Azərbaycanda boşanmaların 5 dəfə artdığı açıqlandı

1614

Son on ildə Azərbaycanda boşanmaların sayı beş dəfə çoxalıb. Çünki ölkədə milli-mənəvi dəyərlərin deqradasiyası müşahidə olunur.

Virtualaz.org xəbər verir ki, bu barədə AMEA-nın Coğrafiya İnstitutunun demoqrafiya və əhali coğrafiyası şöbəsinin müdiri Nizami Əyyubov “Amerikanın səsi”nə müsahibəsində bildirib.

Ölkədəki demoqrafik durum və problemlərdən danışan mütəxəssis qeyd edib ki, demoqrafik inkişaf olsa da, boşanmaların sayında kəskin artım var.

Araşdırmalar göstərir ki, Azərbaycanda boşanmaların sayının artması tendensiyası 2004-cü ildən başlayıb. Həmin il 7 minə yaxın boşanma faktı qeydə alınıb, 2005-ci ildə boşanan ailələrin sayı 9 minə yaxınlaşıb. 2013-cü ildə 11730, 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114 boşanma halı baş verib. Rəsmi statistikaya görə, 2017-ci ilin 10 ayında ölkədə 52 min 61 nikah bağlanıb. Həmin dövr ərzində 12 min 191 boşanma qeydə alınıb. Bu rəqəmlər yalnız rəsmi nikahlara aiddir. Qeyri-rəsmi nikahları da bura əlavə etsək, statistikanın azı iki dəfə artma ehtimalı var.

Bəs ailələr niyə dağılır? Göstərilən rəqəmlər cəmiyyətdəki hansı problemlərdən xəbər verir? Boşanmaların sayını necə azaltmaq olar?

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın virtualaz.org-a bildirdiyinə görə, boşanmalar psixoloji, sosial və iqtisadi amillərlə bağlıdır: “Boşanmalar üçün çox səbəblər var. İlk növbədə ailənin köhnə qayda ilə idarəçiliyini saxlayanlar və bununla razılaşmalayanlar arasında münasibət, dəyərlər sisteminin dəyişməsi rol oynayır. Yaşı keçdiyinə görə ailə quranlar, erkən ailə qurmağa məcbur edilənlər, iqtisadi amilə görə məcbur ərə verilmələr var. Kişinin işləməməsi, qadının işləməsi, xəyanət, sosial şəbəkələrin də boşanmalarda müəyyən rolu var. Bir çox qadınlar öz azadlıqlarının zorakı yolla məhdudalaşdırılmasını istəmirlər. Artıq ailədə dəyərlər sistemi çat verib. Ona görə də bu proses hələ gedəcək”.

M. Zeynalova deyir ki, boşanmaların qarşısını almaq, dayandırmaq, hansısa formada saxlamaq mümkün olmayacaq: “Proses özü-özünü tənzimləyəcək. Şüurlu ailə qurma prosesinə gedincə, insanlar bir-birlərinə gərəkli olduqlarını, vacibliklərini duymayınca, bu proses davam edəcək. Çünki indi ailə quranların biri yaşı keçdiyinə görə, biri nəsil artırmağa görə, biri iqtisadi amilə görə ailə qurur. Şüurlu şəkildə ailənin sabitliyi, ailənin önəmini dərk edəərk ailə quranlar çox azdır”.

Sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, ailə institutunun dağılması çox faciəvi haldır. Mütəxəssis hesab edir ki, boşanmalar həm maddi, həm də mənəvi amillərlə bağlıdır.

“İnsanların davranışında baş verən hər hansı dəyiklikdə 3 fator mühüm rol oynayır: Yaşadığı mühir, aldığı informasiyalar, üstünlük verdiyi dəyərlər sistemi. Bu 3 amil qarşılıqlı əlaqədə davranışı formalaşdırır. Əvvəlcə onu deyək ki, bir çoxları hesab edirlər ki, ailə olmasa daha sərbəst olarlar. Əslində isə ailə institunun çox məziyyətləri var. Belə institutun dağılması faciəvi haldır. Ailə cəmiyyətin əsas üzvüdür. Belə olan halda ailənin dağılması cəmiyyətdə xoşagəlməz proseslərin yaranmasına səbəb ola bilər. Yeni nəslin keyfiyyətsiz böyüməsi, kriminal aləmin inkişafına gətirib çıxara bilər”, – deyə sosioloq bildirir.

Ekspert deyir ki, boşanmaların bu qədər çoxluğu mühitdə, informasiya cəmiyyətində və dəyərlər sistemindəki ciddi problemlərlə bağlıdır. İndi əvvəlki kimi ictimai qınaq yoxdur. İnsanlar sosial şəbəkələrdə intim söhbətlər edir, erotik, pornoqrafik filmlər geniş yayılıb. Cəmiyyətdə mənəvi dəyələr maddi dəyələrin basqısı altına düşüb. Belə olan halda xoşagəlməz proseslər baş verəcək. Ailələrin dağılması da onlardan biridir. Bu proseslərin qarşısını almağa gəlincə isə, geniş fəaliyyət proqramının hazırlanmasına ehtiyac var.

“Boşanmaların qarşısını almaq üçün aidiyyati qurumlar ciddi elmi tədqiqatların əsasında fəaliyyət proqramı hazırlanmalıdır. Ortada proqram olanda hər şey bir-biri ilə uzlaşdırılır. Hansı dəyişikliklər lazımdır, qanunverdicilikdə hansı dəyişikliklər ola bilər, hansısa inzibati metodlara əl atmaq olar, bunlar araşdırılır. Necə ki regionların inkişafı ilə bağlı işlər görülür, sosial sferalarda da bu işləri görməliyik və peşəkar insanlar bununla məşğul olmalıdırlar”, – deyə sosioloq bildirib.

Gülnar Əliyeva

Virtualaz.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər