Azərbaycan qadını bütün dövrlərdə dövlətə öz sədaqəti və fədakarlığı ilə seçilib

692

Yurdumuza bahar gəlir. Hər qədəmi  bir  bayramın müjdəsi, əli xonçalı, dodağı qönçəli,  qoynu bənövşəli bahar…Baharın ilk bayramı qadınlarımızın payına düşür. Dünyanın ən gözəl, müqəddəs, incə, zərif məxluqlarıdır qadınlar. Şairi də var, bəstəkarı, rəssamı, alimi, hətta dövlət xadimi, Milli Qəhrəmanı da…

Qadın  hər  şeydən  əvvəl anadır. Bizi dünyaya gətirən, həyat verən, dahilərin, mütəfəkkirlərin, şairlərin  tərənnüm  etdiyi, hüsnünə çox dəyərli sözlər söylədiyi ana!

Qadın ömür-gün yoldaşı, boyunu sevə-sevə böyütdüyümüz qız övladımızdır. Qadın hər  acımıza qəmlənən, sevincimizlə şənlənən bacıdır, dostdur, rəfiqədir. Onlar ən ətirli çiçək kimi sevilməyə, əzizlənməyə layiqdirlər, dünyanın bəzəyi, baş tacıdırlar. Ona görə də 8 mart Beynəlxalq Qadınlar günü təkcə xanımlarımızın deyil, bütün bəşəriyyətin bayramıdır.

Qadın  günü  hələ  qədim  Roma  imperiyasında mövcud  olmuşdur. Həmin  gün  matronlar  adlanan azad Roma qadınları üçün bayram hesab olunurdu. Hətta qul qadınlara da həmin gün istirahət verilirdi.

8 mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadın kişilərlə bərabərhüquqlu olmaq uğrunda, aşağı maaşa, uzun iş günü və pis iş şəraitinə etiraz olaraq tətil etmişlər. Beynəlxalq Qadınlar Gününün bayram edilməsi isə Almaniya Kommunist Partiyasının yaradıcılarından biri, qadın hüquqlarının müdafiəçisi Klara Setkinin təklifi ilə 1910-cu ildə sosialist qadınların Kopenhagendə keçirilən 2-ci Beynəlxalq konfransında qərara alınmışdır. 1914-cü ilə qədər Beynəlxalq Qadınlar Günü mart ayının müxtəlif günlərində keçirilirdi. Bu əlamətdar günün 8 Martda keçirilməsi Avstriya, Macarıstan, Rusiya,  ABŞ və digər ölkələrdə qadınların öz həmrəylik gününü məhs bu tarixdə qeyd etməsindən sonra ənənənə halını aldı və o vaxtdan bütün ölkələrdə qadınlar 8 Mart gününü sülh uğrunda mübarizədə həmrəylik günü kimi də qeyd edirlər.

1965-ci ildən keçmiş SSRİ-də 8 Mart Beynəlxalq Qadınlar Günü istirahət günü elan olundu. Azərbaycanda da bu bayram təkcə qadınların deyil, xalqımızın, cəmiyyətimizin, ölkəmizin rəsmi bayramı kimi qeyd olunur və həmin gün qeyri-iş günüdür. Hər il bayram günü ərəfəsində dövlət başçımız, cənab İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayır, işində fərqlənən qadınların əməyini qiymətləndirərək fəxri adlar verir, orden və ya medallarla təltif edir.

Bütün dövrlərdə öz idarəsi və mərdliyi, ailəyə, dövlətə sədaqəti və fədakarlığı ilə seçilib qadınlarımız. Xalq yaradıcılığı nümunələrində, qədim rəvayət və dastanlarımızda yüksək əxlaqi dəyərləri, mənəvi keyfiyyətləri ilə səciyyələnən qadın obrazlarının bədii təsviri verilib. Mənəviyyatımızın təməl kitabı olan “Kitabi-Dədə Qorqud” dastanındakı Burla xatun, Banuçiçək, Selcan xatun, “Koroğlu” dastanının Nigarı, “Qaçaq Nəbi”nin Həcəri  gözəl və fədakar qadınlarımızın ümumiləşmiş obrazları olaraq bu gün də öz məziyyətləri ilə bəşəri idealların təntənəsinə xidmət edir.

Şərqin ilk demokratik respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlarımız seçib-seçilmək hüququ qazanaraq ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlamış, maariflənərək, savadlanaraq  milli dəyərlərimizin, ana dilimizin, mədəniyyətimizin və mənəviyyatımızın ən etibarlı dayağı olmuşlar.

Dövlət müstəqilliyimizin bərpasından sonra milli dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrilib, ölkəmizin sosial-iqtisadi və mədəni potensialının artırılması üçün dəyərli töhfələr verib qadınlarımız. Azərbaycan dövlətçiliyinin, iqtisadiyyatının, elminin, mədəniyyətinin inkişafında, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında qadınlarımızın xüsusi xidmətləri var və çalışdıqları bütün sahələrdə uğurlar qazanaraq Azərbaycan qadınının nüfuzunu yüksəltməyə nail olmuşlar.

Tarix boyu müqəddəs ana şərəfini uca tutub qadınlarımız. Sadəcə ata ocağının çırağını yandıran övlad deyil, vətənə layiq, onun yolunda canından keçməyə hazır olan vətəndaş böyüdüb. Qəhrəmandır, fədakardır, mübarizdir qadınlarımız. Yurdun, elin ağır günündə igid ərləri, övladlarıyla çiyin-çiyinə vuruşan, ordu quruculuğunda xidmət edən, həm vətənin müdafiəsində fədakarlıq nümayiş etdirərək döyüş meydanlarında şücaət göstərən, həm də dövlətin idarə olunmasında ləyaqətlə çalışan yüzlərlə qadınlarımız var. Hazırda Azərbaycan Ordusunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil müəssisələrində, hərbi tibb ocaqlarında və digər sahələrdə yüzlərlə qadın xidmət edir, vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirirlər. Mülki işlərdə çalışan qadınlarımızın da əməyi yüksək qiymətləndirilir. Ləyaqət nümunəsi Azərbaycan xanımları öz dərin zəkaları və tükənməz daxili potensialları ilə bu gün də xalqa və cəmiyyətə fədakarcasına xidmət edirlər.

Ölkəmizdə dövlət qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev hər zaman qadın şəxsiyyətinə böyük hörmətlə yanaşmışdır. Ulu Öndər Azərbaycana rəhbərliyin bütün dövrlərində qadınların rolunu yüksək qiymətləndirmiş, ”Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin dayağıdır.”- demişdir. Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra da ölkə iqtisadiyyatının idarə olunmasında, elmin, təhsilin, mədəniyyətin inkişafında yenə qadınlara üstünlük verdi. Məhz onun fərmanı ilə Azərbaycanda qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Azərbaycan Respublikasında Dövlət Qadın siyasətinin həyata  keçirilməsi haqqında ümummilli liderimizin 6 mart 2000-ci il tarixli fərmanında komitənin fəaliyyətinin əsas istiqamətləri müəyyənləşmişdir. Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Bu gün Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdikləri uğurlar, nümayiş etdirdikləri yüksək göstəricilər ölkəmizdə əsası Heydər Əliyev tərəfindən qoyulan qadın siyasətinin sistemli inkişafının məntiqi nəticəsidir.

Dövlət qadın siyasətinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi sayəsində Azərbaycan qadınının cəmiyyətdə yeri və nüfuzu daha da artıb, cəmiyyətimizin sosial, iqtisadi, siyasi, mədəni həyatında qadınların rolu getdikcə yüksəlir. Hazırda məmnuniyyət hissi ilə qeyd edə bilərik ki, Azərbaycanda qadın siyasəti dövlət səviyyəsində aparılır və qadın nailiyyətləri sonsuz zirvələr fəth edir.

Tarixən, zaman-zaman bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır.  Onlardan, məsələn, ilk qadın pedaqoq Mədinə Qiyasbəyli, ilk  dramaturq Səkinə Axundzadə, ilk qadın-bəstəkar Ağabacı Rzayeva, Şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundova, ilk xanım opera müğənnisi Şövkət Məmmədova, balet sahəsində ilk qaranquş olan Qəmər Almaszadə, ilk peşəkar rəssam Maral Rəhmanzadə,ilk qadın heykəltəraş Zivər Məmmədova, ilk qadın oftalmoloq Zərifə Əliyeva, tanınmış şərqşünas, professor Aida xanım İmanquliyeva, ilk həkim-ginekoloq Ədilə Şaxtaxtinskaya, ilk  uşaq pediatrı Adilə Namazova və başqalarının adlarını qeyd etmək olar. Bu baxımdan müasir dövrdə ölkəmizin Birinci Xanımı, Respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva özünün həm ictimai- siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı, xalqın rifahı üçün gördüyü işlərlə Azərbaycan qadınlarına  nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə  geniş  fəaliyyət göstərir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər əsl örnəkdir.

Bu gün artıq ölkəmizdə gender siyasətinin gücləndirilməsi, qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir. Qadınlarımız ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə fəal iştirak edir, dövlət qurumlarında, parlament və bələdiyyələrdə çalışır, mədəniyyətimizi, incəsənətimizi xarici ölkələrdə ləyaqətlə təmsil edir. Beynəlxalq arenada Azərbaycanın idman ölkəsi kimi tanınmasında, bu sahədə qazanılan nailiyyətlərdə qadınlarımızın da böyük, əhəmiyyətli töhfəsi vardır.

Sizi bir daha təbrik edirik, əziz qadınlar! Arzu edirik ki, üzünüzdən təbəssüm, evinizdən, ocağınızdan sülh və əmin-amanlıq heç vaxt əskik olmasın. Bayramınız mübarək!

Pərvanə Qasımova, Sumqayıt Şəhər Mərkəzi Kitabxananın elmi katibi

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər