2013-cü ilin də Azərbaycan xalqı üçün əvvəlki dövrlər kimi mühüm siyasi, sosial-iqtisadi və mədəni uğurlarla zəngin olacağı şübhəsizdir. Eyni zamanda, bu il əlamətdar hadisələrin yubileyləri ilə tarixə yazılacaq. 2013-cü ildə Azərbaycan Xalq Cümhuriyyətinin, Azərbaycan ordusunun yaranmasının 95-ci, Milli Qurtuluşun 20-ci ildönümü tamam olur. Bu ilin mühüm tarixlərindən biri də Prezident İlham Əliyevin ölkəyə rəhbərliyinin 10 ilinin tamamı olacaq.
İlin əlamətdar hadisələrindən biri də ulu öndər Heydər Əliyevin 90 illik yubileyidir. Artıq neçə vaxtdır ki, ölkənin hər yerində Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Xalqımızın elliklə, dövlət səviyyəsində qeyd etdiyi hadisələrə daim özünün yüksək töhfələrini verən “Azərbaycan” qəzeti də ulu öndər Heydər Əliyevin 90 illiyinə xüsusi diqqət yetirir. Qəzetin bu istiqamətdə həyata keçirdiyi layihələrdən biri Heydər Əliyevin xatirəsinə həsr olunmuş “dəyirmi masa”ların təşkilidir. Növbəti belə “dəyirmi masa” Sumqayıt şəhərində keçirildi.
Tədbiri açıq elan edən “Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:
– Bəşər tarixi böyük şəxsiyyətlərin qələbələrinə, uğurlarına çox şahidlik edib. Həmin şəxsiyyətlərin qurub-yaratdıqları, miras qoyduqları irs xalqlarının gələcəyinə işıq salıb, sonrakı tarixini, dünyadakı yerini müəyyənləşdirib. Məhz ona görə də belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerini tutublar.
Azərbaycanın da dövlətçilik tarixində böyük şəxsiyyətləri, dünyaya meydan oxuyan sərkərdələri, yaşadıqları dövrün reallıqlarını dərk edərək xalqımızın milli maraqlarını ən yüksək səviyyədə qorumağa çalışan istimai-siyasi xadimləri çox olub. Təbii ki, onların hər biri bu və ya başqa şəkildə Azərbaycan dövlətinin möhkəmlənməsinə, xalqımızın firəvan gələcəyinə yönəlmiş xidmətlər göstərib. Lakin onların heç birini Azərbaycan xalqının ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevlə müqayisə etmək mümkün deyildir! Çünki ulu öndər Heydər Əliyev bir çox siyasi xadimin edə bilmədiyini və edə bilməyəcəyini gerçəkləşdirib, əməlləri və yaratdıqları ilə ən yeni tariximizin parlaq, işıqlı səhifəsini yaradıb!
Qarşıdan Heydər Əliyevin 90 illik yubileyi gəlir. Hər birimiz üçün əziz və doğma olan bu hadisə ərəfəsində ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qaşısında xidmətlərinə nəzər yetirməklə həm də bu böyük şəxsiyyətin xatirəsinə öz ehtiramımızı ifadə edirik. Çünki ümummilli lider Heydər Əliyev fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin, cəmiyyətin və onun üzvlərinin mənafeyinə xidmət edib, Azərbaycan torpağının, Azərbaycan dövlətinin, Azərbaycan xalqının mənafeyi və bütövlüyü uğrunda fədakarlıqla çalışıb, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, demokratiyanın genişləndirilməsi, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün mümkün ola bilən hər bir işi görüb.
Heydər Əliyevin ümummilli liderə çevrilməsini təmin edən ən başlıca amil onun çətin və mürəkkəb siyasi şəraitdə belə xalqının, dövlətinin problemlərinə biganə qalmaması olub. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi altında respublikada həyata keçirilən genişmiqyaslı islahatlar iqtisadi potensialın formalaşdırılmasına, sosial-mədəni həyatın canlandırılmasına və milli-mənəvi dəyərlərin dirçəldilməsinə yönəldilərək gələcək müstəqilliyin təmin olunması üçün zəmin hazırlayıb. O illərdən respublikamızda milli müstəqilliyə etibarlı zəmin formalaşdıran sosial-iqtisadi, hüquqi və mənəvi-intellektual mühit yaradan ulu öndər məhz bu möhkəm bünövrə üzərində xalqın azadlıq, istiqlaliyyət və müstəqillik ideallarına qovuşmasını təmin edib. Bu günün zirvəsindən baxdıqda, həmin illərdə Heydər Əliyevin xalqının hüquqlarını qoruyan, haqqı nahaqa verməyən, milliləşdirmə siyasəti aparmaqla həm də ziyalı elitasını sərt təqiblərdən qoruyan fenomenal lider keyfiyyətləri daha qabarıq görünür. Azərbaycan xalqı dahi liderinin rəhbərliyi sayəsində yüksək iradə göstərməklə milli yaddaşını, mənəvi, əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qorumaq əzmini toplaya bilib, dövlət müstəqilliyi üçün zəruri potensial formalaşdırıb. Keçmiş imperiya daxilində hansı qlobal proseslərin getdiyini daha dərindən müşahidə etmək imkanına malik olan Heydər Əliyev Azərbaycanın müstəqillik əldə edəcəyini öncədən görüb, bu prosesi sürətləndirən mühüm addımlar atıb.
Ümummilli lider 1982-ci ildən sonra – SSRİ-ni idarə edən aparıcı simalardan biri kimi Kremldə çalışdığı dövrlərdə də Azərbaycanın gələcək müstəqilliyinə xidmət edən bir sıra addımlar atıb, respublikamıza qarşı ayrı-seçkilik siyasətinə, ermənilərin məkrli torpaq ilhaqına qarşı barışmaz mövqe tutub, Qorbaçov rejimini kəskin tənqid edib. Məhz bu qətiyyətli və prinsipial mövqeyinə görə 1987-ci ildə SSRİ rəhbərliyindən uzaqlaşdırılan ulu öndər Heydər Əliyev sonrakı mərhələdə də Azərbaycanla bağlı siyasi proseslərə biganə qalmamış, 90-cı illərin əvvəlində Naxçıvana qayıdaraq siyasi proseslərdə fəal iştirak etməklə Azərbaycanın dövlət müstəqilliyinə real zəmin formalaşdırıb.
Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə siyasi hakimiyyətə tarixi qayıdışı Azərbaycanı bir dövlət kimi məhvolmadan, dünya xəritəsindən silinməyin real təhlükəsindən xilas etdi. Müstəqilliyimiz əbədiliyə və dönməzliyə çevrildi. Ayrı-ayrı siyasi partiyalara və insanlara məxsus qanunsuz silahlı dəstələr ləğv edildi, hakimiyyət uğrunda zorakılıq yolu ilə aparılan fasiləsiz mübarizələrə son qoyuldu. Cəbhə bölgəsində heç bir kənar qüvvənin iştirakı olmadan uzunmüddətli atəşkəsə nail olundu, ölkədə möhkəm və dönməz sabitlik yaradıldı. Bu sabitlik illər boyu girdabında çabaladığımız dərin ümummilli böhrandan yaxa qurtarmağa və dövlətin qarşısında duran bir sıra problemlərin uğurlu həllinə imkan verdi. Ən əvvəl Azərbaycan ətrafında yaradılmış informasiya blokadası dağıdıldı və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə əsl həqiqətlər dünya ictimaiyyətinə çatdırıldı. Sərbəst bazar iqtisadiyyatı prinsiplərini bərqərar etmək, xalqın rifahını və həyat şəraitini yaxşılaşdırmaq yolunda ardıcıl tədbirlər görülməsinə başlandı. Dəfələrlə ölkə başçısına qarşı yönəldilmiş terror əməllərinin qarşısı alındı, bütün təxribatlara baxmayaraq, 20 sentyabr 1994-cü ildə dünyanın aparıcı dövlətlərinin iri neft şirkətlərinin iştirak etdiyi “Əsrin müqaviləsi” neft kontraktı imzalandı. Bundan sonra da iyirmidən çox neft müqaviləsi imzalanaraq ölkə iqtisadiyyatına 60 milyard ABŞ dolları həcmində sərmayə qoyulmasına təməl yaradıldı. Bazar iqtisadiyyatına sürətli keçidi şərtləndirən islahatlar aparıldı, MDB məkanında ilk dəfə olaraq ölkəmizdə aqrar islahatı aparılaraq torpaq həqiqi sahibinə, təmənnasız olaraq kəndlilərə paylandı. Geniş şəkildə özəlləşdirilmə nəticəsində sahibkarlığın inkişafına şərait yaradıldı. Avratlantik məkana inteqrasiya edən Azərbaycan demokratik dəyərləri əxz etdi, mətbuat və söz azadlığı tam təmin edildi.
Bütün bu uğurlar Heydər Əliyev uzaqgörənliyinin, Heydər Əliyev siyasətinin nəticəsində əldə edildi. Buna görə də Azərbaycan cəmiyyəti Heydər Əliyevin zəngin dövlətçilik irsini ölkənin milli təhlükəsizliyinin, iqtisadi maraqlarının və siyasi sistemin sabitliyinin təmin edilməsinə yönələn təkmil siyasi konsepsiya kimi qəbul edir. Bu siyasəti yeni dövrün tələblərinə uyğun təkmilləşdirən dövlət başçısı İlham Əliyev əsl vətənpərvər və qurucu lider əzmi ilə xalq qarşısında verdiyi vədlərin böyük əksəriyyətini əməli işi ilə doğruldaraq hər bir vətəndaşın layiqli Prezidenti olduğunu sübuta yetirib. Son 10 ildə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlib. Cənab İlham Əliyev bu dövr ərzindəki fəaliyyəti ilə xalqın seçimini doğrultmağa qadir qətiyyətli, peşəkar və milli maraqlara bağlı rəhbər olduğunu nümayiş etdirib.
İndi respublikamızın ərazisi başdan-başa tikinti, quruculuq meydanına çevrilmişdir. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə xidmət edir. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir. Yaşayış binaları, evlər, məktəb və xəstəxanalar, sosial obyektlər tikilir, yollar çəkilir, körpülər salınır, park və xiyabanlarda, memarlıq binalarında yenidənqurma işləri aparılır. Son illərdə Azərbaycanın siması büsbütün, tanınmaz dərəcədə dəyişib. Bunu ölkəmizə gələn qonaqlar da səmimiyyətlə etiraf edirlər.
Ölkəmizdəki yüksəlişi Sumqayıtın da timsalında aydın görmək mümkündür. Hələ sovet dövründə Azərbaycanın əsas sənaye mərkəzi statusuna sahib olmuş Sumqayıt bu şərəfli adı indi də daşımağa qadirdir. Son illərdə şəhərdə onlarca yeni istehsal müəssisələrinin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması bunu təsdiq edir. Ümumiyyətlə, gənclər şəhəri olan Sumqayıt son illərdə bir çox istiqamətlər üzrə qazandığı nailiyyətlərlə fərqlənir. Yəqin ki, “dəyirmi masa”da çıxış edənlər bütün bunlar barədə ətraflı danışacaqlar.
İndi isə çıxış üçün söz Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova verilir.
Eldar ƏZİZOV:
– Sumqayıt şəhərinin inkişafında Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Hakimiyyətdə olduğu illərdə sumqayıtlılar ulu öndərin xüsusi diqqət və qayğısını hər zaman hiss etmişlər. Sumqayıtın sosial-iqtisadi inkişafında, sənayenin formalaşmasında, elmin, təhsilin, mədəniyyətin tərəqqisində onun əvəzsiz xidmətləri danılmaz bir faktdır. Rəhbərliyi dövründə 16 dəfə Sumqayıtda olan Heydər Əliyevin hər səfəri şəhərin yaddaşında böyük tarixi hadisə olmuşdur.
Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər təyin ediləndə Sumqayıtda əsas etibarilə metallurgiya və kimya müəssisələri var idi. Bir il sonra məhz Heydər Əliyevin təşəbbüsü ilə yüngül sənaye müəssisələri və sənayenin digər sahələri inkişaf etdirildi, yeni istehsal sahələri istismara verildi. Ümumiyyətlə, 1969-1982-ci illərdə Sumqayıtın iqtisadi potensialı 2,5 dəfə artmışdır. Bu dövrdə ulu öndərin rəhbərliyi altında Sumqayıtda çoxsaylı müəssisələr də istifadəyə verilmişdir. Bunlardan Kompressorlar zavodunu, Üst trikotaj və Xovlu İplik fabriklərini, Süd və Yeyinti məhsulları kombinatlarını, 20-dən çox orta məktəbi, uşaq bağçalarını, Ü.Hacıbəyli adına “Kimyaçılar” mədəniyyət sarayını və başqa obyektləri misal göstərmək olar.
1960-cı illərdə Sumqayıtda mənzil tikintisi problemi vardı. Sənaye kompleksi sürətlə inkişaf etdiyindən Azərbaycanın müxtəlif yerlərindən bura gənclər axışıb gəlir, müəssisələrdə işə düzəlir, ailə həyatı qururdular. Mənzil almaq üçün isə illərlə növbəyə durmağa məcbur olurdular. Şəhərdə fəaliyyət göstərən 1 və 2 saylı tikinti trestləri isə bu problemin tam həll olunmasında çətinlik çəkirdi. Bunu hiss edən cənab Heydər Əliyevin təşəbbüsü ilə Sumqayıtda 3 saylı Evtikmə kombinatı işə salındı. Xüsusi layihəyə əsasən, şəhərdə panel evlərin tikintisi sürətləndirildi və mənzil problemində yaranmış gərginlik aradan götürüldü.
Məhz 70-ci illərdə əsaslı tikintinin geniş miqyas alması nəticəsində Sumqayıt nəhəng tikinti meydançasına çevrilmişdi. Şəhərə gələn qonaqlar, xarici nümayəndələr burada aparılan quruculuq prosesinin miqyası və vüsətinə heyran qalırdılar. Dünyanın demək olar ki, əksər ölkələrinə ixrac olunan şəhər sənayesi məhsullarının keyfiyyəti və əsaslı tikintisinin gedişi ilə daim maraqlanan, tez-tez məlumatlar alan ölkə başçısı Sumqayıtı həmişə öz nəzarəti altında saxlayır, ortaya çıxan bütün problemlərini operativ həll edirdi. Bu diqqət və qayğının nəticəsi idi ki, 70-ci illərdə Sumqayıtda hər il 80 min kvadratmetr mənzil sahəsi tikilib istifadəyə verilirdi. Hazırda fəaliyyət göstərən istehsalat sahələrinin çoxu, 40-dan artıq ümumtəhsil məktəbi, 60 uşaq tərbiyə müəssisəsi, saysız-hesabsız mədəniyyət, məişət xidməti, ticarət obyektləri, səhiyyə ocaqları məhz ümummilli liderin o dövrdəki məqsədyönlü sosial siyasətinin bəhrələridir.
1970-1980-ci illərdə Sumqayıt öz iqtisadi potensialına görə SSRİ məkanında tanınmağa başladı. Onun istehsal etdiyi məhsullar ölkənin 700 şəhərinə ixrac olunurdu. Bütün bunlar ulu öndərin Sumqayıta olan münasibətini nümayiş etdirirdi. Azərbaycan imperiya tərkibində olmasına baxmayaraq, sürətlə inkişaf edirdi. Ən əsası respublika rəhbərinin diqqət və qayğısı sayəsində şəhər əhalisinin rifahı durmadan yüksəlirdi. Adamlar yaradıcı əməkləri ilə şöhrət qazanır, ucalırdılar. Sumqayıt keçmiş Sovetlər Birliyində dostluq, qardaşlıq, metallurqlar, kimyaçılar, energetiklər, inşaatçılar, əmək qəhrəmanları şəhəri kimi şöhrət qazanmışdı.
Heydər Əliyev vaxtaşırı Sumqayıtda olur, şəhər fəalları ilə görüşür, onları narahat edən problemlərlə maraqlanırdı. Qaldırılan hər bir problem diqqətsiz qalmırdı. Vaxtilə Azərbaycan Boru-prokat zavodunda gərgin vəziyyət yaranmışdı. Bundan xəbər tutan Heydər Əliyev şəxsən həmin zavoda gələrək işçilərlə görüşmüş, sonra zavodun iqtisadi böhrandan çıxması üçün xüsusi proqram işlənib hazırlanmışdı. Artıq bir neçə il sonra müəssisənin istehsal etdiyi məhsullar xarici ölkələrə ixrac olunmağa başlamışdı.
Sumqayıtın mədəniyyətinin və təhsilinin, habelə elm ocaqlarının inkişafı daim ölkə rəhbərinin diqqət mərkəzində olurdu. Ulu öndər H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının genişlənməsi, onun keçmiş ittifaq miqyasında tanınması üçün əlindən gələni etmişdi. Sumqayıt teatrında tamaşaya qoyulan “Bütün Şərq bilsin” tamaşasına baxmağa gələn Heydər Əliyev yaradıcı kollektivlə görüşmüş , onlara dəyərli məsləhətlər vermişdi. Bu tamaşanın Moskvada göstərilməsi üçün Mədəniyyət Nazirliyinə müvafiq tapşırıq vermiş, bir neçə ay keçdikdən sonra tamaşa Moskva Bədii Dövlət Teatrının səhnəsində müvəffəqiyyətlə oynanılmışdı. Moskvada nəşr olunan kütləvi informasiya vasitələri sumqayıtlıların peşəkarlıqlarını və yaradıcılıqlarını yüksək qiymətləndirmişdi. Bu yüksəlişə səbəb məhz Heydər Əliyevin sumqayıtlılara, onun mədəniyyət xadimlərinə göstərdiyi qayğı idi.
Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü seçildikdən sonra da Azərbaycan xalqına, o cümlədən sumqayıtlılara həmişəki kimi böyük diqqət və qayğı göstərmişdir. Ulu öndər Moskvada olarkən Sumqayıtın problemləri ilə daim maraqlanırdı. Uzun illər tikintisi yarımçıq qalmış Ü.Hacıbəyli adına “Kimyaçılar” Mədəniyyət sarayı o zamankı respublika rəhbərlərinin diqqətindən kənarda qalmışdı. Sumqayıtın bir qrup ziyalısının məhz Heydər Əliyevə məktubla müraciətindən sonra o böyük insanın tapşırığı ilə bu məsələ nəzarətə götürüldü və tezliklə tikilib istifadəyə verildi.
Azərbaycan müstəqillik əldə etdikdən sonra 1991-1993-cü illərdə ölkədə xaos, özbaşınalıq hökm sürürdü və dövlətimizin məhvolma təhlükəsi yaranmışdı. Belə bir məqamda Heydər Əliyev bu ağır və məsuliyyətli, tarixi əhəmiyyət kəsb edən dövrdə Azərbaycan xalqına arxa durdu. Əgər Heydər Əliyev bir neçə ay gec gəlmiş olsaydı, indi Azərbaycanın mövcudluğu sual altında idi. Ulu öndər yenidən hakimiyyətə gəldikdən sonra qısa müddətdə sabitliyi bərpa etdi, iqtisadi böhranı aradan qaldırdı və Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etməyə başladı. Ölkədə özəl sektorun, sahibkarlıq fəaliyyətinin, investisiya mühitinin formalaşması sahəsində böyük addımlar atıldı. Demokratik respublika quruculuğu sahəsində misilsiz xidmətlər göstərildi. Müasir demokratik Azərbaycanın memarı Heydər Əliyevin yüksək siyasi qabiliyyəti nəticəsində Azərbaycan 1993-2003-cü illərdə çox böyük sürətlə inkişaf etdi. Azərbaycanın beynəlxalq nüfuzu artmaqla bərabər, proseslərə təsiretmə gücü də yüksəldi.
Bu gün ulu öndər Heydər Əliyevin ideyalarını, siyasətini Prezident İlham Əliyev yüksək səviyyədə davam etdirir. Cənab İlham Əliyevin yüksək intellekti nəticəsində bütün sahələrdə Azərbaycan sürətli inkişaf tempi nümayiş etdirir. Artıq dünya ekspertləri də dövlətimizin nailiyyətlərini böyük maraqla izləyirlər. Əlbəttə, bütün bunlar öz-özünə alınmayıb. Düzgün siyasi, iqtisadi təhlil və eyni zamanda, yüksək iradə, böyük zəhmət sayəsində yaranan prosesdir. Neçə ildir ki, dünyada iqtisadi böhran davam etməkdədir. Hazırda həmişə nümunə göstərilən Avropada işsizlər ordusu yaranmışdır. Avropa ölkələri böhran içindədir. Bu, dünya dövlətlərinə də təsir edir. Çünki bütün ölkələr bir sistem şəklində qarşılıqlı əlaqələr formasında fəaliyyət göstərir. Lakin Azərbaycan dayanmadan inkişaf edir. Müqayisə etsək görərik ki, bütün bu böhran illərində Azərbaycan öz inkişaf tempini qoruyub saxlamışdır. Son 10 ildə Azərbaycanda ümumi məhsul istehsalı 3 dəfədən çox, dövlət büdcəsi 15 dəfədən çox, valyuta ehtiyatları isə 18 dəfədən çox artmışdır. Azərbaycanın valyuta ehtiyatları 48 milyard dollar səviyyəsindədir. Bütün bunlar tarixi nailiyyətdir.
Cənab İlham Əliyev Sumqayıta, sözün həqiqi mənasında, xüsusi diqqət və qayğı ilə yanaşır. Təkcə son iki ildə cənab Prezident Sumqayıta 4 dəfə səfər etmişdir. Onun siyasəti nəticəsində bütün şəhərlərimiz kimi Sumqayıt da sürətlə abadlaşır, güclü sənaye mərkəzinə çevrilir. Ötən il “Azgüntex” günəş modulları və LED lampalar istehsalı sahələri istifadəyə verilmişdir, transformatorlar, şüşə emalı zavodlarında, kağız-karton istehsalı kombinatında və yağ istehsalı fabriklərində isə tamamlanma işləri yekunlaşır. Hazırda Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanı ilə Sumqayıt Kimya Sənaye Parkı, Yüksək Texnologiyalar Parkı yaradılmaqdadır. “Azot gübrəsi-karbamid” zavodunun inşası ilə əlaqədar işlər davam etdirilir. Müasir standartlar səviyyəsində neft-kimya sənayesi üçün hər il yüzlərlə ixtisaslı fəhlə-kadrların hazırlanacağı Təlim-Tədris Mərkəzi fəaliyyətə başlamışdır. Sumqayıt Texnologiyalar Parkında kabel zavodunun ikinci mərhələsinin, sendviç panelləri istehsalı zavodunun, ümumilikdə 8 zavodun inşası davam etdirilir. Tekstil fabrikində istehsala başlanıb. Yeni çörək zavodunun inşası yekunlaşmaq üzrədir. Bütün bunlar qeyri-neft sektorunun inkişafını və cənab Prezidentin sumqayıtlılara olan münasibətini nümayiş etdirir. Biz hər birimiz Azərbaycanda yaşamağımızla fəxr etməliyik. Cənab İlham Əliyevin ətrafında sıx birləşərək əsası Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun davam etdirilməsi üçün daha əzmlə çalışmalıyıq.
Bəxtiyar SADIQOV:
– Azərbaycan 2009-cu ildə iqtisadi sahədə keçid dövrünü başa vurub, ölkəmizdə yeni tipli iqtisadiyyat, yeni bazar münasibətləri tam formalaşıb. Sumqayıt isə hələ sovet dövründən nəinki Azərbaycanın, bütün keçmiş SSRİ-nin əsas sənaye mərkəzlərindən biri olaraq tanınıb. Xüsusən kimya sənayesi aparıcı sahələrdən biri olub. SSRİ-nin süqutundan sonra Sumqayıtın zəifləyən sənaye potensialı son illərdə yenidən dirçəlib. Hazırda sənaye sahələri Sumqayıtda dinamik inkişaf edir və yeni tipli iqtisadiyyat bu şəhərin yüksəlişində əsas amilə çevrilir. Söz “Qartal” tikinti firmasının rəhbəri Şahin Məmmədova verilir.
Şahin MƏMMƏDOV:
– Sumqayıt SSRİ dövründə nəhəng kimya, metallurgiya, tekstil və digər sahələr üzrə ixtisaslaşmış bir şəhər idi. Lakin Sovet İttifaqı dağıldıqdan sonra iqtisadi əlaqələrin qırılması, xammal və satış bazarının olmaması, eləcə də zavod və fabriklərdəki avadanlıqların fiziki və mənəvi surətdə köhnəlməsi səbəbindən demək olar ki, əksər zavod və fabriklər öz fəaliyyətini dayandırdı və ya az güclə işləməyə başladı. Bu proses də əhalinin sosial durumunun çox aşağı düşməsinə gətirib çıxardı.
Ancaq ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə digər sahələrdə olduğu kimi, Sumqayıt sənayesi də özünün yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin şəhərimizlə bağlı strategiyası belə idi ki, Sumqayıt yenidən ənənəvi sənaye kompleksi kimi bərpa edilsin, yerli kadr potensialına söykənərək müasir müəssisələr açılsın. Ən vacibi isə Sumqayıtda insanların rahat yaşamaları üçün müvafiq şərait yaradılsın və yeni iş yerləri açılsın, bununla da Sumqayıt yenidən iqtisadi və kadr potensialı ilə seçilən bir şəhərə çevrilsin.
Ulu öndərin apardığı və Prezident İlham Əliyevin daha da inkişaf etdirdiyi uğurlu iqtisadi və sosial siyasətin nəticəsində bu məqsədə addım-addım yaxınlaşaraq möhtəşəm nailiyyətlər əldə edilir. Regionların sosial-iqtisadi inkişafına dair birinci dövlət proqramının uğurla icrası, habelə ikinci dövlət proqramı çərçivəsində qarşıya qoyulan vəzifələrin reallaşdırılması Sumqayıt şəhərini də dinamik inkişaf yoluna çıxarıb. Ölkənin makroiqtisadi göstəricilərində bu şəhərin xüsusi çəkisi yüksəlib, sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, istehsal və emal muəssisələrinin fəaliyyətinin bərpası və genişləndirilməsi, iqtisadi və sosial-mədəni infrastruktur obyektlərinin yenidən qurulması istiqamətində uğurlu nəticələr qazanılıb. Əminliklə deyə bilərik ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri daxildir. Şəhərdə mövcud olan ağır sənaye müəssisələrinin əksəriyyəti müasir texnologiya əsasında yenidən qurulub. Konkret ifadə etsək, Sumqayıtda artıq 200-dən çox sənayeyönümlü müasir texnologiya əsasında işləyən müəssisə fəaliyyət göstərir. Ən önəmlisi budur ki, belə müəssisələrin əksəriyyəti müasir dünya standartlarının tələblərinə uyğun texnologiya ilə işləyir və biz sahibkarlar da bu faktordan bəhrələnirik.
Müstəqil Azərbaycanda sahibkarlıq institutunun formalaşıb inkişaf etməsinin müəllifi də ümummilli lider Heydər Əliyevdir. Ölkəmiz yeni dövlət müstəqilliyini əldə etdikdən sonra ulu öndərin ikinci dəfə siyasi hakimiyyətə qayıdışına qədər olan dövr ərzində iqtisadi sferada həyata keçirilən yanlış siyasət və bunun nəticəsində formalaşmış mühit sahibkarlığın, onun maddi əsasının yaranmasına qətiyyən imkan vermirdi. Yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə aparılan məqsədyönlü siyasət, həyata keçirilmiş sistemli tədbirlər nəticəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması ilə sahibkarlar sinfinin formalaşması üçün həm hüquqi baza yaradıldı, həm digər mühüm əməli tədbirlər görüldü, həm də dövlət tərəfindən özəl sektora hərtərəfli dəstək nümayiş etdirildi. Ulu öndərin gördüyü işlər sayəsində sahibkarlığın hüquqi bazası dünya təcrübəsinə uyğun olaraq təkmilləşdirildi, ölkənin qəbul edilmiş yeni Konstitusiyasında bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şəraitin yaradılması, sahibkarlığa təminat verilməsi, rəqabət mexanizminin formalaşması və inkişafı, həmçinin rəqabətin qorunması ilə bağlı müddəalar öz əksini tapdı. Sahibkarlığın inkişafının zəruri hüquqi mühitinin formalaşdırılması istiqamətində qəbul edilmiş Azərbaycan Respublikasının qanunları və digər qanunvericilik aktları sahibkarlığın bir sistem halında hüquqi bazasını təşkil etdi.
Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində isə Azərbaycanda sahibkarlığın daha da sürətli inkişafı üçün çox əlverişli mühit yaranıb. Cənab Prezident birmənalı şəkildə bildirib ki, sahibkarlar dövlətimizin əsas dayaqlarından biridir. İcra orqanları sahibkarlara kömək etməlidirlər, onların işinə qarışmamalıdırlar. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin son toplantısında sahibkarların işinə yersiz müdaxilələrə son qoyulması və onları dəstəkləməklə bağlı tapşırıqları bizdə gələcəyə daha nikbinliklə baxmağa imkan verir. Təbii ki, iş adamları da öz vəzifə borclarını şərəflə yerinə yetirməli, vergiləri tam və vaxtında ödəməlidirlər. Bir məsələni də xüsusi vurğulamaq istəyirəm ki, son illər qanunvericilikdə edilmiş bir sıra dəyişikliklər sahibkarların fəaliyyətini daha da asanlaşdırıb. Yeni Tikinti Məcəlləsinin qüvvəyə minməsi, Vergi Məcəlləsindəki dəyişikliklər sahibkarların fəaliyyəti üçün hüquqi bazanı daha da təkmilləşdirib.
Bütün bunların nəticəsidir ki Azərbaycanda ümumi daxili məhsul istehsalında özəl sektorun artıq xüsusi çəkisi aydın hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin rol və mövqeyi davamlı şəkildə güclənir. Dövlət tərəfindən sahibkarlığın inkişafına yaradılan şərait və müxtəlif formalarda verilən dəstək, eyni zamanda, sözügedən institutun daha sürətli tərəqqisi məqsədilə sistem halında ardıcıllıq prinsipi ilə həyata keçirilən, bir-birini tamamlayan iqtisadi islahatlar bundan sonra da sahibkarlıq təsərrüfatlarının ölkə iqtisadiyyatının yüksəlişində mühüm rol oynayan subyektlərdən biri olaraq çıxış etməsinə möhkəm bazis yaradıb. Hazırda Sumqayıtda 14074 fiziki, 3061 hüquqi şəxs qeydiyyata alınıb. Son illərdə sahibkarların sayı xeyli artıb və bu, şəhərimizdə dövlət-sahibkar münasibətlərinin sağlamlaşmasının ən obyektiv göstəricisidir. Məhz bunun nəticəsidir ki, son iki ildə şəhər büdcəsinin subsidiyadan asılılığı aradan qaldırılıb. Rəhbərlik etdiyim “Qartal” tikinti firması bir sıra kommunikasiya və obyektlərin tikintisi üzrə Azərbaycanda lider firmadır. Nümunə olaraq bildirim ki, firmamız ödədiyi vergilərlə Sumqayıt şəhər büdcəsinin 3,5 faizini maliyyələşdirir. Vergiləri ödəmək sahibkarın dövlət qarşısında öhdəliyinin yerinə yetirilməsidir.
Qazandığımız nailiyyətləri Prezident İlham Əliyevin apardırı uğurlu siyasətin nəticəsi kimi dəyərləndiririk. Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. İnanırıq ki, Heydər Əliyev siyasi kursunun ardıcıllığını təmin edən, bu siyasəti dövrün nəbzini tutmaqla daha da inkişaf etdirən cənab İlham Əliyev bu seçkidə də qələbə qazanaraq gələn 5 ildə xalqımıza rəhbərlik edəcəkdir. Reallıq da cənab İlham Əliyevin növbəti dövr üçün prezidentliyini diqtə edir. Çünki ötən 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin qazandığı uğurların fonunda yeni dövr üçün hədəflər daha aydın görünür. Bu hədəflərə çatmaq üçün isə sahibkarlar da daxil olmaqla, bütün Azərbaycan xalqı seçkidə ən layiqli namizəd olacaq İlham Əliyevə səs verəcək!
Bəxtiyar SADIQOV:
– İnkişafın Azərbaycan modelinin əsas xüsusiyyətlərindən biri sosial sahənin inkişafıdır. Bu da Azərbaycanın sosial dövlət olmasının göstəricisidir. Azərbaycanda əhalinin bütün təbəqələri dövlətin sosial diqqətini hiss edir. Xüsusən qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, əhalinin məşğulluq probleminin aradan qaldırılması, müharibə əlillərinin, veteranların mənzil təminatı, gənclərin və ahılların spesifik problemlərinin həlli dediklərimizə misaldır. Bu barədə danışmaq üçün söz Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Tərlan Hacızadəyə verilir.
Tərlan HACIZADƏ:
– Respublikamızın iqtisadi baxımdan qüdrətlənməsi, dünya birliyində öz yeri olan dövlətə çevrilməsi beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunan reallıqdır. Həyata keçirilən dövlət proqramlarının konkret nəticəsi olaraq bu gün Azərbaycanda iqtisadiyyatın vaxtilə əlçatmaz görünən tərəfləri sürətlə inkişaf edir, dünya standartlarına uyğun müasir iqtisadi infrastruktur formalaşır. Bütün bunlar sistemli şəkildə paralellik təşkil edərək vətəndaşların sosial rifahının yüksəlməsinə əhəmiyyətli dərəcədə təsir göstərir.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müstəqil Azərbaycanın hərtərəfli inkişaf konsepsiyasının əsas tərkib hissələrindən biri olan sosial siyasət kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən dövrün tələblərinə adekvat şəkildə, həm forma, həm də məzmun etibarilə zənginləşdirilərək davam etdirilməsi əhalinin sosial müdafiəsi sahəsində böyük tarixi nailiyyətlər əldə edilməsinə gətirib çıxarıb. Dövlət başçısının iqtisadi sferada həyata keçirdiyi siyasətin mühüm cəhətləri hər zaman sosialyönümlülük faktorunun ön plana çəkilməsi, yoxsulluq probleminin birdəfəlik həllinə nail olmaq üçün əhalinin həyat səviyyəsinin yüksələn xətt üzrə inkişaf etdirilməsi və beləliklə, insanların layiqli həyat tərzinin təmin edilməsidir. Digər tərəfdən, elmi-nəzəri və iqtisadi əsaslara söykənməklə sosial prioritetlərin düzgün müəyyənləşdirilməsi cənab İlham Əliyevin bu sahədə həyata keçirdiyi siyasətin səciyyəvi cəhətlərini təşkil edir.
Bu gün ölkəmizdə sosial müdafiənin diqqətçəkən mühüm tərəflərindən biri aztəminatlı insanlara dövlət büdcəsi hesabına ödənilən ünvanlı dövlət yardımının, o cümlədən xüsusi kateqoriyadan olan vətəndaşlara sosial muavinətlərin verilməsidir. Bunun nəticəsində aztəminatlı təbəqə, xüsusilə də muharibə iştirakçıları dövlət qayğısını öz üzərlərində tam hiss edirlər. Fürsətdən istifadə edərək Sumqayıt şəhərində yaşayan Qarabağ müharibəsi əlillərinə və veteranlarına, şəhid ailələrinə göstərilən diqqət və qayğını vurğulamaq istərdim. Sumqayıt şəhərində ümumilikdə 1000-ə yaxın müharibə əlili və şəhid ailəsi yaşayır. Sumqayıtın torpaq sahəsi məhdud olmasına baxmayaraq, ötən illər ərzində bu kateqoriyadan olan insanlara kommersiya və digər təyinatlar üzrə müvafiq torpaq sahələri ayrılıb. Bayramlar ərəfəsində bu insanlara şəhər icra hakimiyyəti və sahibkarlar tərəfindən sovqatlardan ibarət bağlamalar və maddi yardımlar göstərilir.
Ən əsası isə artıq neçə illərdir ki, müharibə veteranlarının və əlillərin, şəhid ailələrinin sosial-məişət problemlərinin həlli istiqamətində əməli işlər görülür. Buna misal olaraq, onların dövlət tərəfindən pulsuz mənzillərlə və “Lifan” markalı maşınlarla təmin olunmalarını göstərmək olar. 1999-cu ildən bəri Sumqayıt şəhərində imtiyazlı şəxslər üçün 9 bina inşa edilib. Nəticədə dövlət tərəfindən pulsuz olaraq 379 ailə 17 min kvadratmetrdən çox yaşayış sahəsinə malik olan mənzillərlə təmin olunub. Bunlardan 278-si Qarabağ müharibəsi, 78-i şəhid, 23-ü Çernobıl əlili ailəsidir. Xüsusi olaraq 2012-ci ilin dekabr ayında imtiyazlı şəxslər üçün tikilib istifadəyə verilən, respublikamızada analoqu olmayan 12 mərtəbəli və 96 mənzilli binanı vurğulamaq istəyirəm. Bizim üçün olduqca fərəhli idi ki, bu binanın mənzillərinin orderini məhz Prezident İlham Əliyev şəxsən təqdim etdi. Beləliklə, bir daha təsdiq olundu ki, sosial sahəyə diqqət ən yüksək səviyyədə nəzarətdədir.
Vətəndaşların sosial müdafiəsi dedikdə kateqoriyasından asılı olmayaraq, bütün əlillərin – fiziki cəhətdən qüsurlu insanların sağlamlığının bərpası yönümündə görülən işləri də vurğulamaq lazımdır. Buna misal olaraq, Sumqayıtda əlilliyin qarşısının alınması və reabilitasiyası məqsədilə inşa olunmuş və hazırda uğurla fəaliyyət göstərən Əlillərin Bərpa Mərkəzini göstərmək olar. Pekin Yay Paralimpiya Oyunlarının keçirilməsi ərəfəsində, 2008-ci ilin avqust ayında Qafqazda ilk dəfə olaraq Sumqayıt şəhərində inşa olunmuş Paralimpiya İdman Kompleksinin açılışı və paralimpiyaçılarımızın yolasalma mərasimində Prezident İlham Əliyevin iştirakı da ölkəmizdə əlilliyin bərpası və bu insanların sağlam həyat tərzinə olan diqqətin nümunəsidir. Bu mənada deyə bilərik ki, dövlət başçısı İlham Əliyev fəaliyyəti dövründə cəmiyyətimiz üçün taleyüklü məsələlərin yoluna qoyulmasının müəllifinə çevrilib, onun ardıcıl və sistemli surətdə həyata keçirdiyi islahatlar mənəvi yüksəlişə və həmrəyliyə xidmət edib.
Bu gün Azərbaycanın ən ağrılı problemi torpaqlarımızın Ermənistan tərəfindən işğal olunması, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsidir. Hər min nəfərə düşən məcburi köçkün əhalisinin sayına görə Azərbaycan dünyada ən yüksək göstəricilərdən birinə malikdir. 1988-ci ildən etibarən təqribən 16 min ailə və yaxud 70 min nəfər soydaşımız Sumqayıt şəhərinə pənah gətirib. Bunlardan 3000 ailə Ermənistandan öz ata-baba yurdlarından zorla qovulmuş, 13000 ailə isə işğal altında olan ərazilərdən məcburi köçkün düşən həmvətənlərimizdir. Pənah gətirmiş köçkünlər əsasən müəssisələrin yataqxanalarında, uşaq bağçalarında, texniki-peşə məktəblərində, tikintisi başa çatmamış yaşayış binalarında və digər yerlərdə məskunlaşıblar.
Son illərdə dövlətimiz məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində əsaslı addımlar atır. Mühüm nailiyyətlərdən biri çadır düşərgələrinin ləğv edilməsidir. Dövlət başçısı qaçqın və məcburi köçkünlərə daim diqqət və qayğı göstərir, onların problemlərinin həllinə çalışır. Azərbaycan Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq, qaçqın və məcburi köçkünlər üçün 1 milyon 474 min kvadratmetr sahəsi olan 77 qəsəbə və çoxmərtəbəli evlərdən ibarət məhəllə və fərdi evlər inşa edilib, 134 məktəb və digər sosial obyektlər istifadəyə verilib. Cari ilin sonuna kimi isə daha 20.000 məcburi köçkün ailəsinin köçürülməsi həyata keçiriləcəkdir. Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə “məskunlaşdırma prosesi” “qayıdış proqramı” ilə əvəz olunacaqdır.
Şəhərimizdə də qaçqın və məcburi köçkünlərin uçotu dəqiqləşdirilib, müvəqqəti sıx məskunlaşdıqları obyektlərin siyahısı tərtib edilərək müvafiq dövlət qurumlarına təqdim edilib və 51200 nəfər üçün vahid informasiya bazası yaradılmışdır. İndiyədək keçirilmiş əmək yarmarkalarında 675 nəfər məcburi köçkün işlə təmin olunub.
Azərbaycanda son illərdə əldə olunan uğurlu nəticələr ölkəmizin davamlı inkişaf etdiyini təsdiqləyir. İqtisadi və sosial sahələrdə aparılan ardıcıl islahatlar vətəndaşlarımızın daha yaxşı yaşamasını təmin etməklə qarşıda yeni imkanlar açır. İrəlidə isə bizi daha böyük uğurlar gözləyir və bunun nəticəsi olaraq insanlarımızın dövlətin sosial qayğısını daha güclü şəkildə hiss edəcəkləri şübhəsizdir.
Bəxtiyar SADIQOV:
– Sumqayıt hələ sovet dövründən abad şəhər kimi tanınıb. Təbii ki, son illərdə burada da genişmiqyaslı abadlıq və quruculuq işləri görülüb və nəticə etibarilə şəhərin ümumi mənzərəsi daha da gözəlləşib. Şəhərin küçələrindən də görünür ki, abadlıq və quruculuq Sumqayıtda da əsas fəaliyyət istiqamətidir. Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən biri Sumqayıtın Bakı standartlarına çatmasıdır. Bu barədə danışmaq üçün söz Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər Təşkilatının idarə heyətinin üzvü Ceyhun Məmmədova verilir.
Ceyhun MƏMMƏDOV:
– Ölkəmizdə son illərdə əldə olunan ən mühüm nailiyyətlərdən biri regionların, hər bir rayonun, şəhər və kəndlərin inkişafıdır. Prezident İlham Əliyevin təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının uğurlu icrası müddətində bütün bölgələrdə yeni istehsal və xidmət müəssisələri fəaliyyətə başlayıb, əsaslı quruculuq və abadlıq işlərinə start verilib. Bu proqramlar sosial sahədə qarşıda duran problemlərin də həllində mühüm rol oynayır. Yeni müəssisələrin yaradılması tarazlı inkişafla bərabər, əhalinin məşğulluq problemlərinin yoluna qoyulması və yeni iş yerlərinin açılması ilə müşayiət edilir. Dövlət proqramları çərçivəsində regionlarda infrastrukturun bərpası və inkişafı, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatının yaxşılaşdırılması, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Bütün bu işlər doğma şəhərimiz Sumqayıtda da yaxından hiss olunmaqdadır. Hər zaman Sumqayıta və sumqayıtlılara xüsusi ehtiram və diqqətlə yanaşan Prezident İlham Əliyevin son iki ildə Sumqayıta etdiyi 4 səfər onun şəhərimizə və şəhər əhalisınə olan xüsusi diqqətinin göstəricisidir. Eyni zamanda, son illərdə şəhər sakinlərinin sosial rifah halının daha da yaxşılaşdırılmasına xidmət edən mühüm infrastruktur layihələrinin həyata keçirilməsi, dayanmadan aparılan abadılıq və quruculuq işləri də dövlət başçısının Sumqayıta olan diqqətinin bariz nümunəsidir. Cənab Prezident Sumqayıt Olimpiya İdman Kompleksinin açılışı mərasimindəki çıxışı zamanı dediyi “Biz Sumqayıtın inkişafına çox böyük diqqət göstəririk. Sumqayıtı müasir sənaye mərkəzinə çevirmək üçün konkret proqramlarımız, icra mexanizmlərimiz var və biz bunu edəcəyik” sözləri dövlət başçısının Sumqayıta olan diqqətini təsdiq edir.
İndiyədək görülən işlərin nəticəsində Sumqayıt çox qısa bir müddət ərzində öz simasını dəyişib. Binalarin dam örtüklərinin və fasad hissələrinin tam yenilənməsi, yol kənarlarında yerləşən ticarət obyektlərinin müasir memarlıq üslubunda yenidən qurulması, səkilərin daş piltələrlə döşənməsi, yeni işıq dirəklərininin quraşdırılması, digər sosial obyektlərin yaradılması, yaşıllıqların salınması və digər işlər şəhərimizin estetik baxımdan gözəlliyinə böyük töhfələr verməkdədir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə Sumqayıtda Cənubi Qafqazın ən böyük istehsal mərkəzlərindən olan Texnologiyalar Parkının ərsəyə gətirilməsi, “Kimyaçılar” mədəniyyət sarayının qarşısında şəhərin baş meydanının salınması üçün görülən işlər, Sumqayıt Cümə məscidinin əsaslı təmir olunması və burada möhtəşəm minarənin ucaldılması, Heydər Əliyev Mərkəzinin inşasının başa çatması, Gənclər evinin tikintisinə başlanılması quruculuq işlərinin Sumqayıtın inkişafında əsas fəaliyyət istiqamətlərindən biri olduğunu göstərir.
Şəhər sakinlərinin ən sevimli istirahət məkanlarından biri olan Nəsimi adına mədəniyyət və istirahət parkında yeni lahiyə əsasında əsaslı təmir və yenidənqurma işlərinin ikinci mərhələsi aparılmaqdadır. Nəsimi heykəli ətrafında kompleks şəkildə yenidənqurma və abadlıq işləri isə başa çatıb. Ulu öndər Heydər Əliyevin adını daşıyan parkın bir hissəsi, Sumqayıtda ilk klassik meydan olan möhtəşəm “Bayraq Meydanı”, yenidən qurulmuş “Bələdiyyə parkı”, dünya standartlarına uyğun, yüksək səviyyədə əsaslı təmir olunan 1 saylı Uşaq Gənclər İdman məktəbi şəhər sakinlərinin istifadəsinə verilib.
Hazırda Sumqayıtın mərkəzi küçələri ilə bərabər məhəllə və mikrorayondaxili ərazilərində də yenidənqurma və bərpa işləri aparılmaqdadir. Belə ki, şəhərin 10, 13, 17 və 18-ci mikrorayonlarında, Hacı Zeynalabdin qəsəbəsinin Şirvan yaşyış masivində gözəl görünüşlü nümunəvi məhəllələr yaradılıb, bu ərazilərdə yollar asfaltlanıb, yeni uşaq istirahət guşələri, attraksionlar, mini-futbol və basketbol meydançaları salınıb, sakinlərin normal istirahətini təmin etmək üçün yeni oturacaqlar qoyulub. Bu irimiqyaslı lahiyələrin tərkib hissəsi olaraq, qədim tarixə malik Corat qəsəbəsinin Sahil küçəsi tərəfindən giriş hissəsində tarixi ornamentləri özündə əks etdirən Qala divarlarının tikilməsi və divarların üstünə qədim topların yerləşdirilməsi buraya xüsusi gözəllik verib.
Bu gün hər bir şəhər sakini aparılan və səngimədən davam etdirilən abadlıq və quruculuq işlərinin nəticəsində günü-gündən gözəlləşən şəhərimizi gəzməkdən, sözün əsl mənasında, zövq alır. Bu onun göstəricisidir ki, cənab Prezidentin tapşırığı ilə ölkə boyu aparılan abadılıq və quruculuq işləri, şəhərimizdə də ən yüksək səviyyədə öz təzahürünü tapmaqdadır. Sumqayıt sakini olaraq əminliklə deyə bilərəm ki, cənab Prezidentin təşəbbüsü ilə Sumqayıtın gələcək inkişafı üçün hazırlanan möhtəşəm proqram və layihələrin nəticəsində şəhərimiz qısa bir zamanda tam olaraq yeniləşərək nəinki respublikamızın, hətta Avropanın və dünaynın ən gözəl guşələrindən birinə çevriləcək. Prezident İlham Əliyev çıxışlarının birində deyib: “Mən Sumqayıtın inkişafına xüsusi diqqət göstərirəm. Mən şəhərdə dəfələrlə olmuşam, bundan sonra da dəfələrlə olacağam. Çünki hələ ki, burada görüləsi işlər çoxdur”. Ölkə başçısının bu sözləri görülən işlərin hələ bitmədiyini və bundan sonra da şəhərimizin gözəlləşməsi və inkişafı üçün yeni-yeni layihələrin həyata keçiriləcəyinin sübutudur.
Bu gün qazandığımız bütün uğurlar Azərbaycanın istər iqtisadi, istərsə də siyasi baxımdan qüdrətlənməsinin göstəricisidir. Azərbaycanın dinamik inkişafına, dünyanın geosiyasi proseslərində fəal iştirakına, BMT-nin Təhlükəsizlik Şurasının üzvü kimi qlobal arenada sülh və təhlükəsizliyin təmin olunmasına töhfələr verməsinə, “Azərspace” ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə ölkəmizin bölgədə və dünyada internetin, informasiya-kommunikasiya texnologiyaları sektorunun inkişafına xüsusi diqqətlə yanaşmasına, mühüm beynəlxalq ictimai, siyasi, iqtisadi, humanitar forumların, konfransların, idman yarışlarının keçirildiyi mərkəzə çevrilməsinə görə Prezident İlham Əliyevin Böyük Britaniyanın nüfuzlu “The Business Year” jurnalı tərəfindən “İlin adamı” elan edilməsi görülən işlərə dünya ictimaiyyətinin verdiyi yüksək qiymətdir.
Lakin bütün bu nailiyyətlər bəzi daxili və xarici dairələri narahat edir. Onlar hər vasitə ilə Azərbaycanın nüfuzuna kölgə salmağa çalışırlar. Ancaq bir məsələni bilməlidirlər ki, Azərbaycan xalqı ağı qaradan seçməyi bacarır və antiazərbaycançı şəbəkə öz çirkin əməlləri ilə heç nəyə nail ola bilməyəcək! Əminliklə qeyd etmək istəyirəm ki, görülən və səngimədən davam etdirilən bu işləri, aparılan uğurlu, praqmatik daxili və xarici siyasəti yüksək dəyərləndirən, Vətənini, millətini sevən hər bir azərbaycanlı bundan sonra da Prezident İlham Əliyevin ətrafında sıx birləşərək onun ən etibarlı dayağı olacaqdır!
Bəxtiyar SADIQOV:
– Bu gün Azərbaycanda həyata keçirilən kompleks inkişaf siyasəti digər tərəfləri ilə yanaşı, mədəni həyatımızın da zənginləşməsinə böyük töhfələr verir. Ölkəmizin sənaye mərkəzlərindən olan Sumqayıtda da bu tendensiya yaxından hiss olunur. Sumqayıtda hər il ənənəvi mədəniyyət tədbirləri, insan inkişafına xidmət edən digər mədəni layihələr reallaşdırılır. Bu sahədə Sumqayıtın artıq öz ənənələri də formalaşıb. Bütün bunlar barədə məlumat vermək üçün söz Sumqayıt Dövlət Texniki Kollecinin direktoru Mətanət Pirquliyevaya verilir.
Mətanət PİRQULİYEVA:
– Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu müstəqil Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasındadır. Hazırda ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir və daha da zənginləşdirilir.
Yürüdülən siyasət nəticəsində ölkəmiz bütün istiqamətlərdə – iqtisadiyyat, elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə yüksək nailiyyətlər əldə edib. Azərbaycanın valyuta ehtiyatlarının son illərdə 48 milyard dollar səviyyəsinə çatması iqtisadi inkişafımızın göstəricilərindən biri kimi qəbul edilir. Dünyada mürəkkəb iqtisadi və siyasi mənzərənin yarandığı bir dövrdə Azərbaycanın öz inkişaf tempini qoruyub saxlaması və gündən-günə güclənməsi cənab Prezidentin yorulmadan həyata keçirdiyi fəaliyyətin məntiqi yekunudur.
Yeni əsrin yeni tendensiyalarına uyğun olaraq, Azərbaycan dünya miqyasında nümunə olan bir iqtisadi modellə irəliləyir. Bu il Azərbaycanın tarixində ilk dəfə olaraq telekommunikasiya peykinin orbitə buraxılması dövlətimizin informasiya texnologiyaları sahəsində əldə etdiyi nailiyyətlərə misaldır. Biz inanırıq ki, Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində dövlətimiz daha da inkişaf edəcək və yeni-yeni nailiyyətlər əldə olunacaqdır.
Dünyada hər bir xalqın inkişaf səviyyəsinin göstəricilərindən biri onun mədəniyyətidir. Azərbaycan bu sahədə də tarixi nailiyyətlər əldə etmişdir. 2012-ci ilin may ayında Avropanın mötəbər musiqi yarışması sayılan “Eurovision” mahnı müsabiqəsinin Bakıda keçirilməsi xalqımızın mədəniyyətinin təbliği və dünyaya çatdırılmasında böyük rol oynadı. Pranetimizdə yaşayan yüz milyonlarla insanın yaxından izlədiyi bu müsabiqə dövlətimiz tərəfindən yüksək səviyyədə keçirildi. Əlbəttə, tədbirin dövlətimizin adına layiq, dünyaya nümunə olan bir səviyyədə keçirilməsində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz rolu oldu. Fərəh hissi ilə qeyd etməliyik ki, indiyədək Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq qabiliyyəti sayəsində ölkəmizdə nəinki bu müsabiqə, həmçinin müxtəlif beynəlxalq tədbirlər də ən yüksək səviyyədə təşkil olunub. Bütün bunlar Azərbaycan dövlətinin yüksəlişinin, qüdrətlənməsinin və tərəqqisinin göstəricisidir.
Respublikamızda olduğu kimi, Sumqayıtda da yüksək inkişaf tempi özünü göstərməkdədir. Sumqayıt respublikada, həmçinin regionda inkişaf etmiş şəhərlər arasında müasir dizayn baxımından özünəməxsus yer tutmaqdadır. Cənab Prezidentin “Sumqayıt qısa müddətdə Bakı standartlarına yaxınlaşmalı və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir” sözləri şəhərimizə olan xüsusi münasibətinin təcəssümüdür.
Mən diqqəti xüsusilə şəhərimizdə mədəniyyət sahəsində əldə olunan uğurlara yönəltmək istəyirəm. Fərəhlə qeyd etməliyik ki, Prezident İlham Əliyevin və Mehriban xanım Əliyevanın mədəniyyət sahəsinə göstərdiyi həssas münasibət şəhərimizdə bir çox xüsusiyyətləri ilə sezilməkdədir. Dahi şairimiz Nəsiminin adına olan parkın, şəhərimizdəki mədəniyyət evlərinin ən yüksək səviyyədə təmir edilməsi cənab Prezidentin mədəniyyətə olan böyük diqqət və qayğısının nümunəsidir.
Sumqayıtda keçirilən maraqlı və orijinal tədbirlər də mədəniyyət sahəsində böyük irəliləyişlərə səbəb olmuşdur. Bu baxımdan əminliklə deyə bilərik ki, son illər Sumqayıt, sözün həqiqi mənasında, mədəni tədbirlərin kütləvi şəkildə keçirildiyi bir mərkəzə çevrilmişdir. Hər il böyük təntənə ilə qeyd olunan “Şəhər günü” artıq sumqayıtlıların doğma bayramı kimi qəbul edilir. “Şəhər günü”ndə Sumqayıtda möhtəşəm paradın təşkil olunması, musiqili konsert proqramları və müxtəlif ölkələrdən gəlmiş incəsənət qruplarının çıxışları bu tədbiri daha da rövnəqləndirir.
Hər il may ayında şəhərimizdə simfonik konsertlər keçirilir Bu konsertlərdə sumqayıtlılar klassik musiqiləri böyük zövqlə dinləyirlər. Şəhərimizdə hər il nəhəng paxlavanın, tortun təqdim olunması isə Sumqayıtın kreativ şəhər kimi çıxış etməsi üçün əsas yaradır.
Sumqayıt idman və təhsil sahəsində də imkanlarını gündən-günə artırır. Cənab Prezidentin xüsusi qayğısı sayəsində Sumqayıtda tikilən hər növ idman kompleksləri gənc nəslin daha aktiv və sağlam şəkildə böyüməsinə, cəmiyyətdə özünəlayiq yer tutmasına şərait yaratmışdır. Hər il keçirilən məhəllələrarası futbol yarışları, velosiped yürüşləri, marafonlar və bir çox bu formatda olan tədbirlər insanlarımızın sağlamlığına diqqətlə yanaşmağın bir forması kimi qəbul edilir.
Keçirilən bu cür tədbirlər kütləviliyi ilə seçilir, şəhər sakinlərini bir-birlərinə yaxınlaşdırır, insanların hər cəhətdən daha da inkişafına, yaxşı mənada dəyişməsinə və ictimai həyatda hər kəsin fəal iştirakına böyük zəmin yaradır. Ən əsası bütün bunlar artıq Sumqayıtın öz ənənələrinin formalaşmasına gətirib çıxarıb.
Həyata keçirilən bütün bu tədbirlər şəhərimizə dəvət etdiyimiz xarici qonaqlarda da gözəl təəssüratlar yaradır. Bütün bu tədbirlər həm də Sumqayıtın yaxın zamanlarda Bakı standartlarına çatmasına və dünyanın ən gözəl şəhərləri sırasında yer almasına böyük töhfələr verir. Biz sumqayıtlılar ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevə çətin və şərəfli fəaliyyətində uğurlar və yeni-yeni qələbələr arzu edirik. Prezidentimizi əmin edirik ki, bütün sumqayıtlılar onun həyata keçirdiyi işlərdə dəstək olacaq, verdiyi tövsiyə və tapşırıqları həyata keçirmək üçün var qüvvələrini əsirgəməyəcəklər.
Bəxtiyar SADIQOV:
– Ümummilli lider Heydər Əliyev çox çətin, mübarizə və qələbələrlə dolu bir ömür yaşadı. Bəlkə də tərəziyə qoyulsa, çətin günləri xoş günlərindən çox oldu. Buna baxmayaraq, xoşbəxt ömür yaşadı! Əvvəla, tarixin onun üzərinə qoyduğu şərəfli missiyanı – Azərbaycanı parçalanmaq və bir dövlət kimi məhvolmaqdan qurtararaq müstəqilliyinin qorunub saxlanılması və əbədiliyə çevrilməsi vəzifəsini yerinə yetirdi. İkincisi, bu yolda gördüyü işlərlə – iqtisadi islahatlar, hüquqi, demokratik dövlət quruculuğu və ölkəmizin dünyaya inteqrasiyası sahəsindəki cahanşümul fəaliyyəti nəticəsində özü XX və XXI əsrlər Azərbaycanının ən görkəmli şəxsiyyəti kimi dünya tarixinə düşdü. Heydər Əliyevin ən böyük xoşbəxtliyi isə, şübhəsiz, müəyyən etdiyi yolun bu gün də uğurla davam etdirilməsidir! Ümummilli lider Heydər Əliyevdən cismən ayrıldığımız ötən 10 ildə dövlət quruculuğu, iqtisadi və siyasi sahədə qazanılan uğurlar da sübut edir ki, onun ideyaları həmişəyaşar və məğlubedilməzdir!
“Mən hər bir azərbaycanlının Prezidenti olacağam” – deyən Pezident İlham Əliyev isə ötən 10 ildə bu vədinə sadiqliyini dəfələrlə əməli işi ilə sübuta yetirib. Xalqın xoş gününə, rahat yaşayışına çalışan dövlət rəhbəri ən çətin və qayğılı günlərində də insanların yanında olub. Ölkədə həyata keçirilən sosial infrastruktur layihələri də Azərbaycan insanının firavan həyat tərzinin təmini məqsədinə ünvanlanır. Ölkənin iqtisadi uğurlarını hər bir vətəndaş öz gündəlik həyatında, məişətində hiss edir! Bu gün ikinci elə bir dövlət tapmaq çətindir ki, dövlət büdcəsi, hərbi xərcləri, valyuta ehtiyatları qısa müddətdə dəfələrlə artsın! Bununla da cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin arzularını praktik şəkildə gerçəkləşdirməklə xalqa rəhbərlik missiyasının öhdəsindən layiqincə gəlir!
Prezident İlham Əliyevin rəhbərliyi altında bu gün ölkəmizin əldə etdiyi böyük uğurların təməlində, heç şübhəsiz, ulu öndərin zəngin siyasi-mənəvi irsi və dövlətçilik məktəbi dayanır. Bu, qalibiyyət yolu, Heydər Əliyev yoludur! Prezident İlham Əliyev isə Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısıdır! Bu kurs Azərbaycan xalqı üçün alternativsizdir və hər şey deməkdir! Qarşıdan gələn prezident seçkilərində də xalqın yeganə namizədi cənab İlham Əliyevdir. Azərbaycan xalqı bu seçkidə cənab İlham Əliyevə yenidən səs verməklə, əslində, ölkənin yüksəlişinə, güclənməsinə və həm də özünün xoşbəxt gələcəyinə səs vermiş olacaqdır!
“AZƏRBAYCAN”