Azərbaycan son 18 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında sürətli inkişaf yolu keçmişdir. Cənab İlham Əliyev 2003-cü ildə, prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdi ki, əgər xalq mənə etimad göstərərsə, mən ulu öndər Heydər Əliyev siyasətinə sadiq qalacağam, bu siyasəti davam etdirəcəyəm. Xalq öz liderinə inandı, onu dəstəklədi. Prezident İlham Əliyev də öz növbəsində verdiyi vədə, sözlərə əməl etdi. Bu illər ərzində Azərbaycanda hərtərəfli inkişaf təmin edildi. Ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verdi.
Cənab İham Əliyev 2003-cü ildə prezident seçilərkən əhalinin həyat səviyyəsinin yüksəldilməsi ilə bağlı qarşıya konkret məqsədlər qoydu. Bu hədəflərdən biri də əhalinin keyfiyyətli səhiyyə xidmətinə çıxışının təmin olunması idi. Azərbaycanda son 18 ildə baş verən iqtisadi inkişaf və dövlətin maliyyə imkanlarının artması tibb müəssisələrinin yenidən qurulmasına imkan yaratdı. Bütün ölkə boyu tibb müəssisələrinin təmiri, yenidən qurulması və tibbi avadanlıqların yenilənməsi prosesi həyata keçirildi.
Bu illər ərzində səhiyyəyə ayrılan xərcləri dəfələrlə artırıldı. Belə ki, 2003-cü ildə səhiyyəyə ayrılan xərclər cəmi 69 milyon manat təşkil edirdi, səhiyyə infrastrukturu – xəstəxanalar, poliklinikalar, tibb avadanlıqları, ambulator tibb məntəqələri yararsız vəziyyətə düşmüşdü. Bu da öz növbəsində əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinə ciddi təsir göstərirdi.
Prezidentin ölkədə səhiyyə sistemini inkişaf etdirmək üçün müəyyən etdiyi kursun əsas istiqamətlərindən birini hər il dövlət büdcəsindən bu sahəyə ayrılan vəsaitlərin artırılması təşkil etdi. 2008-ci ildə dövlət büdcəsindən səhiyyəyə ayrılan vəsait 558 milyon manata çatdı. Bu, beş il ərzinə səhiyyə büdcəsinin səkkiz dəfə artması demək idi. Bu proses sonrakı illərdə də davam etdi. Müqayisə üçün qeyd edək ki, 2022-ci il üçün səhiyyə xərcləri 1 milyard 443 milyon 373 min manatdan çox proqnozlaşdırılıb. Beləliklə, prezident İlham Əliyevin prezidentlik fəaliyyətinin nəticələrindən biri olaraq 2003-cü illə müqayisədə Azərbaycanda səhiyyə xərcləri dəfələrlə artmış oldu. Prezident İlham Əliyevin ötən 18 il ərzində səhiyyəyə ayrılan xərcləri müntəzəm olaraq artırması nətəsində Azərbaycanda əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti həmin dövrlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdı.
Prezident İlham Əliyevin rəhbərliyi altında son 18 il ərzində ölkəmizdə 750-dən çox tibb müəssisəsi tikildi və ya əsaslı şəkildə təmir edildi. Bölgələrimizdə 2004-2020-ci illər ərzində 20-yə yaxın müalicə-diaqnostika mərkəzi inşa edildi. Bu proses həm dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclərin artırılması, həm Prezidentin Ehtiyat Fondundan müntəzəm olaraq ayrılan vəsaitlər, həm də Heydər Əliyev yardımları hesabına reallaşdı.
Son illər ərzində fəaliyyətə başlayan tibb mərkəzlərinin coğrafiyasına fikir versək görərik ki, cəbhəyanı, təmas xəttinə yaxın olan bölgələrə xüsusi diqqət göstərilmişdir. Sözsüz ki, bu təsadüfi deyildi. Prezident İlham Əliyevin ötən 18 il ərzində qarşıya qoyduğu əsas hədəflərdən biri məhz işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad etmək idi. Sülh danışıqlarının nəticə verməməsi müharibəyə hərtərəfli hazırlığı labüd edirdi. Bu məqsədlə ötən illər ərzində digər sahələrlə yanaşı səhiyyə sahəsində də genişmiqyaslı işlər həyata keçirildi . Ötən 18 il ərzində Prezident İlham Əliyevin qarşıya qoyduğu hədəflərə uyğun olaraq təmas xəttinə yaxın bölgələrdə müasir tibb mərkəzləri tikilərək istifadəyə verildi. Belə ki, Füzuli rayonunda iki böyük tibb mərkəzi yaradıldı. Bununla yanaşı Yevlaxda, Goranboyda, Ağdamda, Bərdədə böyük tibb mərkəzləri fəaliyyətə başladı. 44 günlük Vətən Müharibəsində yaralanmış hərbçilərimizin burada müalicəsi, onların bir çoxlarının həyatının xilas olunmasına səbəb olmuşdur. Bütün bunlara diqqət yetirdikdə dövlət başçısının nə qədər düşünülmüş, ölçülüb-biçilmiş, ardıcıl və uzaqgörən siyasət həyata keçirdiyini görürük.
Sevindirici haldır ki, bu gün artıq torpaqlarımız işğaldan azad olunub. Bu ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq işləri reallaşdırılır. Bu istiqamətdə həyata keçirilən layihələrə diqqət yetirsək görürük ki, burada da səhiyyə sahəsinə xüsusi diqqət yetirilir. Cənab Prezident Cəbrayıl şəhərin bərpasının təməl daşını qoyduğu gün Rayon mərkəzi xəstəxanasının da təməlini qoydu. Bütün bunlar əlbəttə ki, Azərbaycanın gücünün və qüdrətinin göstəricisidir.
Ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında dözvlətimiz digər sahələrdə olduğu kimi pandemiya ilə mübarizədə də uğurlu mübarizə aparmağı bacardı. Prezident İlham Əliyevin uzaqgörənliyi nəticəsində vaxtında və düzgün verilmiş qərarlar itkiləri minimuma endirməyə imkan yaratdı. Prezidentin göstərişi əsasında Nazirlər Kabinetinin 30 yanvar 2020-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi. Koronavirus xəstəliyinin ölkəmizdə qarşısının alınması, qabaqlayıcı və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə 27 fevral 2020-ci il tarixində Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və müəssisələrin rəhbərlərindən ibarət Operativ Qərargah yaradıldı. Çevik verilmiş qərarlar və həyata keçirilən tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi.
Azərbaycanın səhiyyə sistemi COVID-19-la mübarizəyə operativ şəkildə səfərbər edildi, pandemiya nəticəsində işsiz qalan əhalinin sosial müdafiəsi istiqamətində ciddi tədbirlər görüldü. Gələcəyə hesablanmış və çevik qərarlar sayəsində Azərbaycan dünyada peyvənd etməyə başlayan ilk ölkələrdən biri oldu.
Nazirlər Kabinetinin 16 yanvar 2021-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul edildi. Bu gün ölkəmizdə vaksinasiya prosesi uğurla davam edir.
Prezident İlham Əliyev pandemiya ilə qlobal mübarizədə ədalətli mövqeyinə görə beynəlxalq ictimaiyyətin rəğbətini qazanıb. Azərbaycan qlobal səviyyədə “peyvənd millətçiliyinə” və vaksinlərin ədalətsiz bölgüsünə etiraz edən ölkədir. Azərbaycan koronavirusla mübarizəyə dəstək məqsədilə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə 80-ə yaxın ölkəyə maliyyə və humanitar yardım göstərib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər səhiyyə sahəsində həyata keçirilən ciddi islahatlardan biri də əhalinin keyfiyyətli tibbi xidmətlə təmin olunması məqsədi ilə ölkəmizdə İcbari tibbi sığortanın tətbiqinə başlanılması oldu. İcbari tibbi sığortaya keçid ölkə vətəndaşlarının tibbi xidmətlərə əlçatanlığını daha da artıracaq, tibbi xidmətlərin keyfiyyətini yüksəldəcək.
Ötən illər ərzində digər regionlarla yanaşı Sumqayıt şəhərində də səhiyyə sahəsində mühüm layihələr reallaşdırıldı, səhiyyə infrastrukturu yenidən quruldu. Əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəlməsi, sağlamlığının qorunması istiqamətində mühüm irəliləyişlər əldə olundu. Cənab İlham Əliyev prezident kimi Sumqayıta ilk səfərində tibb müəssisəsinin açılışını etdi. Belə ki, 12 avqust 2005-ci ildə Sumqayıt şəhərinə etdiyi səfər zamanı digər mühüm açılışlarla yanaşı şəhərdə yeni fəaliyyətə başlayan tibb müəssisəsinin də açılışına qatıldı. Bu ölkə başçısının səhiyyə sahəsinə olan diqqət və qayğısının göstəricisi idi. Ötən dövr ərzində 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının binası yenidən quruldu, Prezident İlham Əliyev burada aparılan əsaslı təmir və yenidənqurma işləri ilə yerində tanış oldu. Bu müalicə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi şəhər sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən rahat istifadəsinə kömək etdi. 2 saylı Sumqayıt şəhər xəstəxanası uzun müddət istismar olunması nəticəsində əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək gücündə deyildi. Xəstəxananın yararsız vəziyyətdə olması bu tibb müəssisəsinin yenidən qurulmasını zəruri edirdi. Bunu nəzərə alaraq Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının yenidən tikilməsi və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi haqqında Sərəncam imzaladı. Artıq tikinti işlərinə başlanılıb. Qısa müddət ərzində xəstəxana tikilərək şəhər sakinlərinin istifadəsinə veriləcək. Sumqayıt şəhərində koronavirusla effektiv mübarizə aparmaq üçün modul tipli xəstəxana yaradıldı. Bildiyiniz kimi, koronavirusla daha da effektiv mübarizə aparmaq üçün şəhər ərazisində yeni infrastrukturun yaradılması zərurəti yaranmışdı. Prezident İlham Əliyevin tapşırığı əsasında qısa müddət ərzində Sumqayıt şəhərində modul tipli xəstəxana tikildi. Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Modul tipli xəstəxananın da açılışı oldu. Sumqayıt şəhərində tibb işçiləri hər zaman ölkə başçısının diqqət mərkəzində olub. Onlarla tibb işçisi Prezident İlham Əliyev tərəfindən mükafatlandırılıb, əmək fəaliyyətləri yüksək qiymətləndirilib.
Son 18 il ərzində ölkəmizdə səhiyyə sahəsinə göstərilən diqqət bu sahənin bundan sonra da sürətlə inkişaf edəcəyinə əminlik yaradır. İnanırıq ki, yaxın gələcəkdə ölkəmizdə, o cümlədən Sumqayıt şəhərində səhiyyə sahəsində daha çox inkişafın,yeni-yeni layihələrin reallaşmasının şahidi olacağıq.
Təranə Rəcəbli, Əməkdar həkim, YAP Sumqayıt şəhər təşkilatının İdarə Heyətinin üzvü