Azərbaycan pandemiya ilə qlobal mübarizəyə öz töhfəsini verir

648

2022-ci il fevralın 25-də BMT Baş Assambleyasının sədrinin “Universal peyvəndlənmə üçün səylərin artırılması” mövzusunda təşkil etdiyi yüksək səviyyəli tematik müzakirələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin milli qisimdə və Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlər adından videoformatda çıxışı olub.

Prezident İlham Əliyev çıxışında COVID-19 ilə qlobal mübarizə, onun nəzarətdə saxlanılması, virusun yayılmasının qarşısının alınması, eyni zamanda, kasıb ölkələrə dəstəyin verilməsi üzrə səylərin əlaqələndirilməsi kimi məsələlərə toxunub.

Azərbaycan pandemiyaya qarşı mübarizə istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib

Azərbaycan pandemiya, “peyvənd millətçiliyi” və peyvəndlərdən istifadə ilə bağlı inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında qeyri-bərabərliyə qarşı beynəlxalq həmrəyliyin gücləndirilməsi istiqamətində vacib qlobal təşəbbüslərlə çıxış edib. BMT Baş Assambleyasının Xüsusi Sessiyası, peyvəndlərdən bərabər və universal istifadənin təmin edilməsinə dair qətnamələr bunun bariz nümunəsidir. Ölkə başçısı çıxışında bir daha bu məsələyə diqqət çəkərək bildirdi ki, Həmrəylik əlaməti olaraq, koronavirusla mübarizəni dəstəkləmək məqsədilə Azərbaycan birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, Azərbaycan 5 ölkəyə peyvənd ianəsi edib və bu iş davam etdiriləcək. Hazırda Azərbaycan Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsini həyata keçirir.

Azərbaycanda yetkin əhalinin 68 faizinə COVID-19 peyvəndin hər iki dozası vurulub

Prezident İlham Əliyev Qoşulmama Hərəkatına üzv dövlətlər adından bildirib ki, Hərəkat post-COVID-19 dövrünün bərpa ehtiyacları ilə bağlı nəticəyönümlü təşəbbüslərlə çıxış edəcək. Ölkə başçısı vurğulayıb ki, Qoşulmama Hərəkatı pandemiyanın tezliklə aradan qaldırılması və effektiv bərpa prosesinə imkan yaradacaq beynəlxalq həmrəyliyin gücləndirilməsi üçün fəal şəkildə səylərini davam etdirməyə hazırdır.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın COVID-19 pandemiyası ilə mübarizə sahəsində həyata keçirdiyi səmərəli və adekvat tədbirlərdən danışıb: “Biz peyvəndlənmə kampaniyasına 2021-ci ilin yanvarında başlamışıq. Bu günədək ölkədə yetkin əhalinin 68 faizinə peyvəndin hər iki dozası vurulub. COVID-dən əziyyət çəkmiş əhali və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün bu ilin dövlət büdcəsindən 1.6 milyard ABŞ dolları məbləğində maliyyə yardımı ayrılıb”.

Azərbaycan bütün ölkələr üçün peyvəndlərə əlçatanlığın təmin olunmasına xidmət edən təşəbbüsləri dəstəkləyir

Azərbaycan bütün ölkələr üçün COVID-19 peyvəndlərinin məqbul qiymətə, bərabər, universal və vaxtında əlçatanlığın təmin olunmasına xidmət edən COVAX Mexanizmi, COVAX Öncədən Bazar Öhdəliyi, COVAX Öncədən Bazar Öhdəliyi Forumu və digər aidiyyəti konstruktiv təşəbbüsləri yüksək qiymətləndirir və dəstəkləyir.

Prezident İlham Əliyev bu barədə mötəbər tədbirlərdə dəfələrlə Azərbaycanın mövqeyini ifadə edib. Dövlətimizin başçısı çıxışında bütün ölkələrin, beynəlxalq təşkilatların və aidiyyəti tərəfdaşların milli və regional hüquqi çərçivəyə uyğun olaraq peyvənd istehsalı, paylanılması və ədalətli qiymət qoyulması məsələlərində şəffaflıqla bağlı öhdəlik götürmələrinin vacibliyini vurğuladı.

SİTAT:“COVID-19 əleyhinə peyvəndlərin məqbul qiymətə, vaxtında, bərabər və universal əlçatanlığına mane ola biləcək möhtəkirliyin, lazımsız ixrac nəzarətinin və lüzumsuz artıq tədarükün qarşısının alınması ilə bağlı ölkələr tərəfindən təcili addımların atılması eyni dərəcədə əhəmiyyətlidir”.

Azərbaycan COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayır

Prezident çıxışında bildirib ki, COVID-19 pandemiyası kimi qlobal fövqəladə vəziyyət qlobal yanaşma tələb edir. Lakin, az və orta gəlirli ölkələrdə peyvəndlərin tədarükünün aşağı səviyyədə olması bu baxımdan hələ də çox işlərin görülməli olduğunu göstərir.

Qoşulmama Hərəkatına üzv dövlətlər adından çıxış edən dövlətimizin başçısı deyib: “COVID-19 peyvəndlərinin bölgüsü baxımından inkişaf etməkdə olan ölkələrlə inkişaf etmiş ölkələr arasında qeyri-bərabərlik beynəlxalq ictimaiyyətin qısa zamanda pandemiyanın tamamilə aradan qaldırılmasına nail olmasının qarşısını alır. Bu, həm də Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinin reallaşdırılmasına mane olur”.

Azərbaycan Prezidenti qeyd edib ki, səhiyyə sisteminin davamlı fəaliyyətinin təmin edilməsi və pandemiya ilə mübarizədə səmərəli addımların atılması üçün əsas səhiyyə xidmətlərinin bütün müvafiq aspektlərinin gücləndirilməsi vacibdir: “Buraya müxtəlif addımlarla yanaşı, səhiyyənin universal əlçatanlığı üçün fasiləsiz peyvəndlənmə proqramlarının davam etdirilməsi də aiddir.Biz, həmçinin COVID-19 peyvəndlərini ianə edən ölkələrin səylərini alqışlayırıq və bütün dövlətlərə buna ehtiyacı olan az və orta gəlirli ölkələrlə peyvənd dozalarını bölüşməyi fəal şəkildə təşviq edirik”.

Beləliklə deyə bilərik ki, Azərbaycanın koronavirusla mübarizə metodları və təcrübəsi dünyanın bir çox ölkələri üçün nümunədir. Ötən dövrə nəzər salsaq görərik ki, iqtisadiyyatın bir çox sahələrində itkilərin qarşısını almaq və sosial müdafiəni təmin etmək üçün dövlət 2 milyard dollarlıq sosial-iqtisadi stimul paketi tətbiq edib. Eyni zamanda səhiyyə sahəsində təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Qısa müddət ərzində ölkənin bir çox ərazilərində modul tipli xəstəxanalar tikilərək istifadəyə verildi. Yeni laboratoriyalar quruldu, bbi qoruyucu vasitələrin və dezinfeksiya məhsullarının istehsalı sahəsində mühüm addımlar atıldı. Bütün bunlar sözsüz ki, xəstəliyin daha geniş miqyasda yayılmasının qarşısını almağa xidmət etmiş oldu. Azərbaycan bu gün istər ölkə daxilində, istərsə də Qoşulmama Hərəkatının sədri kimi dünya miqyasında pandemiya ilə mübarizəyə öz töhfəsini verir, beynəlxalq səviyyədə olan təşəbbüsləri yaxından dəstəkləyir.
Məhparə Cavadova, Əməkdar həkim

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər