Azərbaycan Respublikası etibarlı tərəfdaşdır

447
 28 oktyabr 2022 15:15
 221

Azərbaycan Respublikası etibarlı tərəfdaşdır

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında mehriban qonşuluq münasibətləri çoxəsrlik ənənələrə söykənir. Azərbaycan və gürcü xalqları yüz illər ərzində qardaşlıq, dostluq, qarşılıqlı faydalı əməkdaşlıq şəraitində yaşamış, dar gündə bir-birilərinə dəstək olmağa çalışmışlar. Bunun nəticəsində hər iki xalq üçün ortaq dəyərlər formalaşmışdır. Müasir dövrdə də iki dövlət arasında münasibətlər ən yüksək səviyyədə davam etdirilir. Azərbaycan və Gürcüstan dövlətləri nəqliyyat-logistika sahəsində əməkdaşlığı ötən hər gün daha da dərinləşdirir. Reallıqda həm Avropa, həm də Asiya dövlətlərinin Azərbaycan və Gürcüstan Respublikalarının ərazisindən keçən nəqliyyat yollarına böyük ehtiyacları var. Bu isə ölkələrimiz arasındakı əlaqələri daha da hərtərəfli edir və möhkəmlədir.

Azərbaycan — Gürcüstan münasibətləri artıq müttəfiqlik səviyyəsinə yüksəlmişdir. İki dövlət arasında yüklərin daşınma həcminin artırılması, ölkələrimizin tranzit potensialının yüksəldilməsi gələcək iqtisadi inkişafa mühüm töhvələr verəcək. Lakin bir vacib məqam da mütləq nəzərə alınmalıdır, əgər tranzit ölkə olmaq istəyirsənsə qonşularla normal münasibətlər saxlamağı bacarmalısan. Azərbaycan ilə Gürcüstan dövlətləri arasında olan səmimi münasibətlər bizə bu imkanları yaradır. Dövlətlərimizin birgə reallaşdırdıqları layihələr təkcə ölkələrimiz üçün deyil, bölgə üçün, bütövlükdə Avropa üçün vacib əhəmiyyət daşıyır. Azərbaycan Gürcüstana 3 milyard dollardan çox sərmayə qoyub. Bu sərmayə qarşılıqlı faydalı sərmayədir, çünki hər iki tərəfin maraqlarına cavab verir. Qarşıdakı illər üçün də kifayət qədər perspektivli layihələr nəzərdə tutulub. Növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracını iki dəfə artıracaq. 2027-ci ildə Azərbaycanın Avropaya qaz ixracatı 20 milyard kubmetrə çatdırılacaq. Gələn ildən Bakı-Tbilisi-Ceyhan neft kəməri xətti ilə ixracın artırılması nəzərdə tutulub. Digər bir yeni layihə elektrik enerjisi ilə bağlıdır. Azərbaycan çalışır ki, öz elektrik enerjisini dünya və Avropa bazarlarına ixrac etsin.  Bu ixrac istiqaməti də  Gürcüstandan keçir. Şübhəsiz ki, Gürcüstan Respublikası da bu layihələrdən tranzit ölkə kimi kifayət qədər mənfəət əldə edəcək.

Müasir dövrdə dünyada və eləcə də Avropada enerji resurslarına olan tələbat xeyli artmışdır, enerji təhlükəsizliyi məsələləri aktuallaşmışdır. Bu məqam Azərbaycan ilə Avropa ölkələri arasınada enerji sahəsindəki əməkdaşlığı daha da zəruri edir. Avropa dövlətlərinin özləri də bizimlə bu sahədə əməkdaşlığa ciddi maraq göstərir. Sözsüz ki, Azərbaycan Respublikası həm qonşu ölkələr, həm də Avropa üçün səmimi, sərfəli, etibarlı və gələcək perspektivlər vəd edən bir tərəfdaşdır. Deməli belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan və Gürcüstan dövlətləri arasında sağlam təməllər üzərində formalaşmış müttəfiqlik münasibətləri   eyni zamanda Avropa dövlətlərinin enerji təhlükəsizliyinə öz mühüm töhvələrini verəcək.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər