Azərbaycan ədliyyəsi böyük inkişaf yolunda

1965

Azərbaycan öz dövlət müstəqilliyini yenidən əldə etdikdən və ümummilli liderimiz Heydər Əliyev ölkədə ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan Ədliyyəsinin həyatında əsaslı dövr başlandı. Bu dövr ədliyyə sistemimizin sürətli inkişafı, fəaliyyət istiqamətlərinin, funksiya və səlahiyyətlərinin genişlənməsi, işinin və strukturunun təkmilləşməsi, öz mahiyyətinə xas hüquqi dövlət və demokratik cəmiyyətlər üçün zəruri olan missiyalarını əldə etməsi ilə xarakterikdir.

Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti və qətiyyətli mövqeyi sayəsində qısa müddət ərzində ölkəmizdə zəruri şərait yaradılaraq milli hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl, mühüm addımlar atıldı. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycan Ədliyyəsinə daim xüsusi diqqət və qayğı göstərmişdir. Ədliyyə işçilərində mənəvi stimul yaradılması və tarixi irsin qorunması məqsədilə Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi gün – 22 noyabr Ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur. Azərbaycan Ədliyyə işçilərinin peşə bayramını təsis etməklə ümummilli liderimiz ədliyyə tarixinin səhifəsinə özünün daha bir şərəfli imzasını atmışdır. Bu yüksək etimad və diqqət hər bir ədliyyə işçisi tərəfindən dərin minnətdarlıq və iftixar hissi ilə qarşılanmışdır.

Bu gün ölkəmizdə dövlət idarəçiliyinin həyata keçirilməsində, qanunçuluğun, insan hüquq və azadlıqlarının təmin olunmasında mühüm rol oynayan Azərbaycan Ədliyyəsinin, fərəh hissi ilə deyə bilərik ki, keşməkeşli, lakin şanlı bir tarixi vardır. Hər bir cəmiyyətdə dövlətin idarə olunmasında ədliyyə sisteminin rolu bilavasitə mövcud siyasi rejimin xarakterindən asılıdır. Mahiyyət etibarı ilə dövlətin hüquq siyasətinin formalaşdırılması və həyata keçirilməsində, hüququn aliliyinin, insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasında, milli qanunvericiliyin formalaşdırılmasında əsas rol oynayan ədliyyə sistemi yalnız demokratik cəmiyyətdə, hüquqi dövlətdə bu funksiyalarını həyata keçirə bilər. Məhz bu baxımdan Azərbaycan Ədliyyəsinin inkişaf yolu bir neçə tarixi mərhələdən keçmişdir.
Bir neçə ildir ki ədliyyə işçiləri ümummilli liderimiz tərəfindən bəxş edilmiş peşə bayramını böyük ruh yüksəkliyi ilə qeyd edirlər. Bu bayram ədliyyə sistemində yeni ənənələrin əsasını qoymuşdur. Hər il peşə bayramında ədliyyə işçiləri müstəqil Azərbaycan dövlətinin banisi və müasir hüquq sisteminin müəllifi olan ulu öndər Heydər Əliyevin Fəxri Xiyabanda məzarını ziyarət edir, onun əziz xatirəsini yad edərək bu bayramı bizlərə bəxş etmiş ümummilli liderimiz Heydər Əliyevə öz əbədi ehtiramlarını bildirir, Şəhidlər Xiyabanında qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edirlər. Peşə bayramında bütün Ədliyyə sistemində əsl bayram əhval-ruhiyyəsi yaşanır, işçilərdə böyük mənəvi stimul, cəmiyyətdə isə Azərbaycan Ədliyyəsinə, onun fəaliyyətinə rəğbət yaranır. Dövlət başçımızın bilavasitə rəhbərliyi ilə həyata keçirilən dinamik iqtisadi inkişaf ölkəmizi regionun lider dövlətinə çevirmiş, Azərbaycan dünyada analoqu olmayan inkişaf sürətinə nail olmuşdur.
Dahi öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir. Çünki xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına ulu öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur. Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir.
Ümummilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir. Azərbaycan Ədliyyəsi də bu inkişafdan geri qalmamışdır. Ədliyyə fəaliyyətinin dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkili, müasir texnologiyaların və idarəçilik metodlarının tətbiqi, yeni nəsil hüquqşünasların formalaşdırılması üzrə genişmiqyaslı tədbirlər görülmüşdür.
Dövlət başçısı tərəfindən ədliyyə və məhkəmə infrastrukturunun möhkəmləndirilməsi, əhaliyə hüquqi xidmətin yaxşılaşdırılması, elektron idarəetmə və sənəd dövriyyəsinin təşkili üzrə ardıcıl işlər görülmüşdür. Artıq həyata keçirilən tədbirlər öz bəhrəsini verir.
Məhz Heydər Əliyevin müdrik fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafına daim qayğılı münasibət göstərilmiş, Ədliyyə Nazirliyinin fəaliyyət dairəsi genişlənmiş, cəmiyyətdəki rolu və əhəmiyyəti artmış, ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri aparılmış, yeni qurumlar yaradılmış, onların işinin təşkili üzrə zəruri tədbirlər görülmüşdür.
Heydər Əliyev hər yerdə əfsanəvi şəxs kimi qəbul edilir. Lakin unutmamalı və fəxr etməliyik ki, bizim sıralarımızda Heydər Əliyevlə bilavasitə təmasda olan, onun rəhbərliyi altında çalışan şəxslər vardır. Biz onların ulu öndərdən əxz etdikləri dəyərlərdən bu gün də faydalanırıq.
Ümummilli lider Heydər Əliyevin ədliyyə sistemində fəaliyyətin yüksək tələblər səviyyəsində qurulması üzrə xidmətləri hazırda öz bəhrəsini verməkdədir. Onun başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan Ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmişdir. Həyata keçirilən səmərəli hüquqi islahatlar kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, qısa dövr ərzində imzalanan fərman və sərəncamlar ölkəmizin dinamik yüksəlişini təmin etmiş və həyata keçirilən islahatlara yeni təkan vermişdir.
Məhkəmə infrastrukturunun yaxşılaşdırılaraq bu il Bakıda və regionlarda müxtəlif instansiya məhkəmələri üçün yeni binaların tikilməsi məqsədilə ən layiqli yerlər ayrılmış, müasir tələblərə cavab verən iş prosesinin təşkili və vətəndaşlar üçün əlverişli şəraitin yaradılması məqsədilə beynəlxalq təcrübəyə uyğun layihələr hazırlanmışdır.
Ulu öndərin kadrların seçilməsi ilə bağlı vaxtilə nazirliyin rəhbərliyinə verdiyi tövsiyələrə uyğun nazirliyin fəaliyyətinin əsas və vacib istiqamətlərindən biri də ədliyyə sistemində kadr hazırlığı və peşəkarlıq səviyyəsinin artırılmasıdır. Bu məqsədlə nazirlikdə yaradılmış müsabiqə komissiyaları ədliyyə orqanlarına şəffaf prosedurlarla, test imtahanı və müsahibə yolu ilə yüksək nəzəri hazırlığa malik yüzlərlə gənc mütəxəssisin işə qəbulu prosesini həyata keçirir. Azərbaycan ədliyyəsinin inkişafında əsas amil insan faktorudur, kadrların düzgün seçilib yerləşdirilməsidir.
Ədliyyə orqanlarına işə qəbul test üsulu ilə, şəffaf prosedurlar əsasında aparılaraq sağlam düşüncəli gənc hüquqşünas işə qəbul edilir.
İstər Ədliyyə Nazirliyi, istərsə də məhkəmə sistemində çalışan hər bir ədliyyə işçisi ilk növbədə haqqın və ədalətin keşiyində dayanmalıdır. Öz mənəvi saflığı, ədalətli olmağı, peşəkarlığı, vətəndaşlara qayğılı münasibəti ilə Azərbaycan Ədliyyəsinin nüfuzunu qorumalı, onun adını daim uca tutmalıdır.
İnanıram ki, ədliyyə işçiləri, o cümlədən yeni təyinat alan şəxslər bu vəzifənin öhdəsindən layiqincə gələcəklər.
Bu gün peşə bayramını təntənəli qeyd edərkən Azərbaycan Ədliyyəsinin inkişafına, əməkdaşlarımızın yüksək təltiflərə layiq bilinməsinə görə dövlət başçımıza dərin minnətdarlıq hissi keçiririk.
Dövlət başçımızı əmin etmək istərdik ki, ədliyyə işçiləri ulu öndərimizin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə bundan sonra da yüksək əzmlə çalışacaqlar.
Peşə bayramı münasibətilə bütün ədliyyə işçilərini və hakimləri ürəkdən təbrik edir, onlara qanunun aliliyinin, insan haqlarının təmin olunması üzrə şərəfli işlərində müvəffəqiyyətlər arzulayıram.
Ulu öndərin hüquq siyasətini uğurla davam etdirən dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan ədliyyəsinin davamlı inkişafına xidmət edən genişmiqyaslı islahatlar aparılmış, ədliyyə orqanlarının fəaliyyəti genişləndirilmiş, bu sahədə yeni iş metodlarının, qabaqcıl informasiya-kommunikasiya texnologiyalarının və elektron xidmətlərin geniş tətbiqi, ən müasir infrastrukturun yaradılması üzrə tədbirlər görülmüşdür. Respublikamızda aparılan mütərəqqi islahatlar geniş qanunyaradıcı fəaliyyət ilə müşayiət olunur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi də bu işdə fəal iştirak edir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycan vətəndaşlarının daim hüquqlarının təmin edilməsinə çalışır. Bütün beynəlxalq tədbirlər, çıxışlar və ikitərəfli görüşlərdə xalqımızın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ədalətli həllinə dair dövlətimizin haqlı mövqeyi diqqətə çatdırılır. Beynəlxalq əməkdaşlıq aparılarkən qabaqcıl təcrübələrin öyrənilməsinə, ölkəmizin nailiyyətlərinin təbliğinə xüsusi önəm verilir. Keçirilmiş bütün beynəlxalq görüşlərdə ölkəmizin ədliyyə və məhkəmə təcrübəsinə böyük maraq göstərilmişdir. Məlum olduğu kimi, ədalət mühakiməsinin həyata keçirilməsi dövlətin möhkəm sütunudur. Ölkə Prezidenti seçilməsinin ilk dövrlərindən ədalət mühakiməsinin səmərəsinin artırılmasına xüsusi diqqət yetirən cənab İlham Əliyevin siyasi iradəsi ilə bu sahədə köklü islahatlar davam etdirilir. Bu islahatlar beynəlxalq aləmdə də yüksək dəyərləndirilir. Ölkəmizdə hakimlərin seçim prosesi bu gün də davam etməkdədir. Belə ki, imtahan və müsahibələrdən uğurla keçmiş namizədlərimizin hakim vəzifələrinə hazırlanmaları üçün 1 illik tədris kursu keçirilir. Ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin rolu nəzərə alınaraq bu sahədə irimiqyaslı işlər görülür, məhkəmə hakimiyyətinin yüksək statusuna uyğun olan yeni məhkəmə binaları tikilib istifadəyə verilir. Sumqayıt şəhərinin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi üçün müasir standartlara uyğun yeni inzibati bina inşa edilməkdədir.
Avropa Komissiyası ilə səmərəli əməkdaşlıq qurularaq 2009-2011-ci illər üzrə “Azərbaycanda ədliyyə islahatlarına dəstək” Proqramının icrası üzrə zəruri işlərin görülməsinə başlanılmışdır. Həmçinin, Ədliyyə Nazirliyi tərəfindən Dünya Bankı ilə birgə həyata keçirilən “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində ədliyyə orqanlarının fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə əlaqədar irimiqyaslı işlər görülür.
Dövlət başçısının Azərbaycan ədliyyəsinə böyük etimadının, yüksək diqqət və qayğısının əyani təzahürü olmaqla hər bir ədliyyə və məhkəmə işçisi tərəfindən dərin rəğbətlə qarşılanır. Belə bir binanın istifadəyə verilməsi, həmçinin, xarici həmkarlarımızın da böyük marağına səbəb olacaqdır. Yeni binaların inşa edilməsi infrastrukturun müasirləşdirilməsi üzrə görülən işləri ölkə rəhbərliyinin məhkəmə sisteminin inkişafına verdiyi böyük önəm və yüksək diqqət kimi dəyərləndirilir. Məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, inzibati binalarla təmin edilməsi və fəaliyyəti üçün lazımi iş şəraitinin yaradılması ilə bağlı konkret addımlar atılır. Məhkəmələr üçün yeni inzibati binaların inşası məqsədilə müvafiq torpaq sahələri ayrılmış, digər məhkəmə binalarının inşası, yenidən qurulması və əsaslı təmirinin aparılması məqsədilə mütərəqqi beynəlxalq təcrübə öyrənilməklə layihələr hazırlanmışdır. Məhkəmələrin yüksək statuslarına uyğun layihələndirilən bu binalarda müasir tələblərə cavab verən iş prosesinin təşkilinə, vətəndaşların məhkəmələrə müraciət imkanlarının sadələşdirilməsinə, onların məhkəmə fəaliyyəti barədə məlumatlığının genişləndirilməsinə xüsusi diqqət yetirilmişdir.
Yeni binaların bir üstün cəhəti də ondan ibarətdir ki, onlar inzibati və ictimai zonalara bölünürlər və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.
Ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə əldə olunan bütün nailiyyətlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürüdür. Ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və müdrik siyasəti nəticəsində qazanılmış hərtərəfli nailiyyətlər Respublikamızın Beynəlxalq arenada imicinin daha da möhkəmlənməsi ilə müşayiət olunur. Azərbaycanın bir sıra nüfuzlu beynəlxalq təşkilatlarda, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi qurumun iclaslarında, İqtisadi Əməkdaşlıq Təşkilatının XII Zirvə toplantısında sədrliyi, paytaxt Bakının ideal məkan sayılaraq mötəbər beynəlxalq tədbirlərə, o cümlədən Krans Montana və İkinci Beynəlxalq Humanitar forumlarına, “Avroviziya” mahnı müsabiqəsinə, Formula 1-in Avropa Qran Prisinə möhtəşəm idman yarışlarına uğurla ev sahibliyi etməsi ölkəmizin beynəlxalq aləmdə böyük şöhrətə malik olduğunu bir daha sübut edir.
Dövlət başçısının rəhbərliyi ilə qazanılan hərtərəfli yüksəliş və tərəqqiyə daim dəstək olan və ictimai həyatımızın bütün sahələrində fəal iştirak edən Heydər Əliyev Fondu tərəfindən mühüm əhəmiyyət kəsb edən sosial, mədəni, humanitar tədbirlərin uğurla həyata keçirilməsi, habelə Azərbaycan tarixinin, mədəniyyətinin və incəsənətinin dünyada layiqincə təbliği sahəsində Fondun prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli və yorulmaz fəaliyyəti xüsusilə qeyd olunmalıdır.
Ədliyyə Nazirliyi ölkə Prezidentinin tapşırıqlarına əsasən yoxsul əhalinin vətəndaş hüquqları barədə məlumatlandırılması və onların pulsuz hüquqi yardım xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi məqsədilə bölgələrdə hüquqi məsləhət xidməti mərkəzlərinin yaradılmasını təmin etmişdir. Mərkəzlərin zəruri biliyə malik hüquqşünas kadrlarla komplektləşdirilməsi, həmçinin lazımi avadanlıq və qanunvericilik aktları ilə təchiz olunması istiqamətində tədbirlər həyata keçirilmişdir.
Görülən işlər nəticəsində fəaliyyətinin əsasları ulu öndər tərəfindən yaradılmış Ədliyyə Nazirliyi dövlət orqanları sistemində çox nüfuzlu bir quruma çevrilmişdir və onun səlahiyyət dairəsi getdikcə genişlənir. Sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən vahid məlumat reyestrinin aparılması nazirliyin səlahiyyətinə aid edilmişdir.
Ulu öndər tərəfindən başlanmış və bu gün də davam etdirilən işlər Azərbaycanda həyata keçirilən islahatların real təzahürü olmaqla, ölkənin hərtərəfli tərəqqisinə xidmət edir.
Heç kəs şübhə etmir ki, ədliyyə işçiləri ulu öndərimizin müəyyən etdiyi dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da inkişafı və qüdrətlənməsi naminə möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün bundan sonra da yüksək əzmlə çalışacaqlar.
Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatlar Azərbaycan Respublikasını daha dinamik, sürətli inkişaf yoluna çıxarmışdır. Artıq ardıcıl olaraq bir neçə ildir ki, ölkəmiz iqtisadi inkişaf sürətinə görə dünyada liderlərdən biridir. Bu gün Azərbaycanın qazandığı nailiyyətlər dünyanın bütün mötəbər beynəlxalq qurumları tərəfindən təqdir olunur, dəyərləndirilir. Ölkəmizdə son illər baş verən sürətli sosial-iqtisadi dəyişikliklərlə paralel olaraq dövlət idarəçilik mexanizminin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi və təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi, ədliyyə sisteminin də inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını, onun fəaliyyət istiqamətlərinin genişləndirilməsini şərtləndirirdi.
Ölkəmizin ədliyyə sisteminin inkişafı və təkmilləşdirilməsi daim dövlət başçımız cənab İlham Əliyevin diqqət mərkəzində olmuşdur. Son illərdə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı yüzlərlə normativ hüquqi akt qəbul olunub. Ədliyyə sahəsində baş verən keyfiyyətcə yeni dəyişikliklər Ədliyyə Nazirliyinin işinin və strukturunun daha da təkmilləşdirilərək bu dəyişikliklərə uyğun qurulması, fəaliyyətinin daha şəffaf və aşkar təmin olunması, əhalinin hüquqi yardıma tələbatının daha optimal şəkildə təmin olunması üçün tədbirlər görülməsi zərurəti yaratmışdır. Tətbiq olunan yeniliklərin hər biri xalqımızın mənafeyinə, vətəndaşlarımızın rifahının yüksəldilməsinə xidmət edir. Ölkə vətəndaşları bunu öz gündəlik həyatlarında açıq-aşkar hiss edir, qiymətləndirirlər.
Öz xalqının iradəsini ifadə edən və demokratikliyi ilə seçilən dövlət xadimi müstəqil Azərbaycanın Prezidenti cənab İlham Əliyevin davamlı, çevik siyasəti nəticəsində ölkəmizdə sosial-iqtisadi inkişafın yeni mərhələsi uğurla davam edir. İyulun 18-də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktı layihəsinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı Sərəncam idarəetmə sisteminin təkmilləşdirilməsi, hüquq və azadlıqların qorunması, hüquqlardan sui-istifadənin yolverilməzliyi, təhlükəsizliyin təmin olunması, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin dərinləşdirilməsi, dövlət idarəçiliyi sisteminin daha da təkmilləşdirilməsi mənafeyinə xidmət göstərir, dövlətin bu sahədə məsuliyyətini və fəaliyyət istiqamətlərini konkretləşdirmişdir.
Konstitusiyaya qəbul edilən dəyişikliklər zamanın tələbi olmaqla yanaşı, ölkəmizdə həyata keçirilən çoxşaxəli islahatların davamı və tərkib hissəsi olmuşdur.
26 sentyabr 2016-cı il tarixdə respublikamızda keçirilən referendum seçkiləri bunun əyani, parlaq təzahürü oldu. Bu istiqamətdə siyasətin bundan sonra da uğurla davam etdiriləcəyinə və Azərbaycanın hərtərəfli inkişafının təmin olunacağına inanırıq.
Bu gün hər bir Azərbaycan vətəndaşı əmindir ki, ölkəmiz qarşıdakı illər ərzində də sürətlə inkişaf edəcək, Azərbaycan dövləti daha da qüdrətlənəcək, insanların rifahı daha da yüksələcəkdir.
Konstitusiyaya qəbul edilən yeni dəyişikliklər həm Azərbaycanda, həm də dünyada baş verən qlobal dəyişikliklərlə bağlı olmuşdur. Dövlətin əsas qanunu cəmiyyətdə baş verən dəyişikliklərdən kənarda qala bilməzdi. Konstitusiyaya 29 yeni dəyişiklik qəbul edilmişdir ki, dəyişikliklərin 15-i insan hüquqları bölməsinə aid olmuşdur. Bu dəyişikliklər Azərbaycanda insan hüquqlarının daha möhkəm təmin edilməsi və qorunması üçün təklif olunub. Qəbul edilən digər 4 dəyişiklik müxtəlif vəzifələrə təyin olunma və ya seçilmə ilə əlaqədar yaş senzinin götürülməsi ilə bağlı olmuşdur. Bu, insan hüquqlarını daha da genişləndirir və məhdudiyyətləri aradan götürür. Bir çox dəyişikliklər dövlət orqanlarının sisteminin təkmilləşdirilməsi, eyni zamanda, dövlət orqanlarının məsuliyyətinin artırılması ilə əlaqədar idi. Bir neçə dəyişiklik də konstitusiyada olan anlayışların dəqiqləşməsi ilə bağlı olmuşdur. Qəbul olunan dəyişikliklərdə əsas məqsəd insanın hüquq və azadlıqlarının mənbəyinin əsas təminatı olmuşdur. Bu məsələ İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasından irəli gəlir. Konvensiyada birbaşa göstərilib ki, ilk növbədə insan ləyaqəti qorunmalıdır. Digər tərəfdən, bu sahədə çalışan alimlərin bir çoxu hesab edir ki, ləyaqət insan hüquq və azadlıqlarının əsasında, bünövrəsində duran əsas anlayışdır. Hər bir insanın ləyaqəti qorunmalıdır. Avropa Konvensiyasında da bu məsələ öz əksini tapıb. Digər tərəfdən, insan hüquqlarından sui-istifadəyə yol verilməməsi məsələsi birbaşa konstitusiyadan irəli gəlir. İnsan hüquq və azadlıqlarının qorunması digərlərinin hüquqlarını pozmamalıdır və xələl gətirməməlidir. Əsas məqam odur ki, bizim ölkədə hər kəsin hüquqları qorunur.
Fürsətdən istifadə edərək Azərbaycan ədliyyəsinin və ədliyyə işçilərinin peşə bayramı münasibəti ilə başda Azərbaycan Respublikasının Ədliyyə naziri, I dərəcəli dövlət ədliyyə müşaviri Fikrət Məmmədov olmaqla respublikamızın bütün ədliyyə işçilərini təbrik edir, öz şərəfli vəzifələrində qanunun aliliyinin və insan hüquqlarının təmin olunması kimi gərəkli fəaliyyətlərində uğurlar arzulayıram.

İslam ƏLİYEV,
Sumqayıt İnzibati-İqtisadi
Məhkəməsinin sədri.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər