Müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin yürütdüyü uzaqgörən siyasətin nəticəsidir ki, Azərbaycanın bütün dövlətlərlə sıx dostluq və əməkdaşlıq əlaqələri var. Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti Nursultan Nazarbayevin arasında olan dost-qardaş münasibətlər,ölkələrimiz arasında tərəfdaşlığın və əməkdaşlığın daha da möhkəmlənməsinə zəmin rolunu oynamışdır. Həmçinin xalqlarımızın ortaq tarixi, adət-ənənələri və ortaq köklər ölkələr arasında əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxarmışdır. Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev də bu siyasəti davam etdirərək dünya dövlətləri ilə möhkəm əlaqələrin qurulmasına böyük töhfələr verir. Prezidentin xarici siyasətinin əsas məqamlarından biri Azərbaycan ilə Türk dünyasının birliyi və həmrəyliyidir.
Avqustun 24-də Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə rəsmi səfəri , həmçinin imzalanan sənədlər və keçirilən görüşlər bu həmrəyliyə verilən töhfədir. Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlərin 30 illiyi qeyd edilir. Hər iki ölkə bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Azərbaycana səfəri regionda dəyişən reallıqlar fonunda strateji tərəfdaşlığın daha da genişlənməsi məqsədi daşıyır. Səfər zamanı Qazaxıstan Prezidentinin Azərbaycanın dövlət başçısı İlham Əliyevə Qazaxıstanın “ Altın kıran” – “Qızıl qartal “ ali ordenini təqdim etməsi bu əməkdaşlığa və dostluğa verilən dəyərdir. Həmçinin Qazaxıstan Prezidenti çıxışında bildirdi ki, İlham Əliyevi öz ölkəsində və bütün dünyada Azərbaycanı tarixi Zəfərə qovuşduran Lider kimi tanıyırlar. İki dövlətin başçıları arasında təkbətək və geniş tərkibdə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlıq və qarşıda duran hədəflər barədə fikir mübadiləsi aparıldı. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqramı və Azərbycan ilə Qazaxıstan arasında strateji münasibətlərin möhkəmləndirilməsi və dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. İmzalanan sənədlər dövlətlərarası əlaqələrin daha da genişlənməsinə təkan verəcək. Bəyannamədə o da qeyd olunub ki, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
Azərbaycanın öz əzəli torpaqlarına qovuşması ilə azad olunan ərazilərdə aparılan bərpa-quruculuq işlərinə dost-qardaş dövlətlərin dəstəyi daha da artır. Səfər çərçivəsində Qazaxıstanın “ Bi-Group Holdinqi tərəfindən Azad Qarabağımızın Füzuli şəhərində inşa etdirəcəyi uşaqlar üçün Yaradıcılıq İnkişaf Mərkəzinin layihəsi də təqdim olundu. Dövlət başçımız bu təşəbbüsə görə Qazaxıstan Prezidentinə öz minnətdarlığını bildirdi. Bu addım dövlətlərimiz arasında dostluğun və qardaşlığın təzahürüdür.
Azərbaycan və Qazaxıstan əsas beynəlxalq məkanlarda,BMT-də,ATƏT-də, Türk Dövlətləri Təşklatında qarşılıqlı fəalliyət göstərirlər və dünyada sülhün ədalətin bərqərar olması naminə eyni mövqedən çıxış edirlər.
Azərbaycan və Qazaxıstan arasında yüksək mədəni əlaqələr də inkişaf edir. Qazax xalqının Azərbaycan mədəniyyətinə marağı çox böyükdür. Bu o deməkdir ki, dövlətlərimiz arasında mədəniyyət sahəsində sıx əməkdaşlıq bu sahənin daha da çiçəklənməsinə gətirib çıxaracaqdır.
Azərbaycanın artan nüfuzu, sosial-iqtisadi sahədə inkişaf digər ölkələrin dövlətimizə olan marağını daha da artırır. Qazaxıstan ilə Azərbaycan arasında da iqtisadi əlaqələr yüksək inkişaf mərhələsindədir, ölkələrimiz arasında ticarət dövriyyəsi də artan xətt üzrə gedir. İmzalan sənədlər də bu əlaqələrin daha da möhkəmlənməsinə şərait yardacaqdır.
Azərbaycan Qazaxıstanla nəqliyyət sahəsində də mübadilə aparır. Regionda baş verən hadisələr, geosiyasi vəziyyət yeni reallıq yaradıb. Bu reallıq əməkdaşlığın yeni çərçivəsininin nəzərdən keçirilməsini və tranzit – nəqliyyat əlaqələrinin qurulmasını vacib edir. Azərbaycanın və Qazaxıstanın coğrafi xüsusiyyətləri –Avropa və Asiyanın ən böyük iqtisadi mərkəzləri arasında yerləşməsi ölkələrimiz arasında mövcud nəqliyyat şəbəkəsinin genişlənməsinə gətirib çıxarmışdır.
Gülnar Hüseynova, Sumqayıt şəhər Mərkəzi Kitabxananın əməkdaşı