Azərbaycan Qoşulmama Hərəkatının işinə bundan sonra da öz töhfəsini verəcək

972

 Bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət, habelə ölkələrin daxili işlərinə qarışmamaq və digər prinsipləri təşviq edən tarixi “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətinin prioritetləri ilə tam uyğun olduğu üçün 10 il əvvəl Azərbaycan Qoşulmama Hərəkatı ailəsinin üzvü oldu. Ölkəmiz qisa müddət ərzində Hərəkatda olduqca böyük nüfuz və etimad qazandı və 2016-cı ildə bütün üzv dövlətlərin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edildi.

2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin onlayn formatda keçirilən aralıq konfransında videoformatda çıxış etdi.

Beynəlxalq əhəmiyyətli tədbirlərdə müxtəlif dillərdə səlis nitqi ilə fikirlərini açıq şəkildə dünya ictimaiyyətinə məharətlə bildirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dərin, məntiqli, əhatəli çıxışında olduqca mühüm məsələlərə toxundu.

BMT Baş Assambleyasından sonra ikinci ən böyük siyasi təsisat olan və yaradılmasının 60 illiyi qeyd olunan Qoşulmama Hərəkatının təməlində sülh, multilateralizm və qlobal həmrəyliyin möhkəmləndirilməsi dayandığını vurğulayan  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz çıxışında qeyd etdi ki, mürəkkəb qlobal çətinliklər Qoşulmama Hərəkatının əhəmiyyətini daha da artırıb.

Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan beynəlxalq əhəmiyyətli təşəbbüslərlə çıxış edərərək, mühüm nəticələrin əldə olunmasına töhfələr verib. Azərbaycan 2019-cu ilin oktyabrında Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil etdi. Əminliklə deyə bilərik ki, ötən dövr ərzində Qoşulmama Hərəkatı ölkələrinin legitim maraqlarının müdafiəsi, ədalət və beynəlxalq hüququn qorunması naminə Azərbaycan beynəlxalq müstəvidə əməli addımlar atıb.

 Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qarşı qlobal səyləri səfərbər etdi

Dünyanı bürüyən COVID-19 pandemiyasının yeni reallıqlar və çətinliklər yaratdğı bir dönəmdə Azərbaycan yeni vəziyyətə çevik reaksiya verərək, Qoşulmama Hərəkatının sədri qismində pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. 2020-ci il mayın 4-də təşkil edilmiş Təmas Qrupu ölkələrinin Zirvə görüşü zamanı Azərbaycan Respublikasının Prezidentinin Qoşulmama Hərəkatı adından irəli sürdüyü, BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsi təklifi BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəkləndi və 2020-ci il dekabrın 3-4-də Xüsusi Sessiya baş tutdu.

Öz humanitar missiyasını layiqincə icra edən Azərbaycanın dövlət başçısı günümüzün aktual məsələlərindən olan Qlobal səhiyyə böhranı fonunda narahatlıq doğuran “peyvənd millətçiliyi” məsələsinə də toxundu və inkişaf etmiş ölkələri, beynəlxalq donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə də az inkişaf etmiş ölkələrə pandemiya ilə mübarizə sahəsində yardım etməyə çağırıb.

Qoşulmama Hərəkatının digər təsisatlarla dialoqunun inkişaf etdirilməsi və əməkdaşlığın coğrafiyasının genişləndirilməsi Azərbaycanın sədrliyinin prioritetləri sırasında yer alıb, beynəlxalq təsisatlarla körpülərin yaradılmasına nail olunub. Tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirak edib, Avropa İttifaqına üzv dövlətlər Qoşulmama Hərəkatının BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyib. Qoşulmama Hərəkatı və Avropa İttifaqı BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində bir sıra məsələlərlə bağlı əməkdaşlıq edir.

 Azərbaycan Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi istiqamətindəki fəaliyyətini davam etdirəcək

Azərbaycan Qoşulmama Hərəkatının vahid səsini ucaldaraq, Hərəkatın maraqlarını bütün mümkün beynəlxalq platformalarda müdafiə edib. Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin artırılması, beynəlxalq arenada Hərəkatın mövqeyinin və nüfuzunun gücləndirilməsi sahəsində birgə səylər göstərməkdə davam edəcək.

Azərbaycan Respublikasının Prezidenti onu da qeyd etdi ki, 2020-ci il Azərbaycan üçün əlamətdar il olub, çünki Hərəkatın gündəliyində dayanan vacib mövzulardan biri uğurla həll edilib. 30 ilə yaxın idi ki, Ermənistanın ərazimizin təqribən 20 faizini işğal altında saxladığını, azərbaycanlılara qarşı etnik təmizləmə apardığını, 1992-ci ilin fevralında Xocalı soyqırımını törətdiyini, yüzlərlə dinc insanı qətlə yetirdiyini və Xocalı soyqırımı 13 ölkə tərəfindən tanındığını bildirdi.

BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və ATƏT daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatların qərar və qətnamələrinə, aparıcı beynəlxalq təşkilatların tələblərinə məhəl qoymayan Ermənistan 2020-ci ildə dövlət sərhədi və keçmiş təmas xətti boyu üç dəfə hərbi təxribatlara əl atdı və nəticədə hərbçilərimiz və mülki vətəndaşlarımız həlak oldular. Ötən ilin sentyabrında Ermənistanın Azərbaycana qarşı irimiqyaslı hərbi hücumuna cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı və işğal altındakı ərazilərin böyük hissəsini azad etdi.

44 günlük müharibə nəticəsində tam məğlubiyyətə uğrayan Ermənistanın 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza ataraq, Azərbaycanın işğal altındakı digər ərazilərindən qoşunlarını çıxarmağa məcbur olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran Azərbaycan Prezidenti bildirdi ki, Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinin icrasını təmin etdi və bununla da Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşdu.

Beləliklə, Azərbaycan 30 illik münaqişəyə son qoydu, hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi

Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin dəstəyini yüksək qiymətləndirir

 “Qoşulmama Hərəkatı ölkələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə müntəzəm dəstəyini yüksək qiymətləndiririk”, deyə çıxışında qeyd edən Dövlətimizin Başçısı bildirdi ki, Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq.

Qoşulmama Hərəkatı Ermənistan silahlı qüvvələrinin dövlət sərhədində törətdiyi hərbi təxribatla bağlı 2020-ci ilin iyulunda kommünike qəbul edib.

Vətən müharibəsi zamanı isə – 2020-ci ilin oktyabrında nazirlər səviyyəsində keçirilən onlayn iclas çərçivəsində xüsusi bəyanat qəbul olunub.

Ölkə Prezidentnin dərin məzmunlu çıxışında yer alan məsələlərdən biri də Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş qətnamələrini nəzərə almadan, onun bəzi üzvlərinin qərəzli bəyanat qəbul etdirmək cəhdləri barədə oldu. Təhlükəsizlik Şurasındakı müzakirələr zamanı Azərbaycanın mövqeyini dəstəkləyən Qoşulmama Hərəkatının yeddi üzvü təkid etmişdir ki, müzakirə edilən mətnə Təhlükəsizlik Şurasının yuxarıda qeyd olunan qətnamələrinə istinad əlavə edilsin.

“Qoşulmama Hərəkatı ölkələrinin belə qətiyyətli mövqeyi onların “Bandunq prinsipləri”nə və Hərəkatın dəyərlərinə sadiqliyini nümayiş etdirdi. Onların bu mövqeyi ikitərəfli münasibətlərimizdə tarixi dostluq jesti kimi qəbul edilməlidir” fikirlərini ifadə edən ölkə prezidenti vurğuladı ki, uzun illər ərzində Ermənistanın Azərbaycanın işğal edilmiş ərazilərində, əsrlər boyu həmin torpaqlarda yaşamış azərbaycanlıların izini silmək məqsədi ilə şəhər və kəndləri, bütün mədəni və dini abidələrini dağıdıb, qəbiristanlıqları yerlə-yeksan edib. Bizim məscidlərimiz donuz və inək tövləsi kimi istifadə edilib. Ağdam şəhərində daşı daş üstündə qoyman  Ermənistan onu “Qafqazın Xirosiması” na çevirmişdir.

Ermənistanın törətdiyi vəhşiliyin beynəlxalq aləmə çatdırılması məqsədilə aparılan işlər öz nəticələrini verir.

Xarici diplomatların və jurnalistlərin azad olunmuş ərazilərə müntəzəm səfərləri təşkil edilir. Beynəlxalq media Azərbaycan xalqına məxsus mədəni və dini irsin məqsədli şəkildə dağıdılması faktlarını əks etdirən materiallarla çıxış edir, Azərbaycan həqiqətlərini dünyaya çatdırırlar.

Azad olunmuş ərazilərdə artıq yenidənqurma işlərinə başlandığını da bəyan edən Azərbaycan Respulikasının prezidenti İlham Əliyev əmin olduğunu ifadə etdi ki, Azərbaycan transformasiyanın nadir təcrübəsini nümayiş etdirərək, dağıdılmış ərazləri yüksək yaşayış standartlarına malik məkana çevirəcək və yüz minlərlə məcburi köçkünün doğma yurdlarına ləyaqətli və təhlükəsiz qayıdışını reallaşdıracağıq. Lakin Ermənistan tərəfindən basdırılmış çoxsaylı minalar yenidənqurma prosesini və məcburi köçkünlərin evlərinə qayıdışını ləngidir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş bütün ərazilərin mina xəritələrini Azərbaycana versin.

Prezident İlham Əliyevin videomüraciətindən sonra nazirlər konfransının siyasi bəyannaməsi müzkirəyə çıxarılaraq qəbul edilib. Təşkilata üzv dövlətlər adıçəkilən bəyannamədə COVID-19 pandemiyasına qarşı mübarizə üzrə BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması təşəbbüsünə, Qoşulmama Hərəkatının uğurlu sədrliyinə və nəzərdə tutulandan 1 il artıq sədrlik etməyə hazır olduğuna görə Prezident İlham Əliyevə və Azərbaycan xalqına təşəkkür ediblər. Beləliklə, 2022-ci ildə 3 illik sədrliyi yekunlaşmalı olan Azərbaycan növbəti sədr Uqandanın hazırda sədrliyi təhvil ala bilməyəcəyini açıqlamasından sonra daha bir il – 2023-cü ilin sonunadək Qoşulmama Hərəkatının sədri olacaq.

Bu gün Azərbaycan dövləti Qoşulmama Hərəkatının sədri olaraq, qətiyyətlə Hərəkatın fundamental dəyərlərinə sadiqliyini nümayiş etdirir, ədalətin və beynəlxalq hüququn müdafiəsinə öz töhfəsini verir. Ölkə başçısı bir daha bəyan etdi ki, Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin gücləndirilməsi, ədalət və beynəlxalq hüququn müdafiəsi sahəsində gələcəkdə də əlindən gələni əsirgəməyəcək.

Aygün Zülfüqarlı, YAP Sumqayıt şəhər təşkilatının şura üzvü

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər