Azərbaycan enerji təhlükəsizliyində daha mühüm rol oynamağa çalışır

744

Azərbaycanda Bakı Enerji Həftəsi keçirilir. Tədbir özündə üç ayrı layihəni ehtiva edir – 27-ci Beynəlxalq Xəzər Neft və Qaz, 10-cu Yubiley Xəzər Beynəlxalq Energetika və Bərpa Olunan Enerji sərgilərini və Xəzər Neft və Qaz Konfransı adı ilə tanınan Bakı Enerji Forumunu. Sərgiyə 30 müxtəlif ölkəni təmsil edən 249 şirkət qatılıb.
Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, daxili bazarda tələbatları tam təmin edib və sayı artan ölkələrin enerji təhlükəsizliyində get-gedə daha mühüm rol oynamağa çalışır.
Sərginin açılış mərasimində çıxış edən dövlətimizin başçısı, prezident İlham Əliyev bildirib ki, Xəzər Neft və Qaz Sərgisi keçirildiyi ilk ildən etibarən Azərbaycan özünün dünyaya açıq olduğunu elan etdi. Ötən əsrin sonunda Azərbaycandan Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən birinci neft boru kəmərinin açılışı baş tutdu. Bunun sayəsində Azərbaycan ixraca başlaya bildi və bir çox ölkələrin tələbatlarını təmin etdi. Eyni zamanda, ölkəmiz tərəfdaşlarla birgə qaz yataqlarının, xüsusən də, dünyada ən iri qaz yataqlarından biri sayılan “Şahdəniz” yatağının kəşfiyyatına başladı. 2006-cı ildə Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisi başa çatdı. Bakı–Tbilisi–Ceyhan vasitəsiylə neftin nəql olunması infrastrukturu hər hansı fasilə olmadan həyata keçirilir. 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri istismara verildi, Azərbaycan qazı, ilk dəfə olaraq, Türkiyənin və Gürcüstanın regional bazarlarına nəql olunmağa başladı.
Tanınmış beynəlxalq platforma və regionda neft-qaz sənayesinin əsas özəyi olan Xəzər Neft və Qaz sərgisi Xəzər regionunun əsas neft-qaz layihələrini müzakirə etmək və enerji təhlükəsizliyinin təmin etmək üçün ən mötəbər şəxsləri bir araya gətirir. İlk sərgi Xəzər hövzəsində karbohidrogen ehtiyatlarının genişmiqyaslı işlənilməsi üzrə əsas istiqamətləri müəyyən edən və respublikanın neft tarixində yeni dövrün əsasını qoyan “Əsrin müqaviləsi”nin imzalanması ərəfəsində keçirilib. Həmin dövrdə ümummilli lider Heydər Əliyev Azərbaycanda neft-qaz sənayesi üzrə ilk ixtisaslaşdırılmış sərginin keçirilməsi təşəbbüsünü dəstəkləyib və o vaxtdan etibarən, Xəzər Neft və Qaz sərgisi neft, qaz və energetika sahəsinin aparıcı mütəxəssislərinin görüşdüyü və memorandumların, habelə gələcək əməkdaşlığa dair saziş və müqavilələrin imzalandığı məkana çevrilib.
Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi nəticəsində işğaldan azad olunan ərazilərimizin, xüsusilə də Kəlbəcər və Laçının böyük enerji potensialını xüsusi vurğulayıb. O, növbəti dəfə Zəngəzur dəhlizinin fəaliyyətinə start vermək istəyini və bu istiqamətdə işlərin həyata keçirildiyini, investisiya ilə bağlı artıq praktiki addımların atıldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu gün Azərbaycanın dünya miqyasında etibarlı enerji tərəfdaşı kimi tanınmasında və enerji sahəsində əldə etdiyi bütün uğurların ardında Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu və uzaqgörən enerji siyasəti dayanır.

Sevinc Qasımova, YAP Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinin direktoru

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər