Azərbaycan-Qazaxıstan əlaqələri yeni fazaya keçir. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri iki ölkənin müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini genişləndirməkdə, xüsusilə yeni çağırışlar qarşısında hər iki ölkənin tranzit imkanlarından səmərəli istifadə üçün addımların sinxronlaşdırılmaqda olduğunu nümayiş etdirir.
Ortaq soykökü, mədəni və dini dəyərləri bölüşən Azərbaycan və Qazaxıstan əlaqələri istər Sovet İttifaqı tərkibində, istərsə də müstəqillik qazandıqdan sonra – hər iki xalqın liderləri – Heydər Əliyev və Nursultan Nazarbayevin münasibətləri və birgə səyləri sayəsində inkişaf edib.
İki ölkənin diplomatik münasibətlərinin 30 ilinin tamamında isə həm ikitərəfli əlaqələrin səviyyəsi, həm də regional miqyasda ölkələrin rolu ən yüksək səviyyəyə, hətta regional liderliyə yüksəlib. Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri tərəflərin əlaqələri və mövqeləri bir qədər də möhkəmləndirməkdə maraqlı olduğunu təsdiq edir.
İki ölkə arasında yaxın dostluq münasibətləri 2004-cü il martın 1-də Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 2005-ci il mayın 24-də Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilib.
Ümumilikdə isə bu səfərədək iki ölkə arasında 119 ikitərəfli sənəd imzalanıb. Bu dövr ərzində iki ölkənin siyasi-diplomatik münasibətləri ilə yanaşı iqtisadi-ticari əlaqələrində də artım dinamikası müşahidə olunub. Ötən il ticarət dövriyyəsi 330 milyon dollardan çox olub. 2022-ci ildə isə bu rəqəmin 500 milyon dollar a çatdırılması nəzərdə tutulub.
Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Qeyri-neft sektorunda Azərbaycandan Qazaxıstana indiyə qədər 204.3 milyon ABŞ dolları dəyərində sərmayə yatırılıb. Qazaxıstandan Azərbaycana isə bu sahə üzrə 98,8 milyon dollar həcmində investisiya qoyulub.
Nəqliyyat dəhlizlərinin şaxələndirilməsi və alternativlərin yaradılması bu gün beynəlxalq gündəliyin mühüm məsələlərindən biri kimi önə çıxıb. Bu fonda Azərbaycan və Qazaxıstandan keçən Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu daha cəlbedici görünür və tərəflər yeni çağırışlara adekvat olaraq bu müstəvidə əməkdaşlığı genişləndirməkdədirlər.
2006-cı ildə “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Azərbaycan Respublikasının ərazisi ilə Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında” müqavilə imzalanıb. Eyni zamanda Bakı-Tbilisi-Qars dəmir yolu xətti Qazaxıstan və Azərbaycanın əməkdaşlığını və hər iki ölkənin beynəlxalq nəqliyyat dəhlizlərindəki əhəmiyyətini artırır. Artıq reallığa çevrilməkdə olan Zəngəzur dəhlizi isə Orta Dəhlizin funksionallığını bir qədər də yüksəltməklə yanaşı türk coğrafiyasının birləşməsi baxımdan da tarixi hadisə olacaq.
Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir. Qazaxıstanın Qarabağın bərpasında iştirakı dostluğumuzun parlaq təzahürüdür. Qazaxıstanın Azərbaycana hədiyyəsinin – işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir.
Beləliklə, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevin ölkəmizə səfəri zamanı aparılan müzakirələr və imzalanan sənədlər iki ölkənin əməkdaşlığın yeni fazaya keçdiyini nümayiş etdirir.
Vüsal Məmmədov, “168saat” qəzetinin baş redaktoru