44 günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi idi. Biz Qələbəni döyüş meydanında qazandıq.
Bu müdrik və qürurverici ifadələri Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Anım günü ilə əlaqədar xalqa müraciətində söyləyib. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə Şəhid olan əsgər və zabitlərimizə, qətlə yetirilən mülki vətəndaşlara, itkin düşən soydaşlarımıza ehtiram əlaməti olaraq keçirilən Anım yürüşü, doğrudan da, möhtəşəmliyi, siyasi-ideoloji, sosial-mənəvi məzmunu ilə tarixi bir məqam idi. Ali Baş Komandan başda olmaqla, birinci – vitse- prezident Mehriban xanım Əliyeva, hökumət nümayəndələri və yürüş iştirakçılarının hər birinin bir Şəhid şəklini götürməsi hər kəsə bir mesajın metaforik görüntüsü idi:
"Bizim Şəhidlərimiz baştacımızdır. Hər şəhid-Vətənin bir parçasıdır. Biz Vətənimizi bax belə sevir və ehtiram göstəririk. Biz həmrəyik. Həmrəyliyimiz istənilən gücün qarşısında sipərdi" Ali Baş Komandanın xalqa müraciətində əks- hücum əməliyyatını zəruri edən şərait, 44 günlük müharibənin xronologiyası, döyüş taktikası, Ordumuzun savaş ruhu, xalqımızın dövlətlə birliyi, qərəzli təşkilatların xisləti çox mükəmməl şəkildə ehtiva olunub.
Bir il öncəyə nəzər salan cənab Ali Baş Komandan Vətən müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməlinin qoyulmasını da vurğuladı bu məkanların siyasi, vətənpərvərlik nöqteyi-nəzərindən nə qədər əhəmiyyət kəsb etdiyini söylədi.
30 il ərzində Dağlıq Qarabağla bağlı həqiqətləri dilə gətirən İlham Əliyev nəhayət, düşmənə layiq olduğu yeri göstərməyin zamanı gəldiyini xatırlatdı. Azərbaycan xalqı əzm, iradə, cəsarət göstərərək bütün təxribatlara sinə gərdi. Bizi heç kim və heç nə dayandıra bilməzdi. Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç kim və heç nə bizi dayandırmayacaq. Biz ədalət savaşına çıxmışıq. Biz ləyaqət savaşına çıxmışıq. Biz milli qürur savaşına çıxmışıq. Biz müqəddəs savaşa çıxmışıq". Bu cümlələr 30 il yurd həsrəti ilə yaşayan soydaşlarımızın, məğlubiyyət acısından pərişan olan igidlərimizin arzu və istəklərinin gerçəkləşmə təntənəsinin, milli mücadilə eşqli insanlarımızın ruhunun hayqırtısıdır.
Ali Baş Komandan tarixi ədaləti bərpa etdi. Ləyaqət savaşında həqiqət qılıncının parıltısında düşməni kor etdi. Milli qürur savaşında xalqımıza indiyəcən yaşanmamış bir qürur bəxş edə bildi. Müqəddəs savaşın həqiqət düsturunu dünyaya bəyan etdi.
Müqəddəs Vətən müharibəsində qələbəni təmin edən səbəblərdən önəmlisi Sərkərdə qətiyyəti oldu. Ali Baş Komandan Dağlıq Qarabağa münasibətini bildirdi, istəyini real gücü ilə həyata keçirtdi və bu gün də eyni qətiyyətlə hər kəsə fikirlərini bəyan edir: ”Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, Respublika yaratsın, cəmiyyət yaratsın, bunu mən deyirəm- Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır. “
Ali Baş Komandan xalqa müraciətində bir daha Vətənin bütövlüyü uğurunda canını fəda etmiş Şəhidlərə ehtiramını bildirdi, onların qisasının alındığını dedi: “Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı , onların şücaəti, fədakarlığı artıq dastana çevrilib.”
Bəli, hər bir azərbaycanlı bu gün gerçək dastanlar yazan Şəhidləri, Qaziləri ilə fəxr edir, Ali Baş Komandanla qürur duyur, müqəddəs Vətən müharibəsində ən yeni tarixin şərəf səhifələri yazıldı, böyük bir tarixi missiya yerinə yetirildi. “Biz birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün gücləri səfərbər etdik, ordumuzu gücləndirdik, ölkənin nüfuzunu qaldırdıq və öz tarixi missiyamızı yerinə yetirdik”.
Mübariz Həmidov, Sumqayıt Teatrın direktoru, Azərbaycan Respublikasının Əməkdar artisti