Prezident dünyaya səsləndi: Azərbaycan mübarizəsini davam etdirəcək
Dünyada baş verən prosesləri izlədikdə aydın şəkildə görürük ki, bəzi ölkələr və beynəlxalq təşkilatlar tərəfindən ikili standartların tətbiq olunması məqsədyönlü xarakter daşıyır. Bir çox hallarda ikili standartlar siyasəti informasiya müharibəsinin təsirli bir vasitəsi kimi tətbiq olunur. Sözsüz ki, bu hal ikili standartların tətbiq olunduğu ölkələrin milli təhlükəsizliyi üçün müəyyən təhlükələr və təhdidlər yaradır.
Bununla birlikdə qeyd etmək lazımdır ki, ikili standartların tətbiqi, həyata keçirilən siyasətin uyğunsuz olması həm də bu siyasəti həyata keçirən ölkələrə və təşkilatlara qarşı daimi inamsızlıq yaradır, nüfuzunu gözdən salır. Həyata keçirdikləri fərqli yanaşmalar və uyğunsuz siyasət nəticəsində bu təşkilatlar dünyada gedən proseslərə təsir etmək gücünü, beynəlxalq müstəvidə əhəmiyyətini itirməkdədir.
Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tribunalarda bəzi qərb ölkələrinin və beynəlxalq təşkilatların ikili standartlardan çıxış etməsini sərt şəkildə tənqid edib, öz etirazını bildirib.
Prezident İlham Əliyevin 2021-ci il 26 aprel tarixində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı zamanı bir daha dünya ölkələrinin diqqətini ikili standartlara çəkdi. Ölkəmizin uzun müddət bu cür yanaşmadan əziyyət çəkdiyini vurğuladı: “1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin həmin qətnamələr heç vaxt Ermənistan tərəfindən icra edilməmişdir. Mən ikili standartlara yol verilməməsi üçün tərəfdaş ölkələri BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra mexanizmlərinin təklif edilməsi və hazırlanması səylərinə qoşulmağa dəvət edirəm. Biz Təhlükəsizlik Şurasının bəzi qətnamələrinin bir neçə gün ərzində icra edildiyinin şahidi olmuşuq. Azərbaycana gəldikdə isə həmin qətnamələr 27 il ərzində yerinə yetirilməmiş qaldı. Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə Ermənistanın əməl edəcəyinə dair heç bir ümid yox idi. Bütün bu illər ərzində Ermənistana qarşı heç bir təzyiq olmamış və sanksiyalar tətbiq edilməmişdir”.
Ölkə başçısı bildirdi ki, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının qətnamələrini və beynəlxalq hüququn norma və prinsiplərini icra etmiş, tarixi ədaləti və ərazi bütövlüyünü bərpa etmişdir: “44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tamamilə darmadağın olunmuşdur. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamağa məcbur edilmişdir. Beləliklə, Ermənistan-Azərbaycan münaqişəsi sona çatmışdır. Münaqişə tarixdə qalmışdır”.
Prezident əhatəli çıxışı ilə ölkəmizin haqlı olduğunu bir daha nümayiş etdirdi, Azərbaycanın regionda dayanıqlı sülhü və təhlükəsizliyi təmin etmək arzusunda olduğunu vurğuladı: “Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir. Hazırda biz Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışırıq. Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.
Çox təəssüf ki, dünyanını cənginə almış karonavirus infeksiyasına qarşı mübarizədə də biz ikili standartların tətbiq olunduğunu gördük. Bunu nəzərə alaraq Prezident İlham Əliyev COVID-19-la bağlı qlobal təşəbbüslərlə çıxış etdi. Azərbaycanın təşəbbüsü ilə Türk Şurasının Zirvə görüşü keçirildi, Qoşulmama Hərəkatının Zirvə görüşü reallaşdırıldı. Bununla yanaşı Azərbaycan COVID-lə bağlı BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsinə nail oldu. 150-dən çox ölkə ölkəmizin bu təşəbbüsü dəstəklədi. Martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edildi.
Prezident İlham Əliyevin dəfələrlə COVID-19 əleyhinə peyvəndləmə ilə bağlı çıxışlarında vaksinlərin dünya ölkələri arasında ədalətli bölgüsü tezisini irəli sürdü, bu məsələdə millətçiliyin olmamasını vurğuladı. Proseslər göstərdi ki, bu məsələ gündəlikdə duran önəmli məsələlərdən biri idi. Azərbaycan ilk ölkələrdən idi ki, bu məsələni gündəmə gətirdi, bu gün də bu ədalətsizliyi aradan qaldırmaq üçün təşəbbüslərlə çıxış edir.
Prezident BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasındakı çıxışında bir daha vaksinlərin dünya ölkələri arasında ədalətsiz bölgüsü məsələsinə toxundu. Ölkə başçısı bildirdi ki, “Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir: “Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir”.
Prezident İlham Əliyevin çıxışda bir daha onun şahidi olduq ki, ölkə başçısının həyata keçirdiyi siyasət qlobal səviyyədə mövcud ədalətsizliklərin və ikili standartların aradan qaldırılmasına xidmət edir.
Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor