Azərbaycan–Vyetnam münasibətləri: tarixi təməllər üzərində qurulan strateji tərəfdaşlıq

367

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci il mayın 6-da Vyetnamın nüfuzlu “Vietnam News Agency” agentliyinə verdiyi müsahibə, iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin dərin tarixi köklərə, çoxşaxəli strateji əməkdaşlığa və qarşılıqlı etimada əsaslandığını bir daha nümayiş etdirdi. Bu müsahibə Vyetnam Kommunist Partiyasının Baş katibi cənab Lamın Azərbaycana planlaşdırılan səfəri ərəfəsində baş tutması ilə də xüsusi əhəmiyyət daşıyır və iki ölkə arasında əlaqələrin inkişafında mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.

Azərbaycan ilə Vyetnam arasında dostluğun əsası 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Azərbaycan SSR-ə tarixi səfəri ilə qoyulub. Bu səfər, qarşılıqlı hörmət və maraqlar üzərində qurulmuş münasibətlərin simvolu kimi yadda qalıb. 1983-cü ildə isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi Vyetnamda rəsmi səfərdə olub. Həmin səfər də ikitərəfli əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb.

2014-cü ildə Prezident İlham Əliyevin Hanoya rəsmi səfəri və 2015-ci ildə Prezident Çıonq Tan Şanqın Azərbaycana cavab səfəri iki ölkə arasında siyasi dialoqun intensivləşməsinə və yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə təkan verib. Həmin səfərlər çərçivəsində keçirilən Birinci Azərbaycan–Vyetnam Biznes Forumu iqtisadi sahədə konkret əməkdaşlıq addımlarının atılması ilə yadda qalıb.

2024-cü ildə Azərbaycan və Vyetnam arasında ticarət dövriyyəsinin həcmi 223,93 milyon ABŞ dollarına çatıb. Bu rəqəm ölkələrimizin iqtisadi potensialının yalnız bir hissəsini əks etdirir. Tərəflər bu göstəricini artırmaq üçün real imkanlara malikdir. Xüsusilə, neft-qaz, energetika, tikinti, informasiya-kommunikasiya texnologiyaları, maliyyə və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yeni platformalar yaradılıb. Azərbaycan ilə Vyetnam arasında iqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti bu istiqamətdə mühüm rol oynayır.

Azərbaycan neft mütəxəssislərinin Vyetnamın neft sənayesinin qurulmasında oynadığı rol bu gün də əməkdaşlığın möhkəm təməlini təşkil edir. Xüsusilə 1981-ci ildə yaradılan və ilk baş direktoru azərbaycanlı Cəlal Məmmədov olan “VesoPetrol” müəssisəsi bu tarixi bağların rəmzidir. 2019-cu ildə SOCAR ilə “Binh Son Refinery and Petrochemical Company” arasında imzalanmış müqavilə isə bu əməkdaşlığın müasir mərhələsini təcəssüm etdirir.

Azərbaycan–Vyetnam mədəni əlaqələri də zəngin tarixə malikdir. 1955-ci ildə Qara Qarayevin bəstələdiyi “Vyetnam süitası” və azərbaycanlı rejissor Əjdər İbrahimovun Hanoyda kino məktəbinin yaradılmasında iştirakı, xalqlarımız arasında mədəni körpülərin əsasını qoyub. Bu gün də bu əlaqələr davam edir. 2023-cü ildə “Vyetnam süitası”nın premyerası Hanoyda keçirilib, 2024-cü ildə isə Bakıda Vyetnam müharibəsinə həsr edilmiş “Əfsanə yaradanlar” filmi nümayiş olunub.

Sovet dövründə Azərbaycanda təhsil almış 5 minə yaxın vyetnamlıdan bir çoxu bu gün Vyetnamın dövlət qurumlarında məsul vəzifələr tutur. 2015-ci ildə Hanoyda Azərbaycan məzunlarını birləşdirən Vyetnam–Azərbaycan Dostluq Assosiasiyasının yaradılması bu münasibətlərin davamlılığını göstərir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Vyetnamda mühüm humanitar layihələr həyata keçirir. 2018-ci ildə Ha Giang əyalətində ibtidai məktəbin tikintisi və 2024-cü ilin aprelində Fondun vitse-prezidenti Leyla Əliyevanın Hanoya səfəri çərçivəsində keçirilən görüşlər bu istiqamətdə fəaliyyətin bariz nümunəsidir. Hanoy Ticarət və Turizm Kollecinə verilmiş maliyyə dəstəyi sertifikatı bu əməkdaşlığın rəmzidir.

Vyetnam Kommunist Partiyasının Baş katibi cənab Lamın qarşıdan gələn səfəri siyasi və iqtisadi münasibətlərin yeni mərhələyə keçidini şərtləndirəcək. Səfər çərçivəsində geniş mövzular üzrə fikir mübadiləsi aparılacaq, siyasi dialoqdan tutmuş iqtisadi və mədəni əməkdaşlığa qədər bütün sahələr əhatə olunacaq. Həmçinin Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında partiyalararası dialoqun inkişafı da diqqət mərkəzində olacaq.

Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa aviareyslərin yaradılması iki ölkə vətəndaşlarının qarşılıqlı səfərlərinin artmasına, turizm və mədəniyyət proqramlarının inkişafına şərait yaradacaq. Səhiyyə və ekologiya sahələrində humanitar missiyalar da əməkdaşlıq üçün maraqlı istiqamətlərdəndir.

Azərbaycan Vyetnam tələbələrini ölkəmizdə təhsil almağa dəvət etməyə davam edir. Onlar Qoşulmama Hərəkatı çərçivəsində təqdim olunan qrant və təqaüd proqramlarından faydalana bilərlər. Akademik və elmi-texniki əməkdaşlıq münasibətlərin daha da dərinləşdirilməsinə xidmət edəcək.

Nəticə olaraq, Prezident İlham Əliyevin müsahibəsində qeyd olunan bütün istiqamətlər bir daha sübut edir ki, Azərbaycan ilə Vyetnam arasında əlaqələr çoxşaxəlidir və möhkəm tarixi əsaslara söykənir. Hər iki ölkə qarşılıqlı maraqlar, dostluq və əməkdaşlıq prinsipləri əsasında münasibətləri daha da inkişaf etdirmək niyyətindədir. Gələcəkdə bu münasibətlərin daha da dərinləşməsi və konkret layihələrlə zənginləşməsi gözlənilir.

Arif Qafarov,
Hacı Zeynalabdin qəsəbə Ağsaqqallar Şurasının sədri

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər