Azərbaycan-İtaliya əlaqələri müharibədən sonrakı dövrdə də uğurla inkişaf edir

773

Azərbaycanla İtaliya arasındakı əlaqələr strateji xarakter daşıyır. İki ölkə arasındakı əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələrdə dinamik şəkildə inkişaf edir. Bu gün Azərbaycan ilə İtaliya arasında ikitərəfli münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və əvvəlkindən daha güclüdür.

Hər iki ölkə beynəlxalq müstəvidə də daim bir-birini dəstəkləyir. Bunun nəticəsidir ki, iki ölkə arasında böyük etimad formalaşıb. Azərbaycan ilə İtaliya arasında siyasi əlaqələrin güclü olması hərtərəfli əməkdaşlığın inkişafına xidmət edir. Əlbəttə, siyasi münasibətlərin yaxşı olması və strateji tərəfdaşlıq əlaqələrinin mövcudluğu, iqtisadi-ticarət sahəsinin inkişafı baxımından xüsusi əhəmiyyətə malikdir.

İstər ötən 30 il ərzində, istərsə də 44 günlük Vətən müharibəsi zamanı İtaliya ədalətli mövqe nümayiş etdirdi və Azərbaycanın haqlı mövqeyini dəstəklədi. Bu münasibətlərin nəticəsidir ki, İtalya bu gün işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinə cəlb edilən ilk ölkələrdəndir.

Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bir çox vacib məqamlara toxundu. Ölkə başçısı bəyan etdi ki, Azad edilmiş ərazilərlə bağlı xüsusi investisiya proqramı qəbul edilib. Cari il üçün nəzərdə tutulmuş məbləğ təqribən 1.3 milyard ABŞ dolları təşkil edir. Sərmayə qoyuluşu əsasən infrastruktur layihələrinədir. Bu ilin sonunadək sahəsi 10 min kvadratkilometrə bərabər olan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təminatı tam başa çatacaq.

Ölkə başçısı bildirdi ki, işğaldan azad olunmuş ərazilərdə avtomobil və dəmir yolları inşa edilir. Füzulidə yerləşən yeni hava limanı hazırdır. Artıq o, ilk təyyarələri qəbul edib. Daha iki hava limanının inşası davam edir. Yaşayış binalarının tikintisi layihələri hazırlanır. İki şəhərin Baş planı təsdiq edilib və işlərə start verilib. Planımız keçmiş məcburi köçkünlərin doğma evlərinə ən qısa zamanda qaytarılmasıdır.

Prezident İlham Əliyev müsahibəsində məlumat verdi ki, bir neçə italyan şirkəti artıq müxtəlif layihələrdə, o cümlədən Zəfər muzeylərinin, Memorial muzeylərin və İşğal muzeylərinin yaradılmasında iştirak edir. Artıq bir italyan şirkəti ilə bir bölgənin enerji təminatı məsələsi ilə bağlı müqavilə imzalanıb. Bundan əlavə, digər italyan şirkəti kənd təsərrüfatı məhsullarının istehsalına sərmayə yatırmağa başlayıb. Beləliklə, italyan şirkətlərinin Azərbaycanda fəaliyyəti alqışlanılır və bu yenidənqurma işlərində daha çox italyan şirkətləri olacaq.

Dövlət başçısı müsahibəsində Cənub Qaz Dəhlizinin son hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin tikintisinin başa çatdırılması məsələsinə də toxundu.

Məlumdur ki, İtaliya artıq Azərbaycandan qaz almağa başlayıb. Cənub Qaz Dəhlizi İtaliya bazarına 8 milyard kubmetr və ya daha çox qaz tədarük edəcək. Ümumiyyətlə, regionun ən böyük enerji layihələrindən olan Cənub Qaz Dəhlizinin uğurla həyata keçirilməsi Azərbaycanın mövqeyini daha da gücləndirir. Ölkə başçısı bəyan etdi ki, indi biz gələcəyə baxmalıyıq. Azərbaycan yeni qaz yataqları kəşf edilib və bununla yanaşı, mövcud yataqlardan da daha çox qaz hasil etməyi planlaşdırır. Həmçinin xarici investorlarla bərabər yenilənən enerji mənbələrinə böyük sərmayə qoyulur.

Prezident İlham Əliyevin “La Repubblica” qəzetinə müsahibəsində diqqət çəkən məqamlardan biri də Avropanın Cənubi Qafqazda daha geniş iştirakı ilə bağlı surnalistin sualına cavabı oldu. Ölkə başçısı bildirdi ki, hazırda bu məsələlər geniş şəkildə müzakirə edilir. Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişelin bu yay Azərbaycana səfəri zamanı biz Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının geniş gündəliyi ilə bağlı ətraflı müzakirələr apardıq. Əlbəttə, əməkdaşlığımızın enerji kimi ənənəvi sahələri var ki, buradakı nəhəng layihələrin icrasını yalnız alqışlamaq olar.

Bu gün Avropa İttifaqı bizim nəqliyyat potensialımıza böyük maraq göstərir və bu sahədə fəal iştirak edir. Çünki biz Azərbaycanı Avrasiyanın müasir infrastruktura və qonşularla şaxələndirilmiş kommunikasiya marşrutlarına malik mühüm nəqliyyat mərkəzinə çeviririk. Avropa İttifaqı bu prosesin bir hissəsi olmağı planlaşdırır. Biz, həmçinin Cənubi Qafqazda postmüharibə dövrünün inkişafında da Avropa İttifaqının rolunu müzakirə edirik.

Beləliklə, Azərbaycan artıq bütün sahələrdə gələcəyə baxır, ölkəmizin daha da güclənməsi, inkişaf etməsi üçün çalışır. Amma həm də, keçmişə baxır. İqtisadi və digər sahələrdə əlaqələrin daha da genişlənməsində 44 günlük Vətən Müharibəsində ölkəmizin yanında olan, dəstək verən ölkələrə üstünlük verir. Təsadüfi deyil ki, bu gün işğaldan azad olunmuş ərazilərin bərpasında Azərbaycanın haqlı mövqeyini dəstəkləyən İtalya, eləcə də digər tərəfdaş ölkələrin şirkətlərinə üstünlük verilir. Bərpa-quruculuq işlərinə ilk öncə bu ölkələrin şirkətləri cəlb olunur. Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bir daha gördük ki, Azərbaycanın mövqeyi dəyişmir.

Hümbət Quliyev, Sumqayıt Regional Sahibkarlığın Araşdırma Mərkəzinin sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər