İyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyevin geniş nitqi hər zaman olduğu kimi proqram xarakteri daşıyırdı. Müşavirədə səslənən fikirlər və qeyd olunan faktlar bir daha təsdiq edir ki, ötən illərdə ölkə həyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf cari ilin birinci yarısında da uğurla davam etdirilib. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsasında Azərbaycan xalqının rifah halının yaxşılaşdırılması, ölkəmizin təhlükəsizliyinin təmin edilməsi və dövlətimizin daha da möhkəmlənməsi dayanır.
Son altı ayın göstəricilərinə nəzər saldıqda görürük ki, qeyri-neft-qaz sektorunda, sənaye, nəqliyyat, turizm və digər sahələrdə böyük uğurlar əldə olunub, sənaye məhsullarının ixracı potensialı artıb, eyni zamanda yeni müəssisələr yaradılıb, daimi iş yerləri açılıb. Bütün bunlar onu göstərir ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan davamlı və uğurlu islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti durmadan artır.
2022-ci ilin altı ayının yekunlarına həsr olunmuş müşavirədə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən açıqlanan göstəricilər ölkəmizin dinamik inkişaf yolunda olduğunu bir daha göstərdi.
6 ay ərzində dünya miqyasında ən gözəl nəticələrdən biri əldə olunub
Son altı ay ərzində görülmüş işlər ölkəmizdə son illər həyata keçirilən islahatların nəticəsidir. İqtisadi sahədə aparılan islahatlar imkan verdi ki, 6 ayda vergilər sahəsində proqnozdan əlavə 2 milyard manat pul yığıldı. Prezident İlham Əliyev vurğuladı ki, bütün bunlara şəffaflıq, dürüstlük və hesabatlılıq nəticəsində nail olunub. Bu gün biznes dairələri normal reyslərə keçib, kölgə iqtisadiyyatından əl çəkiblər. Görülmüş işlər iqtisadi göstəricilərdə özünü aydın şəkildə göstərir. Bu ilin altı ayı ərzində iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində 11,5 faiz artıb. Əhalinin gəlirləri təxminən 20 faiz artıb. İnflyasiya 12 faizdən bir qədər çoxdur. Amma bu, dünyada ümumi tendensiyadır. Keçən il iyulun 1-də bizim xarici dövlət borcumuz ümumi daxili məhsulun 16,6 faizini təşkil edirdi. Bu da dünya miqyasında ən gözəl nəticələrdən biridir. Bu il orta əməkhaqqı 14 faiz, pensiya isə 10 faizdən çox artıb. Büdcə təkcə neftin qiymətinin artması nəticəsində böyüməyib. Büdcənin böyüməsi dürüstləşmə, eyni zamanda, aparılan islahatlar nəticəsində mümkün olmuşdur.
Ölkəmizdə enerji sahəsində də mühüm layihələr reallaşdırılır
Uzun illər ərzində Azərbaycanda bərpaolunan enerji növlərinin inkişafı məqsədi ilə böyük hazırlıq işləri görülüb. Burada xüsusilə xarici investorların cəlb olunması prioritet istiqamətlərdən olub. Hazırda xarici investorlar öz vəsaiti hesabına Azərbaycanda 710 meqavat gücündə üç Günəş və külək elektrik stansiyasının tikintisi ilə məşğuldur. Bunlardan ikisi artıq inşa edilir, birinin də – Cəbrayıl rayonundakı stansiyanın inşası üçün hazırlıq işləri gedir. Kəlbəcər və Laçın rayonlarında su elektrik stansiyalarının istehsal gücü yenidən dəyərləndirilir.
Qısa müddət ərzində, bir il yarım müddətində 9 su elektrik stansiyasının inşası ya başa çatıb, ya da ki, bu ilin sonuna qədər başa çatacaq. Bu da ölkəmizin enerji gücünə əlavə 50 meqavat verəcək. Bu, bizə imkan verəcək ki, biz elektrik enerjisini daha böyük həcmlə ixrac edək.
Azərbaycan Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə də mühüm töhvələr verir. Prezident İlham Əliyev çıxışında Avropa tərəfindən Azərbaycana yeni layihə təqdim edildiyini vurğuladı:”Qara dənizin altından Gürcüstandan Rumıniyaya qədər kabelin çəkilişi layihəsi də var və Azərbaycan bu layihəyə maraq göstərir. Bu sahədə çox böyük perspektivlər var. Ayın 18-də Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində memorandumun imzalanması nəzərdə tutulur. Bu da bizim Avropa və digər ölkələrin enerji təhlükəsizliyinə verdiyimiz töhfədir”.
Ölkə başçısı bildirdi ki, yaxın gələcəkdə “Abşeron”, “Şəfəq”, “Asiman”, “Ümid-Babək” və “Azəri-Çıraq-Günəşli”nin dərin qaz adlandırılan yataqlarından qaz hasilatı gözlənilir.
İqtisadi göstəricilərə nəzər yetirdikdə görürük ki, artım nəqliyyat sahəsində də müşahidə olunub. Tranzit yüklərin həcmi təxminən 30 faiz artıb. Bəzi istiqamətlər üzrə, xüsusilə Şimal-Qərb nəqliyyat dəhlizi üzrə artım 300 faizdir. Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallığa çevrilir. Ölkə başçısı bildirdi ki, Gəmiqayırma zavodu tam gücü ilə işləməlidir. Zavod lazımi qədər gəmi, tanker, bərə istehsal etməlidir. İldə 6 tanker – bərə, yük gəmisi istehsal oluna bilər. Bizim iqtisadi imkanlarımızı artıracaq, eyni zamanda, tranzit potensialı artacaq, iş yerləri yaradılacaq və biz – açıq dənizlərə çıxışı olmayan ölkə çox ciddi bir nəqliyyat-logistika mərkəzinə çevriləcəyik.
Azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir
44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunmuş ərazilərdə işlər planlı şəkildə və sürətlə aparılır. İnfrastruktur işləri – artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib.
Azad edilmiş ərazilərdə böyük su anbarları və su kanallarının tikintisi, habelə içməli su təchizatı da nəzərdə tutulur. Suvarma məsələləri böyük dərəcədə Kəlbəcər və Laçın su mənbələri hesabına təmin ediləcək. İçməli suyun Azərbaycanın Aran bölgəsinə qədər gətirib çatdırması layihəsi də var.
Preizdent İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurla bağlı işlərlə yanaşı ərzaq təhlükəsizliyi məsələlərinin də vacib oludğunu diqqətə çatdırdı: “Bu il bu problemlə nəinki ölkəmiz, artıq bütün dünya üzləşib. Əfsuslar olsun ki, Azərbaycan da taxılın idxalından böyük dərəcədə asılı olan ölkədir. Bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlanıb. Həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində biz vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmalıyıq. Bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir”
Gələn ilin büdcəsində əsas istiqamət yenə də sosial siyasət olacaq
Ölkə başçısı qeyd etdi ki, gələn ilin büdcəsində əsas istiqamət yenə də sosial siyasət olacaqdır. Bu istiqamətdə, bu sahədə son illər ərzində çox böyük işlər görülüb. Ancaq biz bu sahəyə daim prioritet sahə kimi baxmalıyıq.
Preizdent İlham Əliyev müşavirədə yeni hədəfləri də müəyyən etdi. Ölkə başçısı bildirdi ki, əgər qanunvericilikdə dövlət-özəl sektor tərəfdaşlığı üçün əlavələr edilməlidirsə, bunu mütləq etməliyik. Ölkəmizin investisiya iqlimi daha da yaxşılaşdırmalıdır. Xarici və yerli investisiyalar olmadan ölkə iqtisadiyyatı inkişaf edə bilməz.
Dövlətimizin başçısı kadr hazırlığının çox vacib məsələ olduğuna toxunaraq bildirdi ki, xarici aparıcı ali məktəblərdə Azərbaycan gənclərinin dövlət xətti ilə təhsil alması proqramı yenidən işə salınıb. Keçmiş məcburi köçkünlər arasında ixtisaslar üzrə seçim aparılmalıdır. Məsələn, energetika, xidmət sektoru, sosial sahə, həkimlər, müəllimlər. İndi Ağdam şəhərində sürətlə məktəb tikilir. Ağdamdan olan, orada yaşamış müəllimlər və yaxud onların uşaqları, onların nəvələri. Bu yolla keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına daha da tez qaytaracaq və eyni zamanda, onları iş yerləri ilə təmin edəcəyik.
Prezdent İlham Əliyev bir daha müşavirədə bəyan etdi ki, Azərbaycanda kölgə iqtisadiyyatı olmamalıdır: “Kölgə iqtisadiyyatı ilə mübarizədə yaxşı nəticələr əldə olunsa da, yenə də narahat edən məsələlər var. Ona görə ən qabaqcıl texnologiyalar tətbiq edilməlidir – uçot, nəzarət və kadrların yerləşdirilməsi. Əgər qurumun başında dayanan kadr öz cibinə işləyirsə, istəyirsən hansı elektron nəzarət vasitəsi olursa-olsun, onsuz da onun heç bir əhəmiyyəti olmayacaq. Ona görə burada bu amillərin vəhdəti olmalıdır”.
Göründüyü kimi həm 44 günlük Vətən müharibsi zamanı, eyni zamanda bu gün Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətin təməlində məhz iqtisadi müstəqillik dayanır. İqtisadi sahədə aparılan islahatlar bu gün Azərbaycana öz müstəqil daxili və xarici siyasətini həyata keçirməyə, öz siyasətini diktə edə bilməyə imkan verir.
Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor