Azərbaycan-Qırğızıstan münasibətləri bundan sonra daha da möhkəmlənəcək

748

Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında Dostluq və Əməkdaşlıq Müqaviləsinin 25 illiyi və ölkələrimiz arasında diplomatik münasibətlər qurulmasının 30-cu ildönümü ərəfəsində Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana baş tutan rəsmi səfəri iki ölkə arasındakı münasibətlərin keyfiyyətcə yeni səviyyəyə çatdığını göstərdi.

Səfər çərçivəsində ümumilikdə on sənəd imzalanmışdır ki, bu sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum xüsusi əhəmiyyətə malikdirlər. İki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsi məmnunluq doğurur.

Həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər Dövlətlərarası Şura çərçivəsində daha səmərəli və müntəzəm şəkildə müzakirə olunacaq.

Qırğızıstan və Azərbaycan ənənəvi olaraq bütün beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış edib. Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq platformalarda iki ölkə hər zaman bir-birini dəstəkləyib.

Azərbaycanın kommunikasiya xətlərindən istifadə də Qırğızıstan üçün də faydalı ola bilər. Dövlət başçılarının görüşlərində bu məsələnin əhəmiyyəti vurğulandı. Azərbaycan Qırğızıstana öz kommunikasiya xətlərindən istifadə etmək üçün hər cür şərait yaradır. Görüşdə vurğulandı ki, nəqliyyat infrastrukturunun və Şərq-Qərb nəqliyyat dəhlizinin daha səmərəli fəaliyyət göstərməsi üçün səylər birləşdirilməlidir. Azərbaycanda yüklərin bütün istiqamətlərə – həm Şimala, həm Cənuba, həm də Qərbə göndərilməsinə imkan verən müasir nəqliyyat infrastrukturu yaradılıb. Azərbaycanın liman infrastrukturunun imkanları Qırğızıstan üçün açıqdır.

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birgə mətbuata bəyanatla çıxışı zamanı bildirdi ki, Qırğızıstan iqtisadiyyatının enerji sektoru Azərbaycan şirkətləri üçün maraqlı ola bilər. Azərbaycan şirkətlərinin müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında müəyyən təcrübəsi var. Mövcud istiqamətdə səylərin birləşdirilməsinə və Azərbaycanın investisiya potensialına çox ehtiyac var.

Kənd təsərrüfatı da əməkdaşlığın perspektivli sahələrindən biridir. İki ölkə arasında imzalanmış sənədlərə uyğun olaraq  yaxın vaxtlarda Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti prezidentlərin tapşırıqlarının yerinə yetirilməsi məqsədilə yerində iş aparmaq üçün Qırğızıstana səfər edəcək.

Xalqlarımızın ortaq mədəni irsi, ortaq tarixi var. Məhz Azərbaycan və Qırğızıstanı birləşdirən çoxsaylı ümumi dəyərlər ölkələrimizin strateji tərəfdaşa çevrilməsinin əsas  və həlledici amildir.

Dövlətlərarası münasibətlərdə humanitar sahə həmişə mühüm rol oynayıb. Qırğızıstan artıq həllini tapmış Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini hər zaman dəstəkləyib, problemin həllində fəal iştirak etməyə çalışıb. Onu da qeyd edək ki, Qırğızıstan Azərbaycanın qədim Şuşa şəhərinin gələn il türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi təşəbbüsünü dəstəkləyib.

Türkdilli dövlətlər arasında sıx əməkdaşlıq bütün türk dünyası üçün olduqca vacibdir. Bu baxımdan Sadır Japarovun ölkəmizə rəsmi səfəri zamanı əldə olunan razılaşmalar, müzakirə olunan məsələlər Azərbaycan-Qırğızıstan münasibətlərində yeni səhifə açacaq, eyni zamanda türkdilli dövlətlər arasında əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə verəcək.

Birgə bəyanatlarda səslənən fikirlər və imzalanan sənədlər bundan sonra da iki ortaq kökə malik ölkə arasındakı münasibətlərin inkişaf etdiriləcəyinə əminlik yaradır. Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan ilə Qırğızıstan arasında əlaqələr bundan sonra da müxtəlif sahələr üzrə daha da  genişlənəcək.

Mönsüm Alışov, pedaqoji elmlər doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər