Sumqayıt şəhərində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabının təqdimatı keçirilib.
Azərbaycan, rus və ingilis dillərində nəşr olunan kitabda Prezident İlham Əliyevin 2003-cü ildən bəri müsahibə və çıxışlarında multikulturalizmin Azərbaycan modeli haqqında dəyərli fikirləri toplanıb, dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə ölkəmizin multikulturalizmin, o cümlədən mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı sahəsində həyata keçirdiyi layihələrdən, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda bu sahədə əldə edilən nailiyyətlərdən bəhs olunur.
Kitabın ideya müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, məsləhətçisi Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru Əli Həsənov, tərtibçiləri Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Etibar Nəcəfov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla, AZƏRTAC-ın baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Cavid Bədəlov və BBMM-in şöbə müdiri Sərxanbəy Xuduyevdir.
Tədbiri açan Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 1-ci müavini Teymur Səmədov deyib ki, Azərbaycan multikulturalizminin siyasi banisi ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərindən biri də multikulturalizmin ölkəmizdə inkişaf etdirilməsidir. Bu siyasəti bu gün Prezident İlham Əliyev əzmlə davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan multikulturalizm siyasəti ölkə daxilində inteqrasiya proseslərini sürətləndirir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Yadigar Məmmədli bildirdi ki, təqdimatı keçirilən bu kitab Azərbaycan Prezidentinin multikultural dəyərlərə nə qədər çox önəm verməsinin bariz göstəricisidir. Kitab təkcə Azərbaycan multikulturalizmini deyil, Azərbaycan xalqının tarixini, ədəbiyyatını, mədəniyyətini, mənəviyyatını öyrənmək istəyənlər üçün gözəl vəsaitdir. Dövlətimizin başçısının nəşrdə toplanmış hər bir fikrində ölkəmizə, xalqımıza, dünyadakı bütün sülhsevər insanlara məhəbbət və sevgi hiss edilir. Azərbaycan Prezidentinin multikulturalizm barədə fikirləri, göstərişləri onun 2016-cı ildə elan etdiyi “Multikulturalizm İli” başa çatdıqdan sonra da davam edir.
AMEA-nın Qafqazşünaslııq İnstitunun direktoru,millət vəkili Musa Qasımlı vurğuladı ki, müasir dövrdə Azərbaycan multikulturalizmin əsas mərkəzlərindən biridir. Bu gün Azərbaycanda multikulturalizm dövlət siyasətidir.
Qeyd edilib ki, böyük idraki və praktiki əhəmiyyəti olan bu kitabda multikulturalizm Azərbaycanda həyata keçirilən siyasətin mühüm bir istiqaməti kimi təqdim olunur. Kitabda multikulturalizmin bir sıra nəzəri məsələləri, Azərbaycan multikulturalizm modelinin xüsusiyyətləri öz əksini tapıb. Nəşrdə Azərbaycan dövlətinin multikulturalizm sahəsində böyük təcrübəsinə dair önəmli fikirlər yer alıb və bu da digər ölkələr, xüsusilə də hazırda multikulturalizm siyasətini həyata keçirməkdə ciddi problemlərlə üzləşən Qərb ölkələri üçün vacibdir.
Qafqaz Müsəlmanlar İdarəsinin Sumqayıt,Abşeron,Xızı bölgəsi üzrə qazisi Rauf Sərdarov Azərbaycanın multikulturalizm dəyərlərinin təbliği istiqamətində görülən işlərdən danışıb. O deyib ki, Azərbaycanın özünəməxsus dəyərləri var və bu dəyərlərin içərisində multikulturalizmi xüsusi qeyd etmək olar. Təsadüfi deyil ki, bu gün multikulturalizm Azərbaycanda həyat tərzidir.
Çıxışlarda bildirilib ki, bu gün beynəlxalq aləmdə müharibələrin, münaqişələrin, qanlı toqquşmaların və digər problemlərin yaşandığı bir zamanda Azərbaycanda əmin-amanlıq, sabitlik yüksək multikultural mühit hökm sürür. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətinin nəticəsidir.