Azərbaycan və Türkiyə təhsil sahəsində əlaqələri inkişaf etdirir

981

Təhsil Azərbaycan ilə Türkiyə arasındakı əməkdaşlığın ən mühüm istiqamətlərindən biridir. Hazırda bu əməkdaşlığın yeni mərhələyə çatdırılması strateji hədəf kimi qarşıya qoyulmuşdur. Bu gün Türkiyənin 81 vilayətinin 79-da yerləşən müxtəlif universitetlərdə 20 mindən artıq azərbaycanlı tələbə təhsil alır.

Eləcə də Azərbaycanda 4 mindən artıq Türkiyə vətəndaşı təhsilini davam etdirir.

İki qardaş ölkə arasında təhsil sahəsindəki əməkdaşlıq müxtəlif istiqamətlərdə davam etdirilir. Bu günlərdə Milli Məclisin Elm və təhsil komitəsinin iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinə baxıldı. 15 maddədən ibarət əməkdaşlıq protokolu peşə təhsili sahəsində Türkiyə təcrübəsinin öyrənilməsini özündə ehtiva etməklə yanaşı, peşə təhsili müəssisələrinin təsis edilməsini də nəzərdə tutur. Bu müəssisələrdə Türkiyənin böyük nailiyyətlər əldə etdiyi informasiya texnologiyaları, turizm, mebel, dizayn və qida sahələri üzrə peşə ixtisasları öyrədiləcək.

Əməkdaşlığın dərinləşdirilməsi üçün hər iki ölkənin rəhbərləri, təhsil nazirləri səviyyəsində davamlı olaraq görüşlər keçirilir, müzakirələr aparılır, real addımlar atılır. Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun 27 may tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edilmsi də əməkdaşlığın daha da dərinləşməsinə öz töhvəsini verəcək.

Görüşdə Prezident İlham Əliyev bildirdi ki, Türkiyənin təcrübəsi bizim üçün çox önəmlidir: “Həm təhsil, təhsilin keyfiyyətinin qaldırılması, eyni zamanda, Türkiyə və Azərbaycan gənclərinin bir-birinə daha sıx bağlı olması ilə əlaqədar əlavə təkliflər də müzakirə edilməlidir. Çünki, biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar”.

Ölkə başçısı bu məqsədlə müxtəlif tədbirlər – gənclər forumları, birgə təhsil proqramları və digər tədbirlər keçirilməsinin vacibliyini vurğuladı.

Prezident işğaldan azad olunmuş ərazilərdə məktəblərin bərpa olunması prosesinə də diqqət çəkdi. Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Türkiyə tərəfindən təklif edilmiş bir hədiyyə kimi, məktəbin də təməlqoyma mərasimi proqramda öz əksini tapıbdığını bildirdi.

Görüşdə peşə təhsili sahəsinin Azərbaycan üçün ən aktual mövzulardan biri olduğu qeyd olundu. Ölkə başçısı bildirdi ki, azad edilmiş torpaqlarda, həm də bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır: “Azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır. Əlbəttə ki, biz Türkiyə tərəfinin dəstəyinə ümid edirik”.

Prezident İlham Əliyev Azərbaycanın müasir tarixinin düzgün öyrənilməsi və təbliğ olunması üçün ciddi addımlar atılmasının vacibliyini vurğuladı. Bildirdi ki, təhsil proqramlarda, orta məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalıdır. Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Real həqiqətləri, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq.

Əminik ki, digər sahələrdə olduğu kimi təhsil sahəsində də həyata keçirilən bu əməkdaşlıq xalqlarımızın gələcəyinə xidmət edəcəkdir. Ölkə başçısının vurğuladığı kimi: “Biz elə bir güclü müttəfiqlik yaratmışıq ki, gələcək nəsillər öz addımlarını bu müttəfiqliyə, bu qardaşlığa uyğun atmalıdırlar və indidən bir-birinə sıx bağlı olmalıdırlar”

Pərvin Rəsulov, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər