Azərbaycan pandemiyaya qarşı qlobal təşəbbüslərlə çıxış edir

937

Hazırda dünyanın ən böyük problemi olan COVID-19 pandemiyası əsrimizin ən ciddi təhlükələrindən birinə çevrilib. Dünyanın təhlükəsizliyini qorumaq, pandemiyanı cilovlamaq üçün hər bir dövlətin üzərinə böyük bir məsuliyyət düşür. Təsadüfü deyil ki, beynəlxalq kütləvi informasiya vasitələrində müxtəlif dövlətlərin COVID-19 epidemiyası təhlükəsinə qarşı diqqətsiz yanaşmaları, xüsusən məhdudiyyətlər tətbiq etməmələri, vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməmələri və digər səbəblərdən beynəlxalq hüquqa görə məsuliyyət daşımaları müzakirə mövzusudur. Xüsusilə bir çox inkişaf etmiş ölkələrin vaxtında qabaqlayıcı tədbirlər həyata keçirməmələri həmin ölkələrdə virusun daha sürətlə yayılmasına şərait yaratdı. Bunun nəticəsidir ki, bu kimi ölkələrdə koronavirus infeksiyasının yayılması sürəti, səhiyyə sisteminin çökməsi, ölüm hallarının hədddindən artıq olması göz qabağındadır.
Azərbaycan dövləti əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün ilk gündən etibarən effektiv, qabaqlayıcı tədbirlər həyata keçirdi. Azərbaycan əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə çıxması üçün dövlət tərəfindən çox mühüm addımlar atıldı və hazırda da bu istiqamətdə çox böyük işlər həyata keçirilir.
Ölkəmizdə zəruri qabaqlayıcı tədbirlərin vaxtında həyata keçirilməsi, əhalinin sağlamlığının daim dövlət başçısının diqqət mərkəzində saxlanılması pandemiyanın təsirlərinin minimumlaşdırılmasına şərait yaratdı. Prezident İlham Əliyevin koronavirusla mübarizəyə strateji baxışı və risklərin dəyərləndirilməsinə əsaslanan düzgün qərarların qəbul olunması, lazımi tədbirlərin həyata keçirilməsi müsbət təsirini göstərərək ilk vaxtlarda yoluxma zəncirinin qırılması ilə nəticələndi.
Pandemiya ilə mübarizənin ilk vaxtlarında Prezident İlham Əliyev bəyan etdi ki, bu pandemiya dövründə bizim üçün əsas prioritetlər insanların sağlamlığı, onların sosial müdafiəsi və vəziyyətə uyğun şəkildə iqtisadi fəallığın artmasıdır.
Ölkə başçısının tapşırığına əsasən, zəruri qabaqlayıcı tədbirlər görüldü, çevik qərarlar qəbul olundu. Profilaktik və təxirəsalınmaz qərarların həyata keçirilməsi üçün Nazirlər Kabineti yanında operativ qərargah yaradıldı
Bütün sərhədlər bağlanıldı, xaricdəki vətəndaşlarımız vətənə qaytarıldı. Ölkəmizdə tibbi maska istehsalı müəssisələri istifadəyə verildi, dezinfeksiya məhsulları və qoruyucu vasitələr istehsal edən müəssisələr yaradıldı. Qısa müddət ərzində ölkəmizin müxtəlif yerlərində modul tipli xəstəxana istifadəyə verildi, 20-dən çox müasir laboratoriya quraşdırıldı.
Yoluxmanın erkən aşkarlanması üçün xeyli sayda testlərin aparılması, koronavirusa yoluxmuş xəstələrin xəstəxana şəraitində yüksək səviyyədə müalicə edilməsi, həyata keçirilən digər kompleks tədbirlər nəticəsində dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisədə effektiv nəticələrə nail olundu.
Ölkəmizdə virusa yoluxma sayı, xəstəliyin yayılma dinamikası nəzərə alınaraq mərhələli şəkildə həyata keçirilən sərtləşdirmə və yumşaldılma tədbirləri koronavirusa qarşı mübarizədə öz müsbət təsirini göstərdi.
Prezident İlham Əliyevin xalqa müraciətləri də ölkəmizdə pandemiya ilə mübarizədə mühüm rol oynadı. Ölkə başçısı pandemiyanın yeni başladığı günlərdə xalqa müraciət edərək dedi: “Məsuliyyətli olun, nizam-intizamı, qaydaları pozmayın, özünüzü, uşaqlarınızı, yaxınlarınızı qoruyun ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxa bilək! Biz birlikdə güclüyük!”. Cənab Prezident tərəfindən səsləndirilən bu ifadələr ölkəmizdə pandemiya ilə mübarizədə bir şüara çevrildi.
Dövlətimiz koronavirus pandemiyası ilə mübarizədə iqtisadi və maliyyə risklərinə baxmayaraq, əhalimizin sağlamlığının qorunması üçün lazım olan bütün addımları atdı. Karantin rejiminin sərtləşdirilməsi nəticəsində işsiz qalan şəxslərə və xüsusi karantin rejimində gəlirini itirən sahibkara yönəlik dəstək proqramları reallaşdırıldı. Bütün bunlar bir daha göstərdi ki, dövlət hər zaman vətəndaşın yanındadır.
Azərbaycan koronavirus infeskiyasına qarşı dünyada həyata keçirilən vaksinasiya prosesinə ilk qoşulan ölkələrdən biri oldu. “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” təsdiq olunub və hazırda ölkəmizdə vaksinasiya prosesi uğurla davam edir. Yanvar ayından başlanılan vaksinasiyada bu günədək 1,4 milyon vətəndaşımız iştirak etmişdir.
Prezident İlham Əliyevin 2021-ci il 26 aprel tarixində BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial Komissiyasının 77-ci sessiyasında çıxışı zamanı bildirdi ki, yalnız milli səviyyədə həyata keçirilən səylər dünyada pandemiyanın aradan qaldırılması üçün kifayət etmir: “Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində 2020-ci ilin may ayında Qoşulmama Hərəkatının koronavirusla mübarizəyə həsr edilmiş Zirvə toplantısının təşəbbüskarı olmuş və onu uğurla keçirmişdir. Bizim təşəbbüsümüzlə ötən ilin dekabr ayında BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində xüsusi sessiyası keçirilmişdir”.
Prezident İlham Əliyev çıxışında dünyada ədalətsiz vaksin bölgüsü ilə bağlı narahatçılığını bölüşdü: ““Vaksin millətçiliyi”, vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ədalətsiz bölgüsü bizi dərindən narahat edir. Dünyada mövcud vaksinlərin 53 faizi 30-dan çox zəngin dövlət tərəfindən sifariş edilib. Azərbaycan həm Qoşulmama Hərəkatının sədri kimi, həm də milli səviyyədə dünyada vaksinlərin ədalətli bölgüsü və vaksinlərin inkişaf etməkdə olan və ən az inkişaf etmiş ölkələr üçün əlçatanlığının təmin edilməsi istiqamətində mübarizəsini davam etdirəcəkdir”.
Prezident İlham Əliyev çıxışlarında hər zaman pandemiyanın qarşısını almaq üçün dünya ölkələrini qlobal həmrəyliyə, səylərin birləşdirilməsinə səsləyir. Pandemiya ilə effektiv mübarizə üçün ölkəmiz qlobal təşəbbüslərlə çıxış edir. Bu il martın 23-də BMT-nin İnsan Hüquqları Şurasının 46-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə “COVID-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi” adlı qətnamə qəbul edilməsi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın koronavirusa qarşı apardığı mübarizə modeli, pandemiya ilə mübarizə məqsədi ilə irəli sürdüyü qlobal təşəbbüslər hər zaman beynəlxalq səviyyədə təqdir olunur. Bu istiqamətdə atılan addımların, həyata keçirilən layihələrin, qlobal təşəbbüslərin nəticəsidir ki, ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən də nümunə kimi göstərilir.

Təranə Rəcəbli, Əməkdar həkim, YAP Sumqayıt şəhər təşkilatı İdarə Heyətinin üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər