Azərbaycan-Qırğızıstan münasibətlərində yeni mərhələ

604

Türkdilli dövlətlərlə əlaqələrin qurulması və inkişafı ölkəmizin xarici siyasətinin strateji xəttini təşkil edir. Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyev Türk dövlətləri ilə əlaqələrə xüsusi önəm verir və bu istiqamətdə əzmlə çalışırdı. Soy-kökü, dili, dini, mədəniyyəti bir olan türk dövlətlərini bir araya gətirməkdə, əlaqələr qurmaqda, bir sözlə, qardaşlaşmaqda Heydər Əliyevin xidmətləri danılmazdır. Türkdilli dövlətlərlə münasibətlərin daha da inkişaf etdirilməsi, eyni zamanda bu ölkələr arasındakı birliyə nail olmaq istiqamətində Prezident İlham Əliyevin də xidmətləri mühüm əhəmiyyət kəsb edir. Türk Şurasının sıralarının genişlənməsi və təşkilata çevrilməsi istiqamətində də dövlətimizin başçısı tərəfindən mühüm addımlar atılıb. Bu əlaqələr bu gün daha da inkişaf etdirilir. Təkcə bu il Qırğızıstan və Qazaxıstan prezidentlərinin Azərbaycana səfərləri, Prezident İlham Əliyevin Özbəkistan, Türkmənistan və Qırğızıstana səfərləri, imzalanmış sənədlər, əldə olunan razılaşmalar bu istiqamətdə görülən işlərin miqyasını əks etdirir.

Bu baxımdan cari ilin 11 oktyabr tarixində Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri mühüm əhəmiyyət kəsb edir.

Səfər zamanı iki ölkə arasında mühüm sənədlər imzalanmışdır. Belə ki, “Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası ilə Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Qırğız Respublikasının Ticarət və Sənaye Palatası arasında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Bakı şəhəri və Qırğız Respublikasının Bişkek şəhəri arasında qardaşlıq əlaqələrinin qurulmasına dair Anlaşma Memorandumu” , “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Qırğız Respublikasının Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi arasında qarşılıqlı anlaşma və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Memorandum” imzalanıb.

Eyni zamanda “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Qırğız Respublikasının Nazirlər Kabineti yanında Sosial Fond arasında məcburi dövlət sosial sığortası sahəsində əməkdaşlıq haqqında Protokol”, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qırğız Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2025-ci illər üzrə əməkdaşlıq Proqramı”, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Saziş” kimi sənədlər imzalanıb.

Prezident İlham Əliyevin Bişkekdə mətbuata verdiyi bəyanatda bir sıra mühüm məqamlara toxunub. Ölkə başçısı  bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq nəzərdə tutulandan daha tez həyata keçir.

Vurğulanıb ki, yarım il öncə imzalanmış strateji tərəfdaşlıq haqqında Bəyannamə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çıxarıb. Yarım il bundan əvvəl müəyyən edilənlərin çoxu artıq real siyasət sahəsinə transformasiya olunur. Mədəni-humanitar, iqtisadiyyat, nəqliyyat, təhsil, yüksək texnologiyalar sahələri ilə bağlı geniş məsələlər ətraflı müzakirə olunub.

Qeyd olunub ki, effektiv əməkdaşlığın konkret nümunələri mövcuddur. Belə ki, Azərbaycanın iki peyki – “Azersky” və “Azerspace-1” Qırğız tərəfdaşlarımıza xidmətlər göstərir. Nəqliyyat-tranzit sahəsində Çin-Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınmasının ucuzlaşması üçün imkanlar yaranacaq. Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq səmimidir və qarşılıqlı dəstəyə əsaslanıb.

 İki ölkə arasındakı münasibətlər şəhərlər arasındakı əlaqələrin də genişlənməsinə mühüm töhfə verir. Bakı və Bişkek qardaşlaşmış şəhərlərə çevriliblər. Bişkekdə ən böyük məktəblərdən biri Azərbaycan dövlətinin banisi Heydər Əliyevin adını, digər məktəb isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyacaq. Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılması münasibətlərimizin perspektivliyini təmin edəcək. Azərbaycanın mədəniyyət paytaxtı Şuşa da Qırğızıstan şəhərləri ilə qardaşlaşacaq.

Prezident İlham əliyev bildirdi ki, Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu Fond inkişafa, investisiyaların cəlb edilməsi işinə, iş yerlərinin yaradılmasına və ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi üçün daha çox ilkin şərtlərin formalaşdırılmasına xidmət edəcək.

Prezident İlham Əliyevin Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasında Türk dünyasının  Türkdilli dövlətlər arasındakı əlaqəlrin inkişafına diqqət yetirdi. Vurğuladı ki, bu gün Türk dünyası yeni potensial əldə edir.Həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir. Gələn ay keçiriləcək Zirvə Görüşü bizim həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.

Dövlətimizin başçısı bəyan etdi ki, biz münasibətlərimizi Dövlətlərarası Şuranın hamiliyi altında strukturlaşdırırıq ki, qərarların qəbul edilməsinə, o cümlədən ticari-iqtisadi fəaliyyət çərçivəsində nəzarət üçün daha çox imkanlara və daha çox dinamizmə malik olaq. Artıq hökumətlərarası komissiyanın iclası Bakıda təşkil olunub və gələn il Bişkekdə keçiriləcək. Dövlətlərarası Şura, hökumətlərarası komissiya – bunlar o mexanizmlərdir ki, bizə həmişəəlimizi nəbzimizdə tutmaq və hədəflərə nail olmaq üçün nə etmək lazım olduğunu görmək imkanı verəcək.

Azərbaycanda Qırğızıstanın mədəniyyət günlərinin, Qırğızıstanda Azərbaycanın mədəniyyət günlərinin keçirilməsi tamaşaçılarımıza, dinləyicilərimizəölkələrimizin zəngin mədəniyyəti ilə tanış olmağa, müxtəlif səviyyələrdə daha çox, daha sıx təmaslar qurmağa imkan verəcək.

Prezident İlham Əliyev çıxışında Azərbaycanın nəqliyyat infrastrukturunun potensialı, gələcək perespektivləri ilə bağlı ətraflı məlumat verdi. Ölkə başçısı bildirdi ki, bu gün açıq dənizlərə çıxışı olmayan Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsi yaradıb. İndiki mərhələdə nəqliyyat-tranzit sahəsində əməkdaşlığın vacibliyi xüsusilə vurğulanmalıdır. Artıq fəaliyyət göstərən, eləcə də planlaşdırılan yeni nəqliyyat yolları kommunikasiyalarımızı daha sıx birləşdirməyə imkan verəcək. Xəzərin bizim tərəfində tam olaraq Avropa istehlakçılarına qədər – həm dəmir yolu, həm avtomobil yolu, həm hava yolu və bizim yük hava nəqliyyatının potensialı nəzərə alınmaqla artıq geniş nəqliyyat infrastrukturu var. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta Dəhlizin bir hissəsi olacaq. Ələt ticarət limanının potensialı 15 milyon tondan 25 milyon tona qədər artacaqdır. Azərbaycandan çox böyük potensiala malik Şimal-Cənub dəhlizi də keçir. Artıq həm Cənub-Qərb, həm də Şimal-Qərb dəhlizlərinin potensialını genişləndirmək üçün imkanlar var. Burada həyata keçirilən layihələr haqqında informasiya və sinxronlaşdırma ilə bağlı məsələlər çox vacibdir. Çünki regionda infrastruktur layihələri hazır olan zaman biz nəqliyyat potensialımızı genişləndirməyə hazır olmalıyıq ki, investisiyalar daha səmərəli olsun.

Beləliklə, Azərbaycan həm Qırğızıstan, həm də digər türkdilli ölkələrlə geniş siyasi, iqtisadi və mədəni əlaqələrini etibarlı şəkildə davam etdirir. Görünən odur ki, Hər iki ölkənin məqsədi türk dünyasının inkişafına, siyasi və mədəni birliyinə dəstək olmaqdır.  Prezident İlham Əliyevin Qırğızıstan Respublikasına dövlət səfəri, imzalanan sənədlər və dövlət başçılarının səsləndirdiyi fikirlər iki qardaş ölkə arasında münasibətləri yeni mərhələyə yüksəldən mühüm siyasi-tarixi hadisə oldu. Bütün bunlar münasibətlərin inkişafında yeni mərhələnin əsasının qoyulduğunu deməyə əsas verir.

Sahib Fərzəliyev ,“Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədri, texniki elmlər üzrə fəlsəfə doktoru, professor

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər