Azərbaycan regionda birgəyaşayışın və davamlı sülhün tərəfdarıdır

1060

Fevralın 26-da Azərbaycan Prezidenti İlham Əliyev yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında respublikamız və region üçün çox mühüm məsələlərə toxundu. Möhtərəm prezidentimiz Vətən müharibəsi, 10 noyabr Bəyanatının imzalanmasından sonra regionda baş verən proseslər barədə reallıqları aydınlıqla şərh etdi, jurnalistlərin suallarına cavab olaraq mövcud vəziyyətlə bağlı fikirlərini incəliyinə qədər ifadə etdi.
Ünvanlanmış suallara cavab verərkən “Bizim xalqlar sülh şəraitində yaşamalıdırlar. Bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvvürlər var. Azərbaycanda minlərlə erməni yaşayır. Bizim erməni xalqı ilə birgə yaşamağımızın böyük tarixi vardır. Həm Ermənistanda, həm Azərbaycanda, həm başqa ölkələrdə. Misal üçün, Gürcüstanda elə kəndlər var ki, orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır” deyən prezident bununla belə bildirmişdir ki, mətbuat konfransının Xocalı soyqırımının 29-cu ildönümü günündə təşkil edilməsi təsadüfi deyildir. Prezident erməni faşistlərinin törətdikləri Xocalı soyqırımının dəhşətli nəticələrini dünya ictimaiyyətinə hər fürsətdə xatırlatdı və bu faciənin heç vaxt yaddan çıxmayacağını bəyan etdi.
Yüksək diplomatik məharət və natiqlik bacarığı nümayiş etdirərək şəxsinə ünvanlanan sualları cavablandırmaqla bütün aktual məsələlərə səlis, məntiqli, dəqiq faktlar əsasında münasibət bildirən dövlət başçısı mətbuat konfransında dünyanın 35-dən artıq media orqanının 50-yə yaxın sualını təmkinlə dinlədi, cavablandırdı və verdiyi cavablarla peşəkar siyasi xadim olduğunu bütün dünyaya nümayiş etdirdi.
Prezident İlham Əliyevin 44 günlük Vətən müharibəsi zamanı 30-dan artıq xarici kütləvi informasiya vasitələrinə müxtəlif dillərdə verdiyi hər bir müsahibə Azərbaycanın informasiya müharibəsində qələbəsinin təminatı olduğu kimi 26 fevral tarixində 4 saat ərzində keçirdiyi mətbuat konfransı da Azərbaycanın artıq regionda yaratdığı yeni reallığın dünya mediasının diqqətinə çatdırılması idi. Mətbuat konfransı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan böyük önəm kəsb edir.
Mətbuat konfransı zamanı dövlətimizin başçısı Ermənistandakı revanşist qüvvələrə bir daha xəbərdarlıq etdi və bildirdi ki, razılaşmaların pozulması Rusiya Prezidenti Vladimir Putinin dediyi kimi, Ermənistan üçün intihar olardı.
Sözsüz ki, davamlı və dayanıqlı sülhün təmin edilməsi regionun inkişafını təmin edən əsas amillərdəndir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti regionda sülhün qorunub saxlanması üçün əlindən gələni edir. Ölkə Prezidenti beynəlxalq mətbuatın nümayəndələrinə açıq şəkildə Azərbaycanın məqsədinin üçtərəfli qaydada – Ermənistan və Rusiya ilə birlikdə kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaradılması və nəqliyyat baxımından bütün maneələri aradan qaldırmaq olduğunu vurğulayıb. Bu əməkdaşlıq, atılan addımlar öz növbəsində bölgədə davamlı sülhün təmin edilməsinə xidmət edir.
“Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Azərbaycanda fərqli dildə danışan insanların hər cür hüquq və imtiyazları mövcuddur. Onların təhsilə çıxışları təmin edilir. Nəzərə alaq ki, həmin ərazilərdə yaşayan erməni icması öz aralarında erməni dilində danışa bilərlər, sovet dövründə bizim o bölgədə erməni dilində qəzetlər dərc edilirdi, orada xüsusi proqramlar var idi. Digər bütün dillər kimi erməni dili də Azərbaycanda qorunacaqdır” bildirən dövlət başçımız Azərbaycanın tarixən birgəyaşayış modelinin universal nümunəsi olduğunu beynəlxalq ictimaiyyətə çatdırdı.

Ramiz Hüseynov –
YAP Sumqayıt şəhər təşkilatının sədri.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər