövlət sərhədinə ezam olunmuş diversiya-təxribat qruplarının təmas xəttinin qarşı tərəfinə keçmə cəhdlərinin qarşısı alınıb. Nəticədə qrupun mayor rütbəli zabiti, müqavilə əsasında xidmət keçən 1 hərbçisi təmas xəttində öldürülüb. Sonuncu cəhddə isə qarşı tərəfdən 3 hərbçi yaralanıb. Ermənistan Müdafiə Nazirliyi bu faktı bir həftə sonra təsdiqləyərək, hərbçilərin minaya düşdüyünü açıqlayıb. Aprelin 18-də isə təxribat cəhdi önlənən Ermənistan Ordusunun müqavilə əsasında xidmət edən bir hərbçisi öldürülüb, biri isə yaralanıb.

 

Aprel ayının son dekadasında isə Azərbaycan Silahlı Qüvvələrinin diversiya-təxribat qrupları tərəfindən Qazax və Tovuz rayonları istiqamətində həyata keçirilmiş preventiv tədbirlər nəticəsində fərqli günlərdə Ermənistan Ordusunun 5 hərbçisi məhv edilib.

 

Cari ilin iyun ayında Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində vəziyyət əvvəlki aylarla müqayisədə çox gərgin keçib. Müdafiə Nazirliyinin rəsmi məlumatlarına görə, iyunun 5-dən 12-dək həm Ermənistan-Azərbaycan dövlət sərhədi, həm də Qarabağ cəbhəsinin bütün istiqamətlərində intensiv döyüşlər gedib. Bu dövrdə düşmənin atəşkəsi pozması, eləcə də diversiya hücumlarının dəf edilməsi zamanı Azərbaycan Ordusunun 5 hərbçisi şəhid olub, 1-i yaralanıb. Həmçinin döyüş bölgəsində xidməti tapşırıqlarını yerinə yetirərkən 4 hərbçi minaya düşüb. Bu dövrdə hər iki tərəfdən diversiya-təxribat qruplarının fəaliyyəti güclənib.

 

İyun ayında Ermənistan tərəfi rəsmən Qarabağdakı itkiləri barədə məlumatları açıqlamasa da, Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş kiçik miqyaslı əməliyyatlarda qarşı tərəfin xeyli sayda əsgərinin məhv edildiyi barədə məlumatlar müxtəlif internet saytlarında yer alıb. Ümumilikdə, ordu rəsmiləri itkilərə baxmayaraq, iyun ayının Azərbaycan Ordusu üçün uğurlu keçdiyini bəyan edirlər.

 

İtkilər

 

APA tərəfindən aparılmış monitorinqin nəticələrinə görə, cari ilin yanvar-noyabr aylarında cəbhə xəttində Azərbaycan Ordusunun iki hərbçisi ermənilər tərəfindən əsir götürülüb, 23 hərbçi, 1 mülki sakin atəşkəsin pozulması və mina partlayışları nəticəsində yaralanıb, 16 hərbçi isə şəhid olub.

 

Əvvəlki illərlə müqayisədə cəbhə xəttində baş verən mina hadisələrinin sayında artım olub. Belə ki, 2012-ci il ərzində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin təmas xəttində 16 mina hadisəsi baş verib. Hadisələrdən 12-si hərbçilər, 4-ü isə mülki şəxslərlə bağlı olub. Azərbaycan Müdafiə Nazirliyinin təsdiq etdiyi 12 hadisə zamanı 12 hərbçi yaralanıb (1 hərbçi kəllə beyin travması alıb), 3 hərbçi isə şəhid olub. Minaya düşənlərdən 1-i gizir, 4-ü zabit, 7-si əsgər, şəhid olanlardan isə 1-i zabit, 2-si əsgərdir. Hərbçilərlə bağlı mina hadisələrinin 3-ü Tərtər, 3-ü Goranboy, 2-si Füzuli, 1-i Xocavənd, 2-si Ağdam, 1-i isə Tovuzda baş verib. Monitorinqlərin nəticələrinə görə, hərbçilərlə bağlı hadisələrin böyük əksəriyyəti əməliyyat tapşırıqlarının yerinə yetirilməsi zamanı qeydə alınıb. Ümumilikdə hərbçilərlə bağlı mina hadisələrinin sayı 2011-ci illə müqayisədə 3 dəfə artıb.

 

APA-nın Ermənistan KİV, internet saytları və sosial şəbəkələrdən dəqiqləşdirdiyi məlumatlara görə, 2012-ci ildə cəbhə xəttində Ermənistan Ordusunun 36 hərbçisi (minaya düşənlərlə birgə) öldürülüb. Ən azı 22 erməni əsgəri yaralanıb. Bu itkilərə qar uçqununa düşən, nizamnamədən kənar hallardan və ya xəstəlikdən ölən erməni hərbçiləri daxil deyil.

 

2013-cü il daha gərgin keçəcək

 

2012-ci ildə və əvvəlki illərdə baş verən hadisələrin təhlili 2013-cü ildə cəbhədə vəziyyətin daha gərgin keçəcəyini deməyə əsas verir. Xüsusilə 2013-cü ilin fevral ayında Ermənistanda keçiriləcək prezident seçkiləri ilə əlaqədar olaraq Sərkisyan iqtidarının xalqın diqqətini cəbhəyə yönəltmək cəhdləri edəcəyini düşünmək olar. Hansı ki, eyni cəhdlər 2008-ci ilin mart ayında, İrəvanda seçki saxtakarlığına qarşı mitinqlər keçirilən ərəfədə baş verib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər