Masallı rayonunda kişi arvadını, qaynı və qayınanasını güllələdikdən sonra intihar edib.
“Qafqazinfo”nun əldə etdiyi ilkin məlumata görə, hadisə bir neçə saat öncə rayonun Təzəkənd kəndində baş verib.
Kişi odlu silahla arvadı, qayınanası və qaynını güllələyib, daha sonra isə özünü güllələyərək öldürüb. Onun arvadı və qaynı hadisə yerində vəfat edib, qayınanasının vəziyyətinin isə ağır olduğu bildirilir.
***
Masallı rayonunda baş verən hadisənin detalları məlum olub.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 25-30 yaşlarında olan Sərvanın həyat yoldaşı bir müddət əvvəl ondan boşanmaq qərarına gəlib və bu hadisəyə qədər olan günlərdə atasının evində qalıb. Bu gün isə qardaşı və anası Zemfira ilə cehizini gətirmək üçün Sərvanın evinə gediblər. Orada Sərvan əvvəlcə onları, sonra isə özünü çənəsindən güllələyib. Sərvan və həyat yoldaşının birgə nikahdan iki azyaşlı övladı var. Hadisə nəticəsində vəfat edən Sərvanın qaynının da iki azyaşlı uşağı var.
Qızın atası Əli isə bir neçə il əvvəl iflic olduğu üçün yataq xəstəsidir.