Azərbaycan Laçın dəhlizinin alternativini bağlaya bilər

417

Ermənistanın qırmızı xətti keçməsinə ən doğru cavab; deputat: “Ermənistandan Xankəndinə gedən yolla Qarabağdakı qeyri-qanuni silahlı qüvvələrə silah daşıyırsa, Azərbaycan nə etməlidir, bu proseslərə seyrçi qalmalıdır?”

10 noyabr Üçtərəfli Bəyanatının şərtlərinə görə, 3 il ərzində Laçın dəhlizinə alternativ yol çəkilməli və bundan sonra ənənəvi dəhlizdən ermənilərin hərəkəti dayandırılmalı idi. Reallıq budur ki, öhdəliklərə birtərəfli qaydada əməl edilir.

Belə ki, Azərbaycan 2 ildən də tez müddətdə alternativ yolu çəkdi və istifadəyə verdi. Bundan sonra Laçın şəhəri, Zabux və Sus kəndləri tamamilə Azərbaycanın nəzarətinə verildi. Ermənistan bu yolun öz ərazisindən keçən hissəsinin çəkilişini yubatsa da, bunu etməkdən başqa çarəsi yoxdur və artıq prosesə başlayıb. Hazırda Laçın dəhlizindən sülhməramlıların nəzarəti altında müəyyən ərazilərdə ermənilər də istifadə edə bilir, bu humanist yanaşmanı Azərbaycan onlara müvəqqəti olaraq tanıyır. Ancaq Ermənistan yenə də öz təxribatçılığından əl çəkmir. “Üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir”. Bu haqda Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada xəbərdarlıq edilib. “Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan Respublikasının ərazilərinin 44 günlük Vətən müharibəsi nəticəsində azad edilməsindən sonra postmünaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən hərbçilərimizə və mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına mane olan əsas təhdidlərdən biri Ermənistan tərəfindən Azərbaycan ərazilərinin son 30 il ərzində məqsədyönlü şəkildə minalanması və davam edən mina basdırılması hallarıdır” – deyə açıqlamada bildirilir: “Ermənistan, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın 4-cü bəndinə zidd şəkildə Azərbaycan ərazilərində qanunsuz hərbi fəaliyyəti davam etdirərək, qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamaqla yanaşı, Azərbaycan ərazilərində külli miqdarda piyada əleyhinə minalar yerləşdirməkdə davam edir və bu, yalnız keçmiş təmas xətti boyunca deyil, digər ərazilərdə də insanların minaya düşməsi hallarının artmasına səbəb olur. Ümumilikdə, son 30 il ərzində Azərbaycanda mina qurbanlarının sayı 3345 nəfər təşkil etməklə, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 266 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil, 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir. Son 30 il ərzində minalardan zərər çəkənlərin isə 38 nəfəri qadın, 357 nəfəri uşaqdır. Cari ilin avqust ayından etibarən erməni əhalinin Laçın rayonu ərazisini tərk etməsindən sonra yalnız Laçın rayonu ərazisində 1400-dən artıq 2021-ci il Ermənistan istehsallı E-001M markalı piyada əleyhinə minalar, habelə cari ilin 3 oktyabr tarixində Laçın rayonunun Zabux və Sus kəndlərində evlərin giriş qapılarında və həyətyanı sahələrdə yeni quraşdırılmış mina tələlərin aşkarlanması təhlükənin miqyası və ağırlığının, regionda Ermənistan tərəfindən sülh və təhlükəsizliyə nə dərəcədə ciddi zərbə vurulmasının göstəricisidir. 2021-ci ildə Ermənistanda istehsal edilən piyada əleyhinə minaların Azərbaycan ərazisinə ötürülməsi bir daha nümayiş etdirir ki, üçtərəfli bəyanatın 6-cı bəndinə uyğun olaraq Laçın dəhlizinin yalnız vətəndaşların, malların və nəqliyyat vasitələrinin keçidi üçün nəzərdə tutulmasına baxmayaraq, bu yoldan Ermənistanın qeyri-qanuni hərbi fəaliyyətləri üçün sui-istifadə halları davam edir.

Bu, eyni zamanda son onilliklər ərzində Ermənistan tərəfindən guya minaların istehsal və ixrac etmədiyi barədə bəyanatların heç bir əsasının olmadığını nümayiş etdirir. 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycana qarşı genişmiqyaslı təxribatının və hücumlarının əsas başlanğıc nöqtəsi də havanın qaranlığı və mürəkkəb relyef şəraitindən istifadə edərək, Ermənistan hərbçilərinin Azərbaycan Silahlı Qüvvələrinin yerləşən mövqeləri arasında təminat yollarını və əraziləri minalamağa cəhd etməsi olub… Ermənistanın üçtərəfli bəyanat və beynəlxalq hüquq çərçivəsində öhdəliklərini yerinə yetirməsi, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı fəaliyyətlərdən əl çəkməsi, bütün silahlı qüvvələrini, nəhayət, Azərbaycan ərazisindən çıxarması, Ermənistanın fərq qoymadan Azərbaycan ərazilərində mina yerləşdirməsi fəaliyyətini dayandırması, minatəmizləmə fəaliyyəti istiqamətində əməkdaşlıq etməsi və dəqiq mina xəritələrini Azərbaycana təqdim etməsi üçün Ermənistana təzyiq göstərilməlidir. Bu addımlar bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə töhfə verəcəkdir”.

Bəyanatdan belə aydın olur ki, Ermənistan həm dəhlizdən, həm də alternativ yoldan hərbi təyinatlı yüklər daşıyır və sülhməramlılar buna göz yumur. Bu isə Azərbaycana əsas verir ki, həm dəhlizdən, həm də alternativ yoldan istifadəni tam nəzarətə götürsün, hətta bu yolları qapatsın, yalnız onun nəzarəti ilə humanitar yüklər daşınsın. Erməni təxribatları, sülhməramlıların öz vəzifələrini icra etməməsi, 10 noyabr bəyanatının 6-cı bəndini yerinə yetirməmələri Azərbaycanı alternativ tədbirlər görməyə məcbur edir.

Rəsmi İrəvan vaxtaşırı Azərbaycanla sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan etməklə sanki təxribatçı addımlarını ört-basdır etmək istəyir. Növbəti belə bəyanat Ermənistan parlamentinin sədri Alen Simonyandan gəlib. “Azərbaycan və Ermənistan ilin sonuna qədər sülh müqaviləsi imzalaya bilər”, spiker deyib. “Mən də sülh müqaviləsinin mümkün qədər tez imzalanmasını istəyirəm. Amma ortada sənəd yoxdur. Yalnız yüzlərlə təklif və fikir var”, – o bildirib. Xatırladaq ki, bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistanla Azərbaycanın bu ilin sonuna qədər sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bəyan etmişdi. Amma sülh müqaviləsi imzalamağa hazır olan ölkə Azərbaycan ərazilərinə 2021-ci il istehsalı olan minalar göndərməzdi, hər halda, biz bu minaların 1400-dək nümunəsini Laçında gördük. Təbii ki, bunun əsas günahkarı bölgədə sülhə və təhlükəsizliyə qarant olacağı barədə öhdəlik götürmüş Rusiya hərbi kontingentidir. Amma görünən budur ki, rus hərbçilər daha çox erməni terrorçu və separatçı dəstələri himayə etməkdədir. Bu isə Laçın yoluna tam nəzarətin ələ alınması zərurətini yaradır. Azərbaycanın humanist davranışları həm rus hərbi kontingentinə, həm də erməni quldurlara öz mənfur addımlarını reallaşdırmaq imkanı verir. Bu gedişlə çox da uzaq olmayan gələcəkdə Qafan-Gorus yolunda olduğu kimi, Laçın yolunun girişində də sərhəd və gömrük postumuzun qoyulması reallaşa bilər. Əks təqdirdə, təhlükə arta bilər. Azərbaycan böyük qayıdış hazırlıqlarını gördüyü halda, erməni quldurlar gizli şəkildə silah-sursat da gətirə bilərlər ki, bu da milli təhlükəsizliyimizə təhdiddir. Baxın, rus sülhməramlılar mövcud olduqları müddətdə bircə dəfə də olsun ermənilərdən silah-sursat müsadirə ediblərmi? Yox. Əksinə, Şuşa yaxınlığındakı postda hərbçilərimizə qumbara atan ermənini geri alıb, Xankəndidəki separatçılara təhvil verdilər.

“Yeni Müsavat”ın aldığı məlumata görə, Azərbaycan yaxın zamanlarda Qarabağdan Ermənistana gedən yolu – ermənilər buna hələ də dəhliz deyir – tamamilə qapada bilər. Öncə xəbərdarlıq xarakterli 3 gün, daha sonra isə əgər ermənilər öz əməllərini davam etsələr, daha uzun müddətə yol qapadılacaq. Ümumiyyətlə götürdükdə isə Azərbaycan gələcəkdə Xankəndi-Gorus yolunun statusunu Zəngəzur dəhlizi ilə tənzimləyəcək. Belə olduğu təqdirdə ortaya suallar çıxır: bəs Azərbaycan bu addımı atarsa, yəni ermənilərin istifadə etdiyi yolu qapadarsa və bunu arqumentlərlə əsaslandırarsa, yenədəmi bizə qarşı beynəlxalq qınaqlar ola bilər? Axı söhbət terror məqsədilə silah-sursatın qanunsuz olaraq Azərbaycana daşınmasından gedir. Beynəlxalq təşkilatlar, aidiyyəti tərəflər bunun qarşısını almadan Azərbaycanı qınayarsa, bu, əndazəyə sığarmı? Bu məsələyə Rusiyanın, İranın, Fransa və Amerikanın münasibətləri necə olacaq?

Ceyhun Məmmədov: Ölkəmizdə milli-mənəvi dəyərlərimizə yüksək diqqət və  qayğı var - AZƏRTAC

Ceyhun Məmmədov

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın Ermənistandan Qarabağa gedən yolu bağlamağa tam haqqı var: “Bu, həm də Azərbaycan cəmiyyətinin haqlı istəyidir. Əgər Ermənistan Zəngəzur dəhlizini açmırsa, bunun qarşısını min bir yolla almağa çalışırsa, Ermənistandan Qarabağa gedən yolla Qarabağdakı Ermənistanın qeyri-qanuni silahlı qüvvələrinə silah daşıyırsa, Azərbaycan nə etməlidir, bu proseslərə seyrçi qalmalıdır? Azərbaycan bunu etməlidir, çünki Ermənistan başqa yol qoymur”. Laçın dəhlizini bağlayacağı təqdirdə, Azərbaycana yönələ biləcək təzyiqlərə gəldikdə, C.Məmmədov bunu istisna etmədi: “Əlbəttə, bir sıra dövlətlər Azərbaycana təzyiq etməyə çalışacaqlar. Ancaq gərək birinci onlar Ermənistana başa salsınlar ki, Zəngəzur dəhlizi açılmalıdır. Əgər Ermənistan bunu etmirsə, Azərbaycanın cavab reaksiyasına hazır olmalıdır. Biz bu ərazilərdən Qarabağa silah daşınmasına, Zəngəzur dəhlizinin açılmamasına, Naxçıvanın bu gündən sonra da uzun illər blokadada qalmasına razı ola bilmərik. Ermənistan bunu anlamalı və konstruktiv mövqe nümayiş etdirməlidir. Əks halda, cavab tədbirlərinə hazır olmalıdır”.

Azərbaycanın qələbəsi beynəlxalq siyasi və hərbi gündəmi formalaşdırdı” – Tural  İsmayılov

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri, politoloq Tural İsmayılov rəsmi Bakının xəbərdarlıqlarını xatırlatdı: “Azərbaycan dəfələrlə xəbərdarlıq edib ki, Laçın dəhlizindən terrorçulara sursat daşınmamalıdır. Dəfələrlə beynəlxalq birliyə çağırışlar edilib. Təəssüfedici məqam odur ki, rus sülhməramlıları bu gün Xankəndidəki terrorçuların çıxarılma prosesində maraqlı görünmür. Eyni zamanda Xankəndi və ətrafındakı separatçıların hələ də oradan rədd olmamağı Rusiya, Fransa və ABŞ üçün də rəzalətdir”. T.İsmayılov qeyd etdi ki, Azərbaycan antiterror əməliyyatı edib separatçıları çox rahatlıqla təmizləyə bilər: “Lakin biz son məqama qədər diplomatik həll yollarında maraqlıyıq. Beynəlxalq birlik ədalətsizdir, biz bunu 44 günlük Vətən müharibəsində də gördük. O üzdən düşünmürəm ki, bundan sonra da onlar haqqın yanında yer alsınlar”. Politoloq qeyd etdi ki, hansısa “qınaqlar” bizi yolumuzdan döndərə bilməyəcək: “Azərbaycan mina və silah daşınmasına göz yuma bilməz. Azərbaycan ərazilərində separatçılar at oynada bilməz və bunun əlbəttə ki, bir sonu var. Bütün ermənipərəst qüvvələrin informasiya hücumlarına rəğmən, Azərbaycan öz istədiyini edəcək”.

Dövlətimizə inanırıq və güvənirik!

Elşad PAŞASOY,
“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər