Azərbaycan cəmiyyətində həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdi

648
Şuşa şəhəri mədəniyyətimizin incisi kimi xalqımızın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. Məhz buna görədir ki, 1977-ci ildə Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Bu qərarla Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət qxadimlərinin xatirələrinin əbədiləşdirilməsi üçün əhəmiyyətli addımlar atılmışdır.
Lakin Ermənistanın Azərbaycana qarşı başladığı hərbi təcavüzü nəticəsində 1992-ci il mayının 8-də Şuşa şəhərini işğal etmiş və şəhərdə xalqımızın tarixi-mədəni irsini vandalizm siyasəti ilə məhv etmişdir. Buna baxmayaraq 2020-ci ilin senyabr ayının 27-dən başlanan 44 günlük müharibə noyabr ayının 8 də Şuşa şəhərinin erməni işğalından azad edilməsi və Azərbaycan Ordusunun qələbəsi ilə tamamlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 may 2021-ci il Azərbaycan Respublikasnın Konstitutsiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsirlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədi ilə Şüşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan etdi. Şuşa şəhəri mədəniyyət paytaxtı olmaqla bərabər bizim qələbəmizin, sülhümüzun cəsarətimizin rəmzidir.
Prezident İlham Əliyevin cari ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimindəki çıxışı ilə xüsusən yadda qalıb. Cənab dövlət başçısı bu barədə çıxışında bildirib ki, torpaqlarımızı azad edəndən sonra ölkəmizə qarşı potensial təhlükə görmürük, daxildə hər hansı bir təhlükə yoxdur, ölkə sabitdir, cəmiyyətdə həmrəyliyin səviyyəsi heç vaxt olmadığı qədər yüksəkdir, ölkənin iqtisadi inkişafı olduqca təsirlidir və qətiyyətlə deyə biləri ki, Azərbaycanın iqtisadiyyatı özünü təmin edir, öz resurslarımızla ölkəmizi təmin edirik və yaxşı idarəçilik mövcuddur.
Bizim Ermənistan kimi bir dövlətlə qonşu olmağımız əslində həm tarixi ədalətsizlik və şanssızlıqdır. Bütün bunları nəzərə alıb bizi daim ayıq-sayıq olmalıyıq və keçmişimizi unutmamalıyıq. Prezident İlham Əliyev çıxışında bu məsləyə də toxunub və bizləri daim sayıq olmağa səsləyərək əlavə edib: “Qonşularımız gözlənilmədiyimiz anda kürəyimizə bıçaq sancdı və o zaman Azərbaycanda olan xaosdan istifadə edərək ərazilərimizi işğal etdi. Biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə İkinci Qarabağ müharibəsi bitən kimi müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq”.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra qarşıya qoyulan ən ümdə məsələ erməni təcavüzünə və vandalizminə məruz qalan ərazilərin yenidən bərpasıdır. Dövlət başçısı qeyd edir ki, ən böyük dağıntılara məruz qalan Füzuli və Ağdam şəhərləridir və orada bir dənə də salamat bina qalmayıb. Buna səbəb bu bölgəni tamamilə erməniləşdirmək, Azərbaycanın mədəni irsini tarixdən silmək və bu torpaqları gələcəkdə yaşayış üçün yararsız hala salmaq olduğunu bildirib və əlavə edib ki, öz mədəni siyasətimizə nəzər salsaq görərik ki, biz erməni xalqının tarixi mirasına əl dəymirik, hətta Şuşada erməni kilsəsi var orada bir daş belə dəyilməyib, əksinə, ora tarixi abidə kimi qorunur.
Hazırda Azərbaycan iqtisadi siyasətinə nəzər salsaq görərik ki, ən prioritet məsələ xalqın rifahının yüksəldilməsi və işğal altındakı ərazilərin azad olunmasından sonra sosial-iqtisadi məsələlərin ön plana çəkilməsidir. Bu da səbəbsiz deyil. Bu gün Azərbaycanın digər ərazilərində 30 ilə yaxın tarixdə məskunlaşan qaçqın və köçkün əhali yaşayır. Onların işğaldan azad edilmiş torpaqlara qaytarılması ən azı ədalətin bərpa olunması deməkdir. Bütün bunları nəzərə alıb həm Qarabağ, həm Şərqi Zəngəzur rayonları üzrə təxminən növbəti üç il ərzində 150 mindən çox insanın öz doğma torpaqlarına qaytarılması və 30-dan çox şəhər və kəndin Baş planı təsdiqlənib. Qarşıya qoyulan ən prinsipial məsələ işğaldan əziyyət çəkən 1 milyon insanın öz dədə-baba torpaqlarına qaytarılmasıdır. Bununla bərabər tamamilə dağıdılmış və yararsız hala salınmış bir çox kəndlərin təməli qoyulur və tikintisinə yenidən başlanılır.
Bu gün işğal olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərini həyata keçirməkdə ən böyük əngəl minatəmizləmə prosesidir. Bu səbəbdən müharibə bitəndən sonra belə, bu minalar üç yüzdən artıq insanın həyatına son qoyub və ya ağır şəkildə yaralayıb. Sözügedən minalar barədə danışarkən cənab İlham Əliyev ürək ağrısı ilə bildirib ki, bu minaları basdırmaq müharibə cinayətidir və Ermənistanın həmin minaların xəritəsini təqdim etməməsi bizə qarşı olan terrorunun davamıdır. Əlavə edib ki, bizə az sayda təqdim olunmuş xəritələrin dəqiqliyi heç 25 faiz deyildir.
Azərbaycanda həyata keçirilən dövlət siyasətinin başqa bir istiqaməti isə müdafiə sənayesinin gücləndirilməsi və minatəmizləmə prosesinin sürətləndirilməsidir. Minadan təmizlənmə ilə bağlı ölkəyə xüsusi maşınlar, avadanlıqlar gətirilir. Yerli şirkətlərdən biri artıq Azərbaycanda bu cür avadanlıqları istehsal etməyə başlayıb. Cənab prezident bildirib ki, hesablamalara görə, ərazilərimizdə bir milyondan artıq mina basdırılıb. Bunların aradan qaldırılmasında ANAMA Müdafiə Nazirliyinin müvafiq bölmələri və Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri birlikdə ciddi səylə çalışırlar. Lakin təəssüfləndirici hal budur ki, erməni tərəfin isə bizə verdiyi xəritə təqribən 400 min minanı əhatə edir.
Şuşa Qlobal Media Forumundakı çıxışında cənab prezident qeyd edib ki, Şuşanın bərpası başlanılıb, bir müddət öncə Baş plan təsdiq edilib və indi artıq ilk yaşayış layihəsi icra olunur. Həmin layihələr çərçivəsində danışan dövlət başçısı Şuşa sakinlərinin yenidən evlərinə qayıdacağı və 3-4 il ərzində Şuşanın təkcə Azərbaycanın və Qafqazın deyil, dünyanın ən gözəl şəhəri olacağı müjdəsini verib. Ermənilərin vandal siyasətindən söz açarkən qeyd edib ki, ermənilər qaçarkən burada supaylayıcı şəbəkəni dağıtmışdılar və ona görə də şəhərdə sıfırdan yeni supaylayıcı sistemi qurulub. Əlavə edib ki, Baş plan çərçivəsində Şuşa şəhərinin bütün infrastrukturu yenidən qurulub, yeni yollar yaradılıb, min şagird yerlik məktəbin sentyabr ayına və 90 çarpayılıq xəstəxana da ilin sonuna qədər hazır olacaqdır.
Açıqlamasında Laçın şəhərində yenidənqurma işləri son sürətlə davam etdiyini bildirən dövlət başçısı cəmi səkkiz ay ərzində tamamilə yenidən qurulan şəhərdə 700-dən çox ailə üçün şəraitin olduğunu, yaradılan fərdi evlər, çoxmənzilli evlər, məktəb, uşaq bağçası, xəstəxana və digər sosial obyektlərin də inşa edildiyini və sevindirici hal olaraq növbəti beş il ərzində azad edilmiş bütün şəhərlərdə artıq insanların köçüb yaşayacağını dinləyicilərin nəzərinə çatdırıb.
Çıxışında işğaldan azad edilmiş ərazilərdə təbii və iqlim şəraitinə, turizm potensialına, kənd təsərrüfatı və həmçinin bərpaolunan enerji mənbələri resursları mövzusuna da toxunan Prezident İlham Əliyev əlavə edib ki, potensialına görə Qarabağ və Şərqi Zəngəzur bizim ümumi daxili məhsulda ciddi artıma səbəb olacaqdır və növbəti ilin sonuna qədər 200 meqavat gücündə olan 30 hidroelektrik stansiyanın tikintisi başa çatacaq. Bildirib ki, Qarabağda su elektrik stansiyalarının istifadə səmərəliliyi Azərbaycanın hər hansı digər bölgəsi ilə müqayisədə dəfələrlə yüksəkdir.
Dövlət başçısı çıxışında Kəlbəcər-Laçın zonasında külək enerjisinin nəhəng potensialı məsələsinə toxunub və açıqlama verib ki, Cəbrayıl rayonunda da bir neçə aydan sonra 240 meqavat gücə malik günəş stansiyasının tikintisi başlanacaq.
Çıxışını dünya mediyasında müzakirə mövzusu olan Logistik mərkəz – Zəngəzur dəhlizinə yönəldərək bu layihənin gündəmdə qaldığını və həyata keçirilməyənədək gündəlikdə qalacağını əlavə edib.
Qarabağın işğaldan azad olunmuş torpaqlarında bərpa və yenidənqurma işlərində dost ölkələrin dəstəyi mövzusu da bu çıxışda yer alıb. Prezident bildirb ki, Füzulidə məktəbin Özbəkistan Respublikası tərəfindən inşa edilməsi, Qazaxıstan Respblikası tərəfindən isə incəsənət mərkəzi ianə kimi ayrılıb. Hər ikisinin hazırda inşa mərhələsində olması, məktəbin avqustun sonuna qədər, gənclər üçün olan incəsənət mərkəzinin isə ilin sonuna qədər hazır olacağı medianın diqqətinə çatdırıb.
Sonda Şuşa Qlobal Mediya Formunun əhəmiyyətindən və forumda iştirak edən dövlət başçısı İlham Əliyevin və digər iştirakçıların hər birinin səsləndirdiyi fikirlərin diqqət mərkəzində saxlanılmasından söz açılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Forumda 49 ölkədən 150 xarici qonaq, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyi, 12 beynəlxalq təşkilat və media qurumu qatılıb. Həmçinin Forumda 60 yerli media rəhbəri və nümayəndəsi iştirak edib. Bütün bunlar Forumun əhəmiyyətinin göstəricisidir. Şuşa Forumu Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm platforma oldu.
Şahbazova Esmira, Sumqayıt şəhər Səməd Vurğun adına Mərkəzi Kitabxananın əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər