Ötən ilin 27 sentyabrında, bir il öncə Ali Baş Komandan İlham Əliyev erməni təcavüzü nəticəsində otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etmək üçün rəşadətli Azərbaycan Ordusuna əks-hücum əməliyyatlarına başlamağı əmr etdi. Beləliklə 44 günlük Vətən Müharibəsi başladı. Kimi ön, kimi də arxa cəbhədə səfərbər oldu. Uşaqdan böyüyə hər kəs bu günlərdə orduya dəstək üçün əlindən gələni etməyə çalışdı. Əli silah tutan hər bir Azərbaycan övladı dövlət başçısının bir əmri ilə ordu sıralarına qoşulmağa, işğal altında olan torpaqlarımızı azad etməyə hazır idi. Tarixin bütün sınaqlarında olduğu kimi, bu günlərdə də dövlət və xalq birliyinin şahidi olduq. Azərbaycan xalqı Ali Baş Komandanın, Ordumuzun ətrafında bir yumruq kimi birləşdi. 21 -ci əsrin ən müasir hərbi texnikası ilə təchiz edilmiş müzəffər ordumuz 44 gün ərzində düşmənə nəfəs almağa belə imkan vermədi. Nəhayət xalqımızın 30 illik həsrətinə son qoyuldu. İşğal altında olan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərba edildi.
44 gün ərzində Azərbaycan həm döyüş, həm də informasiya cəbhəsində düşmənə açıq şəkildə qalib gəldi. Bu müddət ərzində döyüşlər yalnız səngərlərdə deyil, həm də informasiya məkanında intensiv xarakter aldı. Prezident İlham Əliyev informasiya cəbhəsində ölkəmizin maraqlarını inamla və qətiyyətlə müdafiə etdi.
Ölkə başçısı bütün mümkün vasitələrdən istifadə edərək Ermənistanın törətdiyi ardıcıl təxribatları və erməni yalanlarını sistemli şəkildə beynəlxalq arenada ifşa etməyi bacardı. Prezident İlham Əliyev bu missiyanı bu gün də davam etdirir. Vətən müharibəsinin bir illiyi ərəfəsində Türkiyənin “Anadolu” Agenliyinə verdiyi müsahibədə Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq siyasəti, beynəlxalq müstəvidə həyata keçirilən ikili standartlar siyasəti, postmüharibə dövründə ölkələrarası münasibətlər, informasiya təxribatları, Zəngəzur dəhlizi, İşğaldan azad olunmuş ərazilərin bərpası və digər məsələlərlə bağlı Azərbaycanın mövqeyini bir daha bəyan etdi.
“Olmayan işğalı görən, əlbəttə, ya kordur, ya da nankordur”
“İndi Ermənistanda və bəzi əcnəbi siyasətçilər bizi Ermənistan torpaqlarını işğal etməkdə günahlandırırlar. Birincisi, bu, yalandır. İkinci isə, Ermənistan bizim torpaqlarımızı işğal etdiyi zaman niyə səsinizi yüksəltmirdiniz? Nəyə görə göz yumurdunuz?”
Ölkə başçısı bildirdi ki, 30 il ərzində təkcə işğal deyil, eyni zamanda bütün tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. Bütün binalar dağıdılıb. Orada qanunsuz məskunlaşdırma həyata keçirilirdi. Suriya, Livan və başqa ölkələrdən ermənilər gətirilərək orada məskunlaşdırılırdı. Bu, müharibə cinayətidir. Bütün beynəlxalq konvensiyalara əsasən bu, müharibə cinayətidir. Bunu etmədilər. Bu işğalı görməyən, indi isə olmayan işğalı görən, əlbəttə, ya kordur, ya da nankordur. Ya da sadəcə riyakardır. Bu daha doğru ifadə ola bilər.
Azərbaycan-Rusiya münasibətlərinin pozulması Ermənistan təbliğatının strateji məqsədidir. 44 günlük Vətən müharibəsi dövründə də Ermənistanın bu kimi çirkin əməllərinin şahidi olduq. Ölkə başçısı müsahibəsində Rusiya-Azərbaycan münasibətlərini də şərh etdi. Bildirildi ki, Ermənistan ordusunun Rusiya tərəfindən pulsuz silahlandırılması ilə bağlı məlumatlar Rusiya tərəfindən təkzib olunub və yetərincə dəqiq cavab verilib.
“Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir”
Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistan və Rusiyada fəaliyyət göstərən erməni lobbisi hər gün, müntəzəm olaraq çalışır ki Rusiya-Azərbaycan münasibətlərində bir çat yaransın:”Onların gündəlik peşəsi Azərbaycanı ləkələmək, Rusiya mediasında Azərbaycan haqqında mənfi imic yaratmaq, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Hesab edirlər ki, belə olan halda, revanşist qüvvələr nə vaxtsa yenə də baş qaldırıb bizə qarşı yeni savaşa çıxa bilərlər. Amma onlar yanılırlar. Birincisi, Rusiya-Azərbaycan münasibətləri kifayət qədər yüksəksəviyyəli münasibətlərdir. Biz bütün məsələləri açıq şəkildə müzakirə edirik – prezidentlər səviyyəsində, müdafiə və xarici işlər nazirləri səviyyəsində. Hansısa tərəfi narahat edən istənilən məsələ ilə bağlı biz dərhal təmasda oluruq və məsələləri həll edirik. Deyə bilərəm ki, bu gün Rusiya-Azərbaycan münasibətlərində hansısa təcili məsələni həll etməklə bağlı bir mövzu da yoxdur. Çünki bu münasibətlər kifayət qədər müsbətdir. Ermənistanın bu təbliğat cəhdləri onlara uğur gətirməyəcək”.
Prezident İlham Əliyev Ermənistan-Türkiyə münasibətlərinin normallaşması məsələsinə də münasibət bildirdi. Ölkə başçısı bildirdi ki, regionun surətli inkişafı üçün bölgədə dayanaqlı sülh təmin olunmalıdır: “Bölgədə sülhün təmin olunması üçün Ermənistan-Türkiyə münasibətlərinin normallaşması labüddür. Türkiyənin təklif etdiyi 3+3 platforması bunun ən gözəl yoludur. Ancaq Ermənistan hələ ki, buna razılıq verməyib. Azərbaycan bunu dəstəklədi, Rusiya dəstəklədi, İran dəstəklədi, ancaq Ermənistan bunun əleyhinə çıxır”.
“Savaşın ilk saatlarından Türkiyənin Azərbaycanın yanında olması bizə əlavə güc verdi”
Prezident İlham Əliyev Anadolu agentliyinə müsahibəsində Türkiyə-Azərbaycan münasibətləri barədə danışarkən bildirdi ki, Türkiyə, onun Prezidenti və xalqı hər zaman Azərbaycanın yanındadır: “Necə ki, savaşın ilk saatlarında Türkiyə Prezidenti bildirmişdi ki, Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə əlavə güc verdi və mənəvi güc verdi. Son illər ərzində biz çox böyük yol keçdik və demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq. Türkiyə bizim yanımızda olmaqla, bütün dünyaya mesaj göndərdi ki, qarışmayın, müdaxilə etməyin. Azərbaycan haqq yolundadır və əgər qarışsanız, əgər müdaxilə etsəniz, qarşınızda Türkiyəni görəcəksiniz. Şuşa Bəyannaməsinin imzalanması bizim münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırdı”
Dövlətimizin başçısı vurğuladı ki, Türkiyə Azərbaycan üçün nə qədər doğma, nə qədər əziz ölkədir və Azərbaycan da Türkiyə üçün. Bu son illər ərzində biz çox böyük yol keçdik və demək olar ki, münasibətlərimizi ən yüksək zirvəyə qədər qaldırdıq. Mən, – yəqin siz də bunu xatırlayırsınız, – nə qədər demişdim ki, dünya miqyasında buna oxşar əməkdaşlıq, dostluq, qardaşlıq yoxdur.
“İran Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizliyə son qoymalıdır”
Azərbaycan Prezidenti İlham Əliyevin Anadolu Agentliyinə müsahibəsində İranın sərhədlərimiz yaxınlığında keçirdiyi irimiqyaslı təlimə və İran yük maşınlarının Qarabağdakı bir ovuc terrorçu-separatçıya qanunsuz yük daşımasına da münasibət bildirdi.
Ölkə başçısı bildirdi ki, İran tırlarının qanunsuz olaraq Qarabağ bölgəsinə getməsi dəfələrlə təkrarlanan hadisədir. Azərbaycan müxtəlif kanallarla İran tərəfinə narazılığını ifadə edirdi, lakin bu hallar təkrarlanır. Bu, ölkəmizə qarşı hörmətsizlikdir. Azərbaycanın ərazi bütövlüyünə qarşı hörmətsizlikdir, buna son qoyulmalıdır.
Prezidenti İlham Əliyev qeyd etdi ki, Azərbaycan-İran münasibətlərinə zərər verə biləcək halların mütləq qarşısı alınmalıdır.
Sərhədimizin yaxınlığında keçirilən hərbi təlimləri ölkə başçısı təəccüb doğuran məsələ kimi dəyərləndirdi: “30 illik müstəqillik dönəmində belə hadisələr olmamışdır. Düzdür, hər bir ölkə öz ərazisində istənilən hərbi təlimi keçirə bilər. Bu, onun suveren hüququdur, söz ola bilməz. Ancaq, eyni zamanda, bunu bir zaman kəsiyində analiz edərkən görürük ki, bu, heç vaxt olmamışdır. Nə üçün məhz indi? Nə üçün məhz bizim sərhədimizdə? Bu sualları Azərbaycan ictimaiyyəti verir. Bu sualları dünya azərbaycanlıları verir. Bir sual da verilir ki, nə üçün işğal dövründə o bölgədə təlim keçirilmirdi? Ermənilərin Cəbrayılda, Zəngilanda, Füzulidə oturduğu dövrdə nə üçün təlim keçirilmirdi? Nə üçün bu, biz torpaqları azad edəndən sonra, 30 illik əsarətə, işğala son qoyandan sonra keçirilir? Bu suallar legitim suallardır. Biz istəyirik ki, bölgədə uzunmüddətli əməkdaşlığa zərbə vuran heç bir hal olmasın. Azərbaycan burada da özünü çox məsuliyyətlə aparır, təmkinlə aparır”.
Ölkə başçısı müsahibəsində Ermənistana da açıq mesaj verdi. Bildirdi ki, Ermənistan Azərbaycanla münasibətləri normallaşdırmaq üçün daha çox səy göstərməlidir: “Çünki onlar üçün bu, önəmlidir. Müharibədən sonra onların durumu daha da pisləşdi. Ona görə daim münaqişədə olmaq, qonşularla əsassız, saxta tarix əsasında gələcək əlaqələri planlaşdırmaq çox yanlış bir addımdır. Ermənistan maraqlı olmalıdır ki, ilk növbədə, Türkiyə ilə əlaqələri normallaşdırsın, eyni zamanda, Azərbaycanla münasibətləri normallaşdırsın. Türkiyə və Azərbaycanla öz sərhədlərini müəyyən etsin, delimitasiya, demarkasiya aparılsın”.
Beləliklə, 44 günlük Vətən Müharibəsində əldə edilən qələbə ölkəmizin siyasi nüfuzunu, iqtisadi və hərbi gücünü bir daha göstərdi. Azərbaycanın əldə etdiyi qələbə bu gün regionda tamamilə yeni geosiyasi və geoiqtisadi reallıqlar yaradıb. Bununla da Azərbaycan sözü, mövqeyi və müstəqil xarici siyasəti olan ölkə imicini daha da gücləndirdi. Prezident İlham Əliyevin Türkiyənin “Anadolu” Agenliyinə verdiyi müsahibə bunu bir daha təsdiq etdi.
Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor