Azərbaycan iqtisadiyyatı 6 ayda: Prezident İlham Əliyev 10 önəmli göstəricini açıqladı

944

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Daşkəsən rayonuna səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibə verdi. Ölkə başçısı müsahibəsində 2021-ci ilin altı ayının sosial-iqtisadi yekunlarını qiymətləndirirdi, maraqlı məqamlara toxundu.
Azərbaycan iqtisadiyyatının tənəzzüldən çıxdığını vurğulayan Prezident İlham Əliyev altı ayda ölkə iqtisadiyyatındakı inkişafı əks etdirən 10 göstəriciyə diqqət yetirdi.
Prezident İlham Əliyevin açıqladığı 10 göstəriciyə nəzər salaq:

1. Azərbaycan iqtisadiyyatı 2 faiz artıb

Prezident İlham Əliyev bildirdi ki, altı ayın yekunları göstərir ki, artıq Azərbaycan iqtisadiyyatı tənəzzüldən çıxıb. Əgər bu altı ayın hər bir ayının iqtisadi göstəricilərinə nəzər salsaq görərik ki, ilin əvvəlində iqtisadi tənəzzül daha böyük rəqəmlərlə ölçülürdü. Hər ay tənəzzül azalırdı və biz may ayının yekunlarına görə bir balaca iqtisadi inkişafa nail ola bildik. Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq.

2. Qeyri-neft sektorumuz 5 faizdən çox artıb

Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür.

Əgər sənaye istehsalına fikir versək görərik ki, sənaye istehsalı 0,3 faiz azalıb. Amma bunun əsas səbəbi neft hasilatı ilə bağlıdır, OPEC+ razılaşmasının yerinə yetirilməsidir.

3. Qeyri-neft sənayesi 16,6 faiz artıb

Qeyri-neft sənayesinin ümumi sənaye istehsalında çəkisinin ilbəil artması Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş siyasətinin mühüm nəticələrindən biridir. Ötən 6 ay ərzində qeyri-neft sənayemizin 16,6 faiz artması yeni sənaye müəssisələrinin işə düşməsi ilə yanaşı, həm də mövcud müəssisələrdə istehsalat prosesinin genişlənməsi və məhsul istehsalının artırılması hesabına  olmuşdur. Ölkə başçısı bildirdi ki,  görüləcək işlər qeyri-neft sektorunun sənaye potensialını daha da artıracaq.

4. Kənd təsərrüfatı 5,6 faiz artıb

Prezident İlham Əliyevin kənd təsərrüfatının inkişaf etdirilməsini Azərbaycanın ümumi iqtisadi inkişafının əsas istiqamətlərindən biri kimi müəyyən etməsi öz müsbət nəticəsini göstərməkdədir. 2021-ci ilin altı ayında bu sahədə də müsbət irəliləyiş müşahidə olunub.
Keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz, indi isə 5,6 faiz olub. Bu da görülmüş işlərin, islahatların nəticəsidir. Ölkə başçısı bəyan etdi ki, dövlət dəstəyi olmadan kənd təsərrüfatı istədiyimiz qədər inkişaf edə bilməz. Bundan sonra da daim dövlət dəstəyi olacaq.

5. İnflyasiya idarə olunan səviyyədə oldu

Ölkəmizdə uzunmüddətli makroiqtisadi stabillik baxımından illik inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması vacib vəzifələrdən biri kimi qarşıya qoyulub.
Ötən altı ay ərzində digər müsbət iqtisadi hadisələr kimi inflyasiyanın da məqbul hesab edilən rəqəmlər ətrafında olması yaxşı nəticədir. Ölkə başçısı inflyasiyanın 4,3 faiz civarında olmasını müsbət hal kimi dəyərləndirdi.
Beləliklə, inflyasiyanın belə aşağı səviyyədə olması əhalinin gəlirlərini daha da artıracaq, eyni zamanda iqtisadiyyatın tarazlı inkişafına nail olmağa imkan verəcək.

6. Altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artıb

Prezident İlham Əliyev altı ayda valyuta ehtiyatlarımız 1 milyard dollar həcmində artmasını xüsusi olaraq vurğuladı. Bununla bağlı şərh verən ölkə başçı bildirdi ki, bu artım daha da böyük ola bilərdi. Çünki bizim ehtiyatlarımızın bir hissəsi müxtəlif valyutalardadır, o cümlədən avro və dollar əksəriyyət təşkil edir. Bu məzənnədə olan dəyişiklik bizim mütləq rəqəmlərə təsir göstərdi. Əgər bu dəyişiklik olmasaydı və əgər qızılın qiyməti düşməsəydi, – çünki bizim kifayət qədər böyük ehtiyatımız qızıldadır, – bu artım 1,7 milyard dollar olacaqdı. Yəni, biz real bu qədər əlavə pul qazanmışıq və məzənnə fərqi, deməli, qızılın qiyməti müvəqqəti olaraq buna təsir göstərir. Yəni, bu, nəyi göstərir? Baxmayaraq ki, biz genişmiqyaslı quruculuq işləri aparırıq, baxmayaraq ki, biz Qarabağı və Şərqi Zəngəzuru sürətlə bərpa edirik, nəinki valyuta ehtiyatlarımızı azaltmamışıq, artırmışıq və heç bir kreditə də müraciət etməmişik. Bu, nəyi göstərir? Resursumuzu göstərir, resurs bazasını göstərir. Eyni zamanda, onu göstərir ki, biz vəsaitdən çox ehtiyatla istifadə edirik, israfçılığa, lazım olmayan xərclərə yol vermirik.

Azərbaycanda valyuta ehtiyatları xarici dövlət borcundan təxminən 6 dəfə çoxdur. Bu, dünyada çox nadir halda rast gəlinən məsələdir. Çünki ölkələrin mütləq əksəriyyətinin dövlət borcu valyuta ehtiyatlarından qat-qat böyük rəqəmlərlə ölçülür. Ancaq bizdə bu, tamamilə fərqlidir. Bu nəyi göstərir? Onu göstərir ki, istədiyimiz halda biz xarici dövlət borcumuzu sıfırlaya bilərik. Sadəcə olaraq, buna hələ ki, ehtiyac yoxdur. Çünki uzunmüddətli və yaxşı şərtlərlə götürülmüş kreditlər də var, onları vaxtında ödəyirik. Bu onu göstərir ki, biz heç kimin yardımına qalmamışıq və buna görə də həm siyasi, həm də iqtisadi sahədə müstəqil siyasət aparmaq iqtidarındayıq.

7. İxrac 15 faiz artıb

2021-ci ilin ilk yarısında ixrac əməliyyatlarının həcmində də müsbət dinamika müşahidə olunub. Belə ki, ixrac əməliyyatlarında 15 faiz artım olub ki, bu da ötən illərlə müqayisədə çox yaxşı göstəricidir.

8. Qeyri-neft ixracı 27 faizdən çox artıb

Qeyri-neft sektorunun inkişafı sayəsində Azərbaycanın dünya bazarlarına çıxardığı rəqabət qabiliyyətli malların həcmi ildən-ilə artır. Bu isə ölkəmizdə qeyri-neft ixracının artması ilə nəticələnir.  Ötən altı ay ərzində bu istiqamətdə də irəliləyiş olub, qeyri-neft ixracı 27 faizdən çox artıb. Bu, qarşıya qoyulmuşğğ hədəflərin real nəticəsidir. Ölkə başçısının vurğuladığı kimi təkcə neft-qaz hesabına deyil, qeyri-neft sektoru hesabına da valyuta qazanmalıyıq. Bu baxımdan 27 faiz artım böyük rəqəmdir.

9. Xarici ticarətimizin müsbət saldosu 3,4 milyard dollar olub 

Prezident İlham Əliyev qeyd etdi ki, 6 ayda xarici ticarətimizin müsbət saldosu 3,4 milyard dollar olub. Əgər belə getsə, ilin sonuna qədər müsbət saldo təqribən 6-7 milyard dollar olacaq. Dünya ölkələrinin əksəriyyətində saldo mənfidir, yəni, daha çox idxal edir, nəinki ixrac edir. Ona görə bu valyuta məzənnəsinə təsir göstərir, ona görə ölkələr borclanmaya gedirlər. İnkişaf etmiş ölkələrdə xarici borc o ölkələrin ümumi daxili məhsulunun 100 faizini, bəzən 120 faizini təşkil edir, 50 faiz müsbət hal kimi sayılır. Amma Azərbaycanda bu, 19 faizdir və daha da düşəcək.

10. Dövlət büdcəsinə nəzərdə tutulandan daha çox vəsait toplanıb

Aparılan islahatlar nəticəsində 6 ayda vergi və gömrük orqanları dövlət büdcəsinə nəzərdə tutulandan daha çox vəsait cəlb edib. Vergi orqanları 810 milyon manat, gömrük orqanları isə 206 milyon manat daha çox vəsait toplayıb. Ölkə başçısı vurğuladı ki, bütün bunlara dürüstlüyün, şəffaflığın, düzgün aparılan uçotun və həyata keçirilən islahatların hesabına nail olunub.

Beləliklə, qeyri-neft sektorundakı inkişaf, xarici ticarətimizdəki müsbət saldo, valyuta ehtiyatlarımızın artması və digər istiqamətlərdəki müsbət göstəricilər gələcəkdə iqtisadi fəaliyyətin davamlı inkişafı üçün yeni imkanlar yaradacaq.

“Sumqayitxeber.com”un analitik qrupu

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər