Azərbaycan üçün yeni tarixi dövr: “Böyük Qayıdış”a start verildi

983

Bir neçə gündür ki, ölkəmizdə möhtəşəm günlər yaşanır. Bu qürurverici məqamlar sözsüz ki, bizlərdə dövlətimizə, dövlətçiliyimizə qarşı daha böyük məhəbbət, daha dərin bağlılıq formalaşdırır. Türk Dünyasının birliyi, bizim əbədi qardaşlığımız bütün dünyaya çox gözəl şəkildə nümayiş etdirilir. Eyni zamanda bizim işğaldan azad olunmuş, otuz ilə yaxın müddətdə həsrətindən ürəyimizin göynədiyi o müqəddəs torpaqlara yeni həyat qayıdır. Biz qayıdırıq. Həm də başımız çinar kimi uca qayıdırıq. Xan çinarın vətəni sayılan Zəngilana artıq ilk sakinlər köçürülməyə başlanılıb. May ayının 27-də dövlət başçısı İlham Əliyev və ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilan rayonunun Ağalı kəndinə səfər etdilər. Təməli düz bir il bir ay bir gün bundan öncə yəni ötən ilin aprel ayının 26-da qoyulan regionun ilk “Ağıllı kənd” layihəsinin açılış mərasimi baş tutdu. Qismət elə gətirmişdi ki, hələ ötən il bu layihənin təməlqoyma mərasimində Ağalı kəndinin bir neçə sakini kimi mən də iştirak etmişdim, cənab prezident qarşısında çıxış da etmişdim, ona sözügedən layihənin ilk dəfə bizim kənddə icra edilməsinə görə ağalılılar adından təşəkkürümü də bildirmişdim. Açılışı olan Zəfər abidəsinin təməlinə betonu birlikdə tökmüşdük və prosses icra olunan zaman səmaya sülh göyərçinləri buraxılmışdı. Bu artıq böyük bir mesaj idi. Biz həmişə sülh tərəfdarı olmuşuq. Ancaq haqq mücadiləmizi qolumuzun gücünə qazanmışıq, beynəlxalq ədaləti zorla təmin etmişik. Artıq bölgədə ədalət bərqərar olurdu, torpaqda torpağın əsl sahiblərinin ayaq izləri aydın görünürdü. Regiondakı sülhün təminatçısı isə ədaləti bərqərar edən şəxs ola bilərdi. Bu şəxs isə sözsüz ki, Vətəni uğrunda canından-qanından keçməyə hazır olan rəşadətdli bir ordunun Ali Baş Komandanı, cənab prezident İlham Əliyev idi. “Ağıllı kənd” layihəsi üzrə tikintisinə start verilən Ağalı kəndində bu bir ildə gedən yenidənqurma, abadlıq-quruculuq işlərini həm televiziya həm sosial şəbəkələr vasitəsilə həm də canlı gedib müşahidə etmək imkanımız olmuşdu. Gedən işlərin sürətindən və cənab prezidentin azad edilmiş ərazilərə tez-tez səfərlərindən – nəzərə alsaq ki, bu səfərlər hər dəfə yeni bir layihənin, obyektin, müəssisənin əsasını qoymaqla nəticələnir, artıq anlayırdıq ki, arzusunda və intizarında olduğumuz Böyük Qayıdış reallaşır, artıq yaxındadır.

May ayının 27-si Ağalı kənd sakinlərinin həsrətində olduğu həmin gün idi. Cənab prezidentin qeyd etdiyi kimi, “Böyük Qayıdış” adlandırdığımız prossesə artıq start verdik. Ölkə başçısının birinci vitse-prezidentlə birlikdə ilk olaraq salınmış meyvə bağları ilə maraqlanması, kənd sakinlərinin əmək fəaliyyətinə cəlb olunması istiqamətində aidiyyatı şəxslərə verdiyi suallar, orada yaşayacaq əhali üçün lazım olan xidmət sektorlarının işinin keyfiyyəti, tibb müəssisəsi, təhsil ocağı hətta ərzaq dükanından çörək bişirilən sexə qədər bütün xidmətlərlə dərindən tanış olması bura köçəcək olan hər bir sakinə ayrı-ayrılıqda verilən dəyərdir, həyat şəraitinin maksimum rahatlığı və gözəlliyinin təmin olunması istiqamətində atılmış addımın davamıdır. Daha sonra kəndə ilk köçəcək bir qrup kənd sakini ilə görüşən ölkə başçısı onları həm “Böyük Qayıdış” həm də qarşıdan gələn “28 May-Müstəqillik Günü” münasibətilə təbrik etdi. Bildirdi ki, bu gün burda olmağımız, Ağalı kəndinin açılışında iştirak etməyimiz məhz  müstəqilliyimizin möhkəmlənməsinə bağlıdır. Nə iyiriminci əsrin əvvəllərində, nə də sonlarında müstəqilliyimz möhkəm olmamışdır.ona görə xalqımız böyük faciələrlə üzləşmişdir. Həm Şəqi Zəngəzur, həm Qarabağ işğala məruz qaldı, torpaqları o vaxtkı hakimiyyət qoruya bilmədi. Ancaq bu gün müstəqilliyimiz möhkəmdir və bunun nəticəsində  biz ikinci Qarabağ müharibəsində qələbə qazandıq. Bunun nəticəsində bu gün biz buradayıq.

Kənd sakinləri ilə səmimi söhbət edən ölkə başçısının  onların fikirlərini dinləməsi, təkliflərini qəbul etməsi, bu günə qədər imtiyazlar tətbiq etdiyi o şəxslərin bundan sonra da ən gözəl şəraitdə yaşamasını təmin etməsi, Qarabağı heç vaxt görməyən, ancaq onun uğrunda ölümə gedən igidləri, üç minə yaxın şəhidimizin əziz xatirəsini hər dəfə yad etməsi bir liderin xalqına, millətinə verdiyi dəyərdir.

Bəli, Ağalı kəndi “Böyük Qayıdış”ımızın ilk mərhələsidir. Çəkilən genişşaxəli dəmiryolu xətlərindən, geniş avtomobil yollarından,tikilən müasir hava limanlarından bəlli olur ki, bu prosses dayanmadan sürətlənir, irəliləyir, arzularımız çin olur. Bu görülən və görünən işlər , eyni zamanda cənab prezidentin “Biz siyasi cəhətdən tam müstəqilik, heç bir ölkə bizim iradəmizə təsir edə bilməz” söyləməsi bizi bir daha əmin edir ki, biz böyük inkişaf yolundayıq, tezliklə bu yol bizi gəldiyimiz yerlərə-hərəni öz yurd-yuvasına aparacaq və Azərbaycanın ən gözəl günlərinə birlikdə şahidlik edəcəyik. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

Elvin Əlizadə, Əli Kərim adına Poeziya Evinin əməkdaşı, YAP Sumqayıt şəhər təşkilatının fəalı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər