Azərbaycan futbolu 2012-ci ildə

1144

Artıq 2012-ci ilidə başa vurduq. Görəsən, bu il Azərbaycan futbolu üçün necə yadda qaldı? Elə biz də Sportinfo.Az olaraq, bunu araşdırmağa çalışacağıq. Eyni zamanda, çalışacağıq bacardığımız qədər obyektiv olaq. Hər şeyi qara görmək istəmirik və belə bir niyyətimiz də yoxdur. Məqsədimiz olanları elə olduğu kimi sizə təqdim etməkdir. Təbii, öz subyektiv mövqeyimiz qismində.

Ümumilikdə 2012-ci ilin futbolumuz üçün uğurlu və uğursuz tərəfləri oldu. Təbii ki, uğur deyəndə ilk növbədə “Neftçi”nin Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması yada düşəcək. Bəli, bu, Azərbaycan futbolu tarixinə düşən bir hadisə oldu. Ancaq bununla kifayətlənmək, eyforiyaya qapılmaz lazım deyil. Əksinə, həmin uğurun təsadüfi olmadığını gələn il də sübut etmək lazımdır.

“Neftçi”dən fərqli olaraq, digər klublarımızın avrokuboklardakı uğursuzluqları bizləri üzdü. “Xəzər Lənkəran” tarixində ilk dəfə avrokuboklarda mərhələ keçsə də ikinci mərhələdə “Lex” səddinə “ilişib” dayandı. “İnter” də zəif “Trans”ı “topa” tutsa da nisbətən güclü “Asteras” önündə “silah”ı yerə qoydu. “Bakı” isə təəssüf ki, özündən qat-qat zəif “Mura” önündə aciz qalmaqla ona bəslənən ümidləri puç etdi.

Milli komandamız üçün fərqli bir söz söyləyə bilmərik. Ötən il tarixində ilk dəfə 7 xal yığan yığma komandamızdan DÇ-2014-ün seçmə mərhələsində daha böyük uğurlar gözləsək də hələ ki, bu ümidlərimiz də doğrulmur. Berti Foqtsun rəhbərlik etdiyi millimiz 2012-ci ildə DÇ-2014-ün seçmə mərhələsində 4 oyun keçirdi ki, bunlardan da İsrail və Şimali İrlansiya ilə heç-heçə oynadığımız halda (1:1), Rusiya və Portuqaliyaya məğlub olduq (0:1, 0:3). Prinsipcə, bu nəticələrə görə, millimizi asıb-kəsmək niyyətimiz yoxdur. Lakin ortaya qoyulan futbol hələ də nikbin danışmağa imkan vermir. Evdə İsraillə udulası oyunu əldən buraxdıq. Portuqaliyada ortaya qoyulan biabırçı oyundan isə danışmasaq yaxşıdır. Ruslarla səfər oyununda qeydə alınan 0:1 hesablı məğlubiyyət də bizi aldatmamalıdır. Baxmayaraq ki, komandamız bacardığı qədər müdafiə olundu, amma hücum deyilən şey yox idi. Şimali İrlandiya ilə matçın 90+6-cı dəqiqəsində buraxılan qol isə insanda yalnız acı təəssüf doğurur. Bir sözlə, 2012-ci ili millinin aktivinə yox, passivinə yazmaq lazımdır.

Ən çox diqqət çəkən məqamlardan biri isə 17 yaşadək qızlar arasında futbol üzrə dünya çempionatının ölkəmizdə keçirilməsi oldu. Ancaq bu, eləcə də Şakira, Jeniffer Loppes kimi dünya səviyyəli ulduzların Bakıya gəlişi Azərbaycan adına nə qədər rekmal oldusa, millimizin biabır çıxışı, çempionatı xal yığmaq bir yana, qol vurmadan tərk etməsi anti reklam oldu.

Futbolçularımızın Avropaya çıxışı baxımından da heç bir uğurumuz olmadı. Yalnız Rail Məlikovla Cavid Hüseynov Türkiyəyə üz tutdular ki, onlar da bu ölkənin birinci divizionunda çıxış edən ortabab klublarında belə əsas heyətdə daimi möhkəmlənə bilmədilər. Digərləri isə tənbəllik edərək, elə Azərbaycanda “5 manat”a oynamağı üstün tutdular.

Milli çempionatın səviyyəsinə gəlincə, bu ildə yeni bir şey görmədik. Yəni, Unibank Premyer Liqasında gördüklərimizi Topaz Premyer Liqasında da görməkdə davam edirik. Təəssüf ki, ilin sonuna doğru biabırçı hakim səhvlərinin və danışılmış oyunların sayı artmağa başladı. Elə ilin sonunda AZAL-ın “Turan”ın futbolçularına konkret 6 min manat təklif etməklə oyunu almaq istəyi Azərbaycan futbolunun iç üzünü bir daha ortaya qoymuş oldu. Elə “İnter”lə “Simurq” arasındakı qardaşlığın pik həddə çatması, nəhayət ki, “Simurq”un “böyük qardaş”ını məğlub etməsi, məhz, danışılmış şəkildə məğlub etməsi də futbolumuzun üz qarası kimi yaddaşlara həkk olundu.

İndi isə klublarımızın bu ili necə keçirdiyi və kimin nə ilə yadda qaldığını da öz subyektiv araşdırmamızla sizlərə təqdim edirik.

Fasiləyə lider kimi yollanan “İnter” digər rəqiblərindən fərqli olaraq, öz stabilliyini qoruyub saxlanağı bacardı. Düzdür, avrokuboklardakı iştirak uğursuz oldu. Heyət də güclənmədi, əksinə, bir qədər də zəiflədi. Lakin Kaxaber Sxadadze orta səviyyəli futbolçulardan möhkəm kollektiv formalaşdıra bildi. “İnter” bugün çempionatda ən az qol buraxan komandadır, cəmi 8 qol. Bununla belə, eyni zamanda ən az qol vuran komandalar siyahısında yer alıb. Bu isə o deməkdir ki, qış transfer pəncərəsində komandaya mütləq hücumçu transfer edilməlidir.

“Simurq” yeni mövsümün sürprizi oldu. Çoxları bu komandanı heç ilk “altılıq”da da görmədiyi halda zaqatalalılar çempionatın liderinə çevrildilər. Fikrimizcə, qış transfer dövründə komandaya bir pleymeker və bir hücumçu da transfer olunsa, komanda medalçılar sırasına düşə bilər.

“Qarabağ” üçün ümumilikdə ili uğurlu saymaq olmaz. Çünki 3 il arda-arda Avropada uğurlu çıxışıilə azarkeşlərin qəlbində taxt quran Ağdam təmsilçidi bu il avrokuboklara düşə bilmədi. Yeni mövsümdə də bir ara qeyri-stabil çıxışı ilə azarkeşlərini üzdü. Lakin ilin sonuna doğru vacib qələbələr qazanaraq 3-cü pilləyə yüksəlməyi bacardı. Bununla belə ağdamlıların da güclənməyə ehtiyacı var. Xüsusilə bir müdafiəçi və bir qapıçının transferi vacib lazımdır.

“Neftçi”nin avrokuboklardakı çıxışları haqda yuxarıda yazdıq. Düzdür, Çempionlar Liqası bakılılar üçün fiasko oldu. Belə ki, ikinci mərhələdə İsrailin “Şimoni Kiryat” klubu “Neftçi”ni sözün əsl mənasında darmadağın elədi. Ancaq mübarizəni avrokuboklarda davam etdirən son çempion qrup mərhələsinə vəsiqə qazanmağı bacardı. Yığılan 3 xalı da komandanın aktivinə yazmaq olar. Baxmayaraq ki, evdə “Partizan”ı məğlub edib “Rubin”dən ən azı 1 xal götürmək olardı. Daxili çempionatda isə “Neftçi”nin bəzi problemləri üzə çıxdı və məlum oldu ki, komanda iki cəbhədə mübarizə aparmağa hazır deyil. Xüsusilə “Sumqayıt”a və “Rəvan”a məğlubiyyətlər bunu deməyə əsas verir. “Qarabağ”a və “Xəzər Lənkəran”a son məğlubiyyətlər, eləcə də “İnter”lə heç-heçə bu komandanın güclənməyə ehtiyacı olduğunu göstərir. Xüsusilə müdafiə xəttində.

“Qəbələ” üçün də ili uğurlu saymaq olmaz. İlk növbədə ona görə ki, komanda böyük maliyyə yatırılması müqabilində yenə də avrokuboklara düşə bilmədi. Buna baxmayaraq, komanda yeni mövsümə Fatih kavlakla başlamağa qərar verdi. Lakin sonradan bunun düzgün yol olmadığını görüb türklə yolları ayırdılar. Əvəzində Ramiz Məmmədov yenidən klubun başına gətirildi. Düzdür, Məmmədov komandanı ilk “altılığ”a salmağı bacardı. Amma bugün “Qəbələ”nin müdafiəsində və yarımmüdafiəsinin mərkəzində ciddi problemlər var ki, bunu da aradan qaldırmaq lazımdır.

İlk “altılığ”ı “Xəzər Lənkəran” tamamlayır. Mövsümə Yunis Hüseynovla başlayan lənkəranlılar sonradan onunla yolları ayırıb ispaniyalı Karles Bakesi baş məşqçi postuna gətirdilər. Baxmayaraq ki, Hüseynov avrokuboklarda mərhələ keçərək, adını klubun tarixinə yazdırmağı bacarməşdı. 13-14 futbolçunun ümidinə qalan ispanın ilk vaxtlarda ard-arda uğursuz oyunlar keçirməsi gözlənilməz olmadı. Lakin prinsipial rəqib “Neftçi” üzərində qazanılan qələbə bu məşqçinin yerli puplika önündə nüfuzunu qaldırdı. İndi Bakesə daha çox inanırlar. Bununla belə, qış transfer pəncərəsi dönəmində ən çox transferə məhz Lənkəran təmsilçisinin ehtiyacı var. Özü də bütün mövqeylərə.

İkinci “altılıq”da qərarlaşan komandalara gəlincə, AZAL mövsümə yaxşı başlasa da sonradan məlum oldu ki, bu komandanın gücü, heyəti medallar uğurunda oynamağa imkan vermir. İlk “altılığ”a düşmək üçün Şüvəlan təmsilçisi qışda super transferlər etməlidir.

“Sumqayıt” qeyri-adi traektoriya ilə yadda qaldı. Komanda gah 1:4, 1:6, 1:8 hesabıyla uduzdu, gah da “Neftçi”ni, “Bakı”nı məğlub etdi, “İnter”, “Xəzər Lənkəran” kimi komandalardan xal aldı. Bu isə onu göstərir ki, burda baş məşqçi əməyi yoxdur və hər şey sadəcə futbolçuların oyunlarının alınıb-alınmamasından aslıdır. Bir ara Benhard Raabın istefaı da gündəmi zəbt etmişdi, azarkeşlər də bunu tələb edirdi. Lakin qış fasiləsinə doğru “Rəvan” və “Kəpəz”i məğlub edən “Sumqayıt” Raabın qanının arasına girdi.

“Turan” da bir ara sürət yığaraq, ilk “altılığ”a düşə bildi. Lakin qış fasiləsinə doğru bu üstünlüyünü əldən verərək, 9-cu pilləyə qədər endi. Bəzi futbolçuların adlarının oyun alqı-satqısında hallanması da klubun imijinə böyük zərbə oldu.

“Bakı”nın durumuna sadəcə təəssüflənmək olar. Buraxılan bu qədər maliyyənin qarşılığında komandanın 10-cu pillədə getməsi əlavə şərhə yer qoymur.

“Rəvan” haqda da eyni sözləri demək olar. Qarşısına ilk “altılıq” məqsədi qoyan bu komanda 18 tura 3 məşqçi dəyişməklə diqqət çəkdi.Alispahiçin qovulması isə uğursuzluğun pik nöqtəsi oldu və komanda tirnir cədvəlində 11-ci pilləyə endi.

“Kəpəz” isə tarixinin ən ağır dönəmlərindən birini yaşayır. Əgər qış fasiləsində güclü maliyyə ayrılmasa və yeni transferlər olmasa, Gıncə təmsilçisinin birinci diviziona yollanacağı qaçılmaz olacaq.

 Sportinfo.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər