Azərbaycan vaksinasiya üzrə MDB-də birincidir

836

Ötən ilin payızı dünyada COVID-19 pandemiyasının ikinci dalğasının başlaması və yoluxma sayının sürətli artımı ilə yadda qaldı. Lakin ilin sonlarına yaxın vaksinlərlə bağlı əldə olunan uğurlar insanlığın pandemiyanı məğlub edəcəyinə ümidləri artırdı. Bir sıra ölkələrdə peyvəndlər sınaqdan keçirildi.

Yeri gəlmişkən qeyd edək ki, tarixdə indiyə qədər məlum olan peyvəndlərin əksəriyyətinin hazırlanması xeyli zaman aldı. Bununla belə, COVID-19 pandemiyasının başlamasından bir il keçmədən yüzlərlə peyvənd namizədi ortaya çıxdı, sürətli işlər aparılaraq yeni texnologiyalarla istehsal edilmiş vaksinlər hazırlandı. 2020-ci ilin dekabrından etibarən isə dünyanın bir çox ölkəsində pandemiyaya qarşı vaksinasiyaya başlanıldı. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmiləri, eyni zamanda bu sahənin mütəxəssisləri dəfələrlə bəyan edirlər ki, yeni növ koronavirusa yoluxmamağın yolu vaksinasiyadır.

Peyvəndlər qlobal ictimai sərvət hesab edilməlidir

Amma vaksinasiya başlananda daha bir qlobal problem yarandı. Məlum oldu ki, vaksinlər dünyanın kasıb ölkələri üçün əlçatan deyil. BMT baş katibi Antonio Quterreş də hazırda mövcud olan peyvəndlərin çox hissəsinin yalnız zəngin ölkələr tərəfindən istifadə edilməsinə görə narahatlığını bildirib və qeyd edib ki, vaksinlər qlobal ictimai sərvət hesab edilməlidir. Baş katib xatırladıb ki, BMT ÜST-ün və özünün digər müəssisələrinin timsalında tarixdə ən böyük qlobal immunlaşdırma kampaniyasının təşkilində ölkələri dəstəkləyir: “Dünyada heç bir ölkə bu böhrana təkbaşına qalib gələ bilməz” deyən BMT rəhbəri vaksin ehtiyatlarının və müvafiq texnologiyaların tədarükünü genişləndirmək və onların paylanmasını sürətləndirmək üçün hökumətləri və şirkətləri əlbir olmağa çağırıb.

Digər tərəfdən də demək olar ki, dünyanın əksər ölkələrində virusun mutasiyaya uğramış ştammına yoluxma sayı artıb, xüsusilə də Avropada vəziyyət olduqca təhlükəli hal alıb. Almaniyada üçüncü dalğanın yaxında baş verdiyi bildirilib, eynilə İtaliyada da vəziyyət yaxşı deyil.  İtaliyanın baş naziri Mario Dragi yoluxma sayında öhdəsindən gəlinməsi çətin olan bir artımın başladığını və ölkədəki qırmızı bölgələrin sayının sürətlə artdığını söyləyib. Onun sözlərinə görə, ölkənin yarısı karantinə alınacaq.

Mutasiyaya qarşı 3 əhəmiyyətli strategiya

Türkiyəli həkim Osman Müftüoğlu virusun təhlükəli mutasiyasına qarşı 3 əhəmiyyətli strategiyanın tətbiqinin vacibliyindən bəhs edərək vurğulayıb ki, ilk növbədə vaksinasiya sürətləndirilməlidir. Çünki peyvəndləmə müddəti uzandıqca yeni mutasiyaların yaranacağı şübhəsizdir. Bununla yanaşı, onun fikrincə, sosial məsafə daha da artmalıdır: “Madam ki, mutasiyaların çoxunu Britaniya ştammı təşkil edir və həmin mutasiyaya uğramış virusların təməl özəlliyini “daha asan yoluxma gücü” yaradır, ediləcək üç dəyişiklikdən birinin də sosial məsafəni 2 metrə çıxarmaq olduğundan kimsə şübhə etməsin”.

Mütəxəssis eyni zamanda pandemiya ilə bağlı hazırkı vəziyyətdə maska taxmağın daha önəmli olduğunu deyir, mutasiyaya uğramış virusun sürətli yoluxma qabiliyyətinə malik olduğuna bir daha diqqət çəkir.

İndiyə qədər dünyada təxminən 354 milyondan çox insan müxtəlif vaksinlərlə peyvəndlənmişdir. Peyvəndləmə sayına görə ilk üçlüyü ABŞ, Çin, Avropa ölkələri bölüşdürür. Daha sonrakı yerlərdə isə Hindistan, Böyük Britaniya, Braziliya, Türkiyə, İsrail, Rusiya, Fransa, Çili, Birləşmiş Ərəb Əmirlikləri gəlir.

Azərbaycanda əhalinin 3,3 faizi vaksin olunub. Bu göstərici ilə Azərbaycan MDB ölkələri arasında birinci yerdə qərarlaşıb. Rusiya 3.2 faiz göstərici ilə ikinci yerdədir. Bu iki ölkə digərlərindən əhəmiyyətli dərəcədə irəlidədir. Üçüncü yeri isə 0,2 faiz göstəricisi ilə Belarus tutur.

Xatırladaq ki, ölkəmiz COVID-19-a qarşı vaksinlərin tədarükü və bölüşdürülməsi üzrə mərkəzləşdirilmiş COVAX layihəsinə qoşulan 192 dövlətdən biridir. Hazırda respublikamızda vaksinlənmə Çində istehsal olunmuş “CoronaVac” peyvəndi ilə aparılır. Yanvarın 18-dən tibb işçilərinin peyvəndlənməsi ilə start götürən proses Vaksinasiya Strategiyasına uyğun olaraq respublikamızın bütün bölgələrində uğurla davam etdirilir.

Azərbaycan İsveçin “AztraZeneca” şirkətinə məxsus 432000 doza “COVID-19” vaksin dərman vasitəsini alacaq. Rusiya istehsalı olan “Sputnik V” peyvəndi də Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən istifadə üçün təsdiq edilib. Bu peyvənd artıq 50-dən çox ölkədə qeydiyyata alınıb və koronavirus infeksiyasına qarşı müvəffəqiyyətlə istifadə olunmaqla yüksək effektivlik göstərir. Rusiya peyvəndinin yaxın zamanda ölkəyə gətirilməsi barədə danışıqlar davam

etdirilir.

Vaksinin faydaları risklərindən çoxdur

Hazırda dünyada müzakirə olunan əsas məsələlərdən biri COVID-19-a qarşı hazırlanan ilk iki peyvənddən biri olan “AstraZeneca”nın istifadəsinin bəzi ölkələrdə müvəqqəti dayandırılmasıdır. Həmin ölkələr bunu adıçəkilən peyvəndin qan laxtalanmasına səbəb ola biləcəyi və dərin vena trombozu və ağciyər emboliyası kimi xəstəliklərin riskini artıracağı şübhəsinə görə dayandırdıqlarını bildiriblər. 11 milyon doza ilə Avropada “AstraZeneca” peyvəndinin ən çox tətbiq olunduğu İngiltərənin Əczaçılıq və Sağlamlıq Məhsulları Agentliyi isə açıqlama verərək peyvəndin qan laxtalanmasına səbəb olmadığını bəyan edib.

Avropa Dərman Agentliyi (EMA) də qan laxtalanma hadisəsi hesabatlarının araşdırıldığını, ancaq peyvəndin faydalarının risklərdən çox olduğunu qeyd edib. EMA martın 10-dan etibarən Avropa İttifaqı ölkələrində ümumilikdə 5 milyon “AstraZeneca” vaksininin vurulduğunu, bunların arasında yalnız 30 laxtalanma hadisəsi olduğunu bildirib.

Oksford Universitetinin professoru Endryu Pollard isə mediaya açıqlamasında söyləyib ki, COVID böyük riskdir və peyvənd insanları xilas edir. İngiltərədəki məlumatlar isə qan laxtalanma hadisələrində artım olduğunu göstərmir: “Normalda İngiltərədə ayda 3000 qan laxtalanma hadisəsi var. Beləliklə, bu populyasiyanı peyvənd etdikdə, əlbəttə ki, bu laxtalanmalar baş verməyə davam edəcək. Bunların hər birinin peyvəndlə əlaqəli olub-olmadığını ayırmaq lazımdır”. Mütəxəssis Finlandiyadakı araşdırmada vaksinlə bağlı laxtalanma riskinin artmadığı qənaətinə gəlindiyini söyləyib. Digər tərəfdən Pollard peyvənd edilməyəcəyi təqdirdə bu il koronavirusdan on minlərlə insanın daha çox ölmə təhlükəsi ilə üzləşə biləcəyi barədə də xəbərdarlıq edib.

Bütün araşdırmaların nəticələrinə, mütəxəssislərin məlumatlarına əsasən, dünyanın pandemiyadan qurtuluşu sürətli vaksinasiyaya bağlıdır. Və nə qədər ki, Yer üzündə COVID-ə qarşı kütləvi immunitet qazanılmayıb, bu virusla aparılan bütün mübarizələr gözlənilən effekti verməyəcək.

“Azərbaycan”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər