Azərbaycan regionda davamlı sülhün və əməkdaşlığın tərəfdarıdır

668

Azərbaycan hər zaman bəyan edib ki, regionda sülhün və inkişafın təmin olunması üçün danışıqlara, Ermənistanla dialoqa başlamağa hazırdır. Yalnız dialoqa başlamaq deyil, həm də Azərbaycanla Ermənistan arasında gələcəkdə sülh müqaviləsi üzərində işləmək nəzərdə tutulub.

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, artıq müharibə arxada qalıb və münaqişə öz həllini tapıb. Bu gün region ölkələri qarşısında yeni çağırışlar var. Regionu daha sabit və təhlükəsiz etmək üçün yeni tədbirlərin reallaşdırılması vacibdir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması Cənubi Qafqaz regionu üçün yeni imkanlar açacaq.

Azərbaycan hər zaman ən yüksək səviyyədə danışıqlara, təmaslara hazır olduğunu bildirib. Sözsüz ki, açıq qalmış suallara aydınlıq gətirmək və cavablandırmaq üçün təmaslar bir fürsətdir.
Azərbaycanın mövqeyi kifayət qədər  aydındır. Münaqişə artıq həll edilib, keçmişə qayıtmaq olmaz və istənilən revanşist addımlar qəbuledilməzdir.

Prezident İlham Əliyev dəfələrlə xarici mətbuat orqanlarına verdiyi müsahibələrdə vurğulayıb ki, bölgəni daha sabit və təhlükəsiz etmək üçün fəal danışıqlar aparılmalıdır.

Prezident İlham Əliyevin 2021-ci il 28 sentyabr tarixində “France-24” televiziya kanalına verdiyi müsahibədə bir daha sülh danışıqlarına aydınlıq gətirdi, Azərbaycanın bu məsələdə ilə bağlı mövqeyini çatdırdı.

Ölkə başçısı müsahibəsində vurğuladı ki, Minsk qrupunun həmsədrləri belə bir görüş təklifi ilə çıxış etsələr, Azərbaycan buna qarşı çıxmaz. Sərhədlərin delimitasiyası və demarkasiyası üzərində işlər aparılmalıdır. Ermənistanla sülh sazişinin üzərində  danışıqlara hazırlıq başlanmalıdır. Ancaq, bunların heç birinə Ermənistan rəhbərliyi tərəfindən adekvat cavab verilməyib. Qeyd olunan hal Ermənistandakı siyasi isteblişmentin bəzi dairələrində revanşizm tendensiyalarının mövcudluğu ilə izah oluna bilər. İstənilən halda, Azərbaycan öz xəbərdarlığını edib.

Prezident bir daha Ermənistana və onun havadarlarına xəbərdarlıq etdi. Azərbaycanın siyasi və coğrafi xəritəsində “Dağlıq Qarabağ” adlı vahid yoxdur. Belə bir qurum mövcud deyil. Beləliklə, Ermənistan, ilk növbədə, Azərbaycana qarşı istənilən ərazi iddiasını geri götürməli və özünü yaxşı aparmalıdır.

Son vaxtlar bəzi dairələrdə münaqişənin həll olunmaması ilə bağlı fikirlər səsləndirilir. Bu cür fikirlər sözsüz ki, regionda sabitlik və sülh üçün təhlükəlidir.
Ölkə başçısı da bununla bağlı öz mövqeyini bildirdi. Qeyd etdi ki, münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman “yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar. Bu isə bizim gündəliyimizə daxil deyil. Bu gün Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan ermənilər ölkəmizdə yaşayan digər etnik qrupların nümayəndələri kimi Azərbaycan vətəndaşlarıdır. Onlara muxtariyyətin verilməsi artıq müzakirə mövzusu deyil.

Azərbaycan heç vaxt qonşularına ərazi iddiası irəli sürməyib. Zəngəzur məsələsinə gəlincə ölkə başçısı bir daha qeyd etdi ki, 1920-ci ildə sovet hakimiyyəti Azərbaycanın ayrılmaz hissəsi olan Zəngəzuru qopararaq onun Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib. Azərbaycan yalnız tarixi faktlara istinad edib. Vəziyyət normallaşandan sonra sülh müqaviləsinə nail olunacaqsa, azərbaycanlılar legitim şəkildə Zəngəzura qayıda bilər və bu, bizim hüququmuzdur.

Öz həllini tapmış münaqişə ilə bağlı siyasi
manipulyasiyalar yolverilməzdir

Ötən bir il ərzində Azərbaycan artıq hansı imkanlara və niyyətlərə malik olduğunu dünyaya nümayiş etdirdi.  Biz torpaqlarımızı azad etdik və Qarabağın dirçəldilməsi üzərində işləyirik.

Qısa müddət ərzində işğalçılar tərəfindən viran qoyulmuş torpaqlarımızda bu gün  genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Böyük infrastruktur layihələri reallaşdırılır. Hansı ki, 30 il ərzində işğalçılar bu ərazilərdə bir daşı daş üstünə qoymamışdılar.

Beləliklə, ölkə başçısı bir daha bəyan etdi ki, Azərbaycanın məqsədi bölgədə sülhün və inkişafın təmin olunmasıdır.

Ceyhun Hüseynov, Sumqayıt Gənclər və İdman Baş İdarəsinin gənclər sahəsi üzrə sektor müdiri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər