Kənan Aslanlı: “Bəzi məhsul və xidmətlər üzrə ƏDV dərəcələrini azaltmaq olar”- TƏKLİF

1418

İqtisadçı Kənan Aslanlı Covid-19 böhranı dönəmində bəzi məhsul və xidmətlər üzrə qiymətləri aşağı salmaq və tələbi artırmaq üçün əlavə dəyər vergisi (ƏDV) dərəcələrinin azaldılması təklifi ilə çıxış edib.

Kənan Aslanlı bildirib ki, bəzi ölkələrin bununla bağlı örnəkləri də mövcuddur:”IMF-in hazırladığı anti-böhran tədbirlərinin məlumat bazasında bəzi ölkələrin örnəkləri öz əksini tapıb.
Bolqarıstan restoran xidmətlərində, kitab satışında və uşaq qidalarında ƏDV dərəcəsini 20%-dən 2021-ci ilin sonunadək 9%-ə endirdi.
Yunanıstan COVID-19 üçün vacib olan gigiyena və səhiyyə məhsullarında, tədqiqat və turizm sektorlarında ƏDV dərəcəsini azaltdı.
Çexiya hökuməti seçilmiş xidmətlərdə (mənzil təminatı, mədəniyyət, idman) ƏDV dərəcəsini 15%-dən 10%-ə endirdi və zərərin geri qaytarılması tədbirini tətbiq etdi (fövqəladə vəziyyət səbəbiylə vergi itkisi olduğu təqdirdə 2020-ci ildə vergi ödəyiciləri vergi dövrü üçün vergi bazalarını bu zərər qədər azaltdılar).
İspaniya Covid-19 ilə mübarizə aparmaq üçün zəruri olan tibbi materialların alınmasına ƏDV dərəcəsini 0-a endirdi, digital formada olan nəşrlərdə ƏDV-nin 21%-dən 4%-ə endirdi.
Norveç güzəştli sektorlar üçün tətbiq edilən endirimli ƏDV dərəcəsini 12%-dən 6%-ə endirdi.
Paraqvay hökuməti bütün tibbi ləvazimatlar üçün ƏDV-ni 5%-ə endirdi və onlarda idxal vergilərini və gömrük rüsumlarını ləğv etdi”.

K. Aslanlı vurğulayıb ki, bir sıra ölkələr Covid-19 dövründə tibbi maskalar, sabun və digər təmizlik ləvazimatları, taxıl və şəkər tozu kimi çox istehlak edilən məhsulların idxalını və yerli istehsalını ümumiyyətlə ƏDV-dən azad etdi. Bəzi ölkələr daşınmaz əmlak əməliyyatlarında da ƏDV-ni müvəqqəti olaraq ləğv etdi. ƏDV dərəcəsinin azaldılması fiskal anti-böhran tədbiri kimi geniş tətbiq edildi. Yeganə istisna Səudiyyə Ərəbistanıdır ki, böhran dövründə qeyri-neft gəlirlərini artırmaq üçün 2020-ci il iyul ayının 1-dən etibarən ƏDV dərəcəsini 5%-dən 15%-ə qədər artırdı.

İqtisadçı onu da qeyd edib ki, Azərbaycanda Covid-19 böhranə dönəmində konkret differensiallaşma prinsipi ilə ƏDV dərəcəsinin məhsullar və xidmətlər üzrə azaldılması hələlik tətbiq olunmayıb. Amma əhalinin sağlamlığının və zəruri ərzaq məhsulları ilə ehtiyaclarının təmin edilməsi üçün bəzi məhsul növlərinin idxalının əlavə dəyər vergisindən ümumiyyətlə azad edilib. Bununla yanaşı pərakəndə ticarət və iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması (tax refund) ölkədə tətbiq edilir. Beynəlxalq təcrübə əsasında Covid-19 ilə mübarizədə istifadə olunan bütün qorunma vasitələri və təhsil ilə bağlı mallar (kitablar, dəftərxana ləvazimatları və s.) üzrə ƏDV dərəcəsinin azaldılmasının tətbiqi də faydalı addım olardı.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər