Azərbaycanda çox pullu sahə: “Bu il 20 min təmiz qazancım oldu…”

1690

Azərbaycanda qeyri-neft iqtisadiyyatına keçid strategiyası çərçivəsində kənd təsərrüfatının əvvəllər yaxşı gəlir gətirən sahələrini yenidən dirçəltməyə yönəlmiş dövlət proqramının mühüm tərkib hissələrindən biri də tütünçülüyün inkişafıdır.

Prezident İlham Əliyev regionların inkişafına dair 2014-2018-ci illər Dövlət Proqramının yekunlarına dair konfransda Azərbaycanda tütünçüyülüyün inkişafı sahəsində görülən işlərdən də danışdı. Prezident bildirdi ki, kənd  təsərrüfatının digər sahələri ilə yanaşı son illər tütünçülüyə də dövlət tərəfindən dəstək verilir, fermerlərə subsidiyalar ayrılır.  Ötən ilin sonunda yeni siqaret zavodunun təməli qoyulub. İndi əsas hədəf yerli istehsalın genişləndirilməsi sayəsində idxalın azaldılmasıdır.

Virtualaz.org saytı xatırladır ki, Azərbaycanda tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramında yaxın 5 ildə tütün istehsalının 12 min tona çatdırılması nəzərdə tutulub. Prezident yerli istehsalın artırılması hesabına xaricə valyuta axınının qarşısını almaq üçün hökumət qarşısında konkret vəzifələr qoyub.

Bəs Tütün istehsalçılarına dövlət dəstək verir, bəs yola saldığımız 2017-ci ildə tütün istehsalı nə qədər olub? Tütün istehsalı digər sahələrdən iki qat artıq zəhmət tələb edir, fermerlərə bu sahə ilə məşğul olmaq sərfəlidirmi? Yerli istehsalla təlabatı ödəmək mümkündürmü? Yerli məhsulun  keyfiyyəti necədir?

Statistikaya əsasən ötən il tütün istehsalı əvvəlki ilin göstəricisindən 45,4 faiz çox olub. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Murtuzəli Hacıyev virtualaz.org saytına deyib ki, 3,2 min hektar sahədən 5213 ton tütün yarpağı toplanılıb.  2016-cı ildə isə tütünün əkin sahəsi 2,4 min hektar, istehsal isə 3,6 min ton olub.

Hər kiloqrama 5 qəpik…

Tütün istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər 2019-cu ilədək torpaq vergisi istisna olmaqla, bütün növ vergilərdən azad edilib. Prezidentin 15 oktyabr, 2016-cı il tarixli, 2366 nömrəli sərəncamına əsasən fiziki şəxslərə təhvil verilmiş quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 5 qəpik məbləğində subsidiya müəyyən edilib. Tütün istehsal edən fermerlərə hər hektar əraziyə görə 50 manat, üstəlik hər hektar sahədə tütün əkilib- biçilməsinə görə 40 manat subsidiya verilir.

Tütünün fermerdən alış qiymətlərinə gəldikdə isə, birinci növ yaş tütünün bir kiloqramını 25 qəpiyə, ikinci növ yaş tütünün bir kiloqramını 15 qəpiyə alırlar. Bu il fermerlər  daha çox “İtiyarpaq”,  “Zaqatala-67”,  “Berley”, xüsusilə də yüksək keyfiyyətli Amerika sortu olan “Virciniya” sortuna üstünlük veriblər.

Yerli tütünün alıcıları

Azərbaycan Rusiya, İran, Hindistan, Misir, Macarıstan, Gürcüstan və Belarus şirkətlərinə tütün satıb. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 9,8 milyon dollar dəyərində tütün və tütünün sənaye əvəzediciləri ixrac edib.  İxrac  2016-cı ilə nisbətən  40 faiz artıb. Hazırda dünya bazarında tütünün 1 tonu 5 min dollaradır.

Ekspertlər hesab edirlər ki, yerli emal müəssisələri yerli məhsula üstünlük verməklə idxalın müəyyən hissəsini əvəzləyə bilərlər. Yerli məhsulun keyfiyyətsiz olması ilə bağlı iddialar da əsassızdır.

“Azərbaycanın yerli tütün xammalından siqaret istehsal etmək və bu sahədə ixracı artırmaq imkanı var. Beləliklə ölkədən valyuta axınının qarşısı alına bilər. Birinci növbədə yerli emal müəssisələri xammal kimi yerli tütündən istifadə etməlidir. Azərbaycanın təbii-iqlim şəraiti tütün istehsalına imkan verir”,-adını açıqlanmasını istəməyən ekspert əlavə edir.

Həmsöhbətimizin sözlərinə görə, tütün istehsalçıları ilə məşğul olan fermerlərin suvarma, əkin sahələrinin və məhsulun sığortası  problemlərini həll etmək, güzəştli şərtlərlə kredit almalarına şərait yaratmaq lazımdır. Hansı ki, bu problemlər prezidentin təsdiqlədiyi Dövlət Proqramında da əksini tapıb.

“Problemlərdən biri də bu sahə ilə yeni məşğul olan fermerlərin məlumatsızlığıdır. Fermerlərin əksəriyyəti internetdən, son yeniliklərdən uzaq adamlardılar. Onlara torpağa qulluq, məhsuldarlığın yüksək olması üçün əkin qaydalarına riayyət etməyin yollarını öyrətmək lazımdır”, -ekspert əlavə edib.

Qeyd edək ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda 748 milyon ədəd siqaret istehsal edilib. İstehsal 47,3 faiz azalıb. İstehsalçıların siqaret satışından gəlirləri 30,5 milyon manat olub. Ölkədə siqaret bükülməsi ilə iki müəssisə-“European Tobacco-Baku” Açıq Səhmdar Cəmiyyəti və Naxçıvanda yerləşən “Cahan Tobacco” MMC məşğul olur. Birinci şirkət öz markalarını deyil, sifariş əsasında beynəlxalq brend siqaretlərin istehsal edib.

Ekspertlər hesab edirlər ki, tütün istehsalı zamanı təlabat nəzərə alınmalıdır. Hazırda xüsusilə ətirli tütünə təlabat var. Ətirli və sağlamlığa maksimum az zərbə vuran tütün əldə etmək üçün isə yeni texnologiyalar, keyfiyyətli sortlar və müasir becərmə, qurutmada mexanikləşdirmə tətbiq olunmasını vacibdir. Dövlət Proqramında təlabata uyğun növlərin istehsalı üçün xüsusi tədbirlər müəyyənləşdirilib.

Fermerlərin suvarma problemi

Tütün enliyarpaqlı bitki olduğu üçün suvarma suyuna çox ehtiyacı var. Bu bitki təxminən 7 dəfə suvarılmalıdır.  Tütünçülüyün ənənəvi olduğu Şəki, Balakən və Zaqatalanın  bəzi kəndlərində suvarma problemi olduğu zaman-zaman mətbuatda işıqlandırılıb.  Balakən rayonu kənd təsərrüfatı idarəsinin rəisi Məhəmməd Şərifov virtualaz.org-a açıqlamasında deyib ki, quraqlıq havalarda bəzi sahələrdə suvarma probleminin olması mümkündür.

Məsələn, ötən il quraqlıq keçib, bəzi fermerlər problemlə rastlaşıblar. Amma ümumilikdə tütün əkən fermerlər çəkdikləri zəhmətin bəhrəsini görürlər.

“Tütünçülük qədimdən  Balakən rayonunda ənənəvi sahə olub. Sonradan tütün istehsalı dayandırıldı, 2014-cü ilədək tütün əkilmədi.  Son 2-3 ildə isə tütün əkininə maraq göstərən fermerlərin sayı dəfələrlə artıb. Ötən il rayonda 328 hektar sahədə tütün əkilib”, -M.Şərifov sayta açıqlamasında söyləyib.

İdarə rəhbəri deyir ki, tütünçülüyün inkişafı yeni iş yerlərinin açılması ilə nəticələnir. İndi rayon əhalisinin yarısı kənd təsərrüfatı sahəsində çalışır:“Fermerlər məhsuldarlıq və keyfiyyətə görə hər hektardan 1000-2000 manat arası gəlir götürürlər. Tütün tədarükçüləri Amerikadan alınaraq ölkəyə gətirən yüksək keyfiyyətli toxumlar verirlər”.

Fermer: “12 hektardan 20 min manat qazanc götürdüm”

Balakənli fermer Ramazan Xanmədov deyir ki, tütünçülük sərfəli sahədir, üstəlik dövlətin bu sahəyə dəstəyi də var. “Fermerlər var ki, hər hektardan 1500 manat qazanc götürür. Biz 150 ton yaş, 3 tona yaxın quru tütün təhvil vermişik. 12 hektar ərazidən 20 min manat qazanc oldu”, -fermer virtualaz.org saytına söyləyib.

Onun sözlərinə görə, uşaqlıqdan bu sahə ilə tanışdır, əkin, qulluq qaydalarını bilir. Tütün digər sahələr kimi deyil, ağır zəhmət tələb edir. Tütünçülüklə məşğul olan hər fermer təsərrüfaında təxminən 30-40 nəfər çalışır.

“Bizim tütünlərin keyfiyyəti yaxşıdır, alıcı cəhətdən problemimiz yoxdur. Tütün qəbulu məntəqəsi dərhal məhsulu təhvil götürür. Bəzən hətta qapıdan alıb aparırlar. Şaxta vurmuş məhsulu belə 1 manat 20 qəpikdən alırlar. Hətta bu qiymət də sərf edir”.

Məhsul növü və keyfiyyətinə görə 1 manat 80 qəpikdən -2 manat 40 qəpiyə qədər qiymətləndirilir. Fermer deyir ki, yaş tütünün əziyyəti azdır, buna görə də əksəriyyət yaş tütünə üstünlük verir: “Onu bilirəm ki, heç kim ziyana düşmür, işçinin əməkhaqqı, gübrə və digər xərcləri çıxandan sonra hər hektardan ən azı 1000 manat gəlir qalır. Axı dövlət də güzəştlər edir, subsidiyalar ayrılır. Sadəcə olaraq zəhmət çəkməlisən, düzgün qulluq göstərməlisən ki, bəhrəsini yeyəsən”.   

Qeyd edək ki, Azərbaycanda illik siqaret istehlakı 15 milyard ədəddir. Bu, adambaşına 1500 ədəd təşkil edir. Nazirlər Kabinetinin qərarı ilə tütün məmulatlarının idxalına tətbiq olunan aksiz vergi dərəcəsi 2 dəfə artırılıb. Qərar xaricdən gətirilən siqaretlərin bahalaşmasına səbəb olacaq. Amma digər tərəfdən yerli istehsalın artımına stimul verəcək.

Prezident İlham Əliyev regionların inkişafına dair proqramın yekunlarına həsr olunmuş son konfransdakı çıxışında tütünçülüyün inkişafı və siqaret idxalının azaldılması barədə danışarkən onu da bildirib ki, ümumiyyətlə insanların siqaret çəkmək kimi zərərli vərdişdən imtina etməsini istərdi. “Bu, insan sağlamlığına ciddi ziyan vurmaqdan başqa heç bir faydası olmayan vərdişdir, bədbəxtçilikdir”-prezident çıxışında bir daha insanları sağlam həyat tərzi keçirməyə dəvət edərək bildirdi…

Ülviyyə Xudiyeva

Virtualaz.org

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər