Azərbaycan “yaşıl enerji” ixrac imkanlarını artıraraq rəqabət qabiliyyətliyini daha da yüksəldəcək

292

Sivilizasiya inkişaf etdikcə, dünya əhalisi artdıqca və istehsal gücləri çoxaldıqca daha çox yanacaq resurslarına tələbat yaranmaqdadır və bunlar müasir dövrün ən mürəkkəb problemlərindən hesab olunur. Belə ki, hazırda istifadə olunan yanacaq resurslarının əsas mənbələri – tükənən mənbələrdir və dünyada bu resurslar həm də qeyri-bərabər bölünüb. Dünyanın əksər ölkələri mühüm enerji resurslarına çıxışdan məhrumdurlar və enerji uğrunda mübarizə getdikcə daha çox qlobal xarakter almaqdadır.

Sumqayıt Dövlət Universitetinin professoru, UNEC Qarabağ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Şəfa Əliyevin şərhini təqdim edirik.

Təsadüfi deyil ki, qlobal çağırışlar şəraitində enerji təhlükəsizliyi və enerji təminatı problemləri başlıca yer tutur. Bəs bu problemlərin həlli varmı? Yaxud, son dövrlərdə intensiv şəkildə dövriyyədə olan “yaşıl” iqtisadiyyat elementləri, o cümlədən “yaşıl enerji” bu problemləri həll etməyə qadirdirmi?

Dünya ölkələrində və beynəlxalq təşkilatlar səviyyəsində baxılan qlobal problemlərin nə dərəcədə mürəkkəb olduğunun şahidiyik. Məsələn, iqlim dəyişiklikləri ilə bağlı problemlər hər il mürəkkəb xarakter almaqdadır, yaxud enerji resurslarının mübadiləsinin səmərəli şəkildə təşkil edilməsi, o cümlədən “yaşıl enerji”nin fəal olaraq dünya bazarlarına çıxarılması problemlərinin həll olunması prioritetlik təşkil etməkdədir.

Təqdirəlayiq haldır ki, Avropanın enerji təhlükəsizliyində ildən-ilə strateji partnyor statusunu möhkəmləndirən Azərbaycan özünün karbohidrogen resurslarını enerji təminatında problemlər yaşayan Avropa ölkələrinə çıxarmaq üçün önəmli addımlar atmaqdadır. Eyni zamanda, təbii qaz xammalı ilə yanaşı, digər alternativ enerji resurslarının istehsal edilməsi və yüksək tələbata malik olan Avropa bazarına çıxarılması məsələləri də ciddi önəm kəsb edir.

“Yaşıl” iqtisadiyyatın güclənməsi və “yaşıl enerji”nin istehsalının artırılması bir çox problemlərin həllində, o cümlədən ekoloji problemlərin və resurs çatışmazlığının həllində vacib rol oynayır. Bunlarla yanaşı, insan fəaliyyətinin və müdaxiləsinin ətraf mühitə mənfi təsirlərini azaltmağa imkan yaradır. Atmosferin çirklənməsini azaldır və təbiət, həm də insanlar üçün daha zərərsiz enerji resursları mənbələri formalaşır.

Azərbaycanla Avropa Komissiyası arasında imzalanmış Anlaşma Memorandumuna əsasən, 2027-ci ilədək Avropaya təbii qaz ixracatı 2 dəfə artırılacaq və 20 milyard kubmetr səviyyəsində olacaq. Azərbaycan təkcə yerin təkindən çıxarılan təbii qazla kifayətlənməyərək, özünün “yaşıl enerji” potensialını obyektiv olaraq qiymətləndirməkdədir və bununla bağlı davamlı işlər görür.

Xəzər dənizinin Azərbaycana aid olan hissəsində küləkdən əldə olunan “yaşıl enerji” potensialı 157 qiqavat həcmindədir. Bundan əlavə, ölkəmizin quru ərazilərində əlavə olaraq 27 qiqavat “yaşıl enerji” imkanları vardır. Birləşmiş Ərəb Əmirliklərinin “MASDAR” şirkəti ilə imzalanmış razılaşmaya əsasən, ölkəmizdə külək və günəş enerjisi hasilatı 2027-ci ilə kimi 4 qiqavat, 2037-ci ilədək isə 6 qiqavat səviyyəsində olacaq.

Artıq Azərbaycandan Avropaya, yəni Gürcüstandan keçməklə, Rumıniyaya sualtı kabel xəttinin çəkilməsi üçün müqavilə imzalanıb və həmin xəttin nəql gücü 4 qiqavat səviyyəsindədir. Digər əlamətdar hadisə isə Avstraliyanın “Fortescue Future Industries” şirkəti ilə imzalanmış Anlaşma Memorandumuna görə Azərbaycanda “yaşıl enerji” istehsalının 12 qiqavatadək artırılması üçün məqsədli investisiyalar yönəldiləcək.

Ümumilikdə, bu günə qədər imzalanmış saziş və memorandumlardan çıxış etsək, Azərbaycanda 25 qiqavatlıq “yaşıl enerji”nin istehsalı və dünya bazarlarına çıxarılması yaxın perspektivdə reallaşa bilər. Beləliklə, Azərbaycanda “yaşıl enerji”nin istehsalı və ixrac imkanları əhəmiyyətli səviyyədə artacaq və ölkəmiz etibarlı enerji təminatı tərəfdaşı kimi öz rəqabət qabiliyyətini və imicini daha da yüksəldəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər