Azərbaycan peyki orbitdə partlaya bilər – SOS!

791

“Azərkosmos” isə risk faktorunun nəzərə alındığını deyir

Gələn il orbitə buraxılması gözlənilən Azərbaycanın ilk kosmik telekommunikasiya peyki “Azerspace -1”nin təhlükə ilə üzləşmək ehtimalı var. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş fizikası şöbəsinin müdiri Namiq Cəlilov AzNews.az-a bildirib ki, 2013-cü il Günəşdə aktivliyin maksimum həddə çatması peykə mənfi təsir göstərə bilər: “Yüksək enerjili plazma kütlələri peyklə toqquşaraq, onun elektron sistemini sıradan çıxara bilər: “Təcrübədə belə hadisələr çox olub. Rusiya 1989-cu ildə iki peyk buraxdı və onların nəzəri cəhətdən hazırlanmasında mən də iştirak etmişdim. Günəş aktivliyi həmin peyklərdən birini məhv edərək onu sıradan çıxardı”.

Günəşdə 2013-cü il boyunca davam edəcək maksimum aktivliyin 2014-cü ildən etibarən zəifləyəcəyini deyən mütəxəssis peykin orbitə buraxılmasında bu dövrün nəzərə alınmasının vacibliyini vurğulayıb.

“Azərkosmos” isə AMEA təmsilçisinin fikirləri ilə bağlı şərh vermək istəmir: “Burada elmi mülahizədən söhbət gedir və biz elmi-tədqiqat işləri ilə məşğul olan bir qurum deyil, kommersiya fəaliyyəti göstərən peyk operatoru olduğumuzdan bizim bu mövzuya elmi cəhətdən münasibət bildirməyimiz düzgün olmazdı.

“Azərspace-1” peykinin sığortalanması üçün “Marsh” sığorta brokerinin iştirakı ilə 1999-cu ildən bu günədək kosmik sığorta bazarında qeydə alınan ən aşağı və əlverişli sığorta tarifinin əldə edilməsinə nail olunub. Bunun əsas səbəbi Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar aparılan uzunmüddətli araşdırma və danışıqlar nəticəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən uğurlu peyk və buraxılış vasitəsinin seçilməsidir. Eyni zamanda peykin və raket daşıyıcısının istehsalı üçün ABŞ-ın “Orbital Sciences” və Fransanın “Arianespace” kimi etibarlı şirkətlərlə əməkdaşlıq edilməsidir”.

“Azərkosmos” ASC-nin insan ehtiyatları, texniki sahə üzrə mütəxəssislərin mütəmadi olaraq xarici ixtisasartırma kurs və təlimlərində iştirakının təmin edilməsi, o cümlədən xarici ölkələrin təcrübəsindən məqsədyönlü və səmərəli şəkildə istifadə kimi bir sıra digər amillər də əlverişli sığorta tarifinin əldə edilməsinə müsbət təsir göstərib: “Təbii olaraq sığorta tarifinin müəyyən olunmasında əsas amil kimi sığortaçı şirkətlər tərəfindən risk faktoru nəzərə alınmışdır. Xəbərdə qeyd olunduğu səbəbdən peykin məhv olma ehtimalı peykin orbitə buraxılması və sığortalanması üçün real risk faktoru olaraq dəyərləndirilsəydi, aydın məsələdir ki, nə istehsalçı, nə də sığortaçı şirkətlər belə böyük bir riski öz üzərinə götürmək marağından çıxış edərdilər”.

Qeyd edək ki, “Azərspace-1” telekommunikasiya peykinin orbitə çıxarılması və peykin orbitdə bir illik istismar dövrünü əhatə edən sığorta müqaviləsinə əsasən, baş verə biləcək bütün qəza hallarında “Azərkosmos” ASC sığorta ödənişləri hesabına “Azərspace-1” layihəsini davam etdirmək imkanına sahib olacaq.

Elnarə Əlosmanqızı
AzNews.az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər