Azərbaycanda Gənclər Korporasiyası yaradılır

1704

“Vətəndaş Cəmiyyətində Debat”  İctimai Birliyi və “Coca-Cola” şirkəti Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu  ilə birgə “Youth Inc” (“Gənclər Korporasiyası”) proqramı çərçivəsində pilot layihəyə start verib.

Bu proqramın həyata keçirilməsi ideyası bir qrup gənclərin 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev ilə görüşündən sonra yarandı. Bu görüşdə DVC tərəfindən gənc sahibkarlara dəstək məqsədi ilə biznes-inkubatorların yaradılması təklif olundu. Təklif cənab prezident tərəfindən bəyənildi və “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında öz təsvirini tapdı (6.1.6 və 6.4.2). Bununla yanaşı, Dövlət Proqramının əsas məqsədi kimi gənclərin idarəetmədə fəal iştirakını, onların məşğulluğunun təmin edilməsi və gənclərin digər sosial-iqtisadi problemlərinin həlli qəbul olunmuşdur. Təklifin təşəbbüskarı olaraq DVC öz üzərinə onun reallaşdırılması məsuliyyətini götürdü. Beləliklə, təşkilat sahibkarlıq və biznes inkubasiya sahəsində beynəlxalq təşkilatların üzvü oldu, peşəkarlığı artırmaq və təcrübə mübadiləsi aparmaq məqsədi ilə xarici və yerli ekspertlərlə görüşlər keçirtdi. Gənc sahibkarlığa aid çox saylı layihələr həyata keçirtdi. Bu istiqamətdə fəaliyyətin məntiqi davamı olaraq “Youth Inc” Proqramı irəli sürüldü.

“Coca-Cola” tərəfindən bu layihənin dəstəklənməsi şirkətin vahid strategiyasının bir hissəsidir. Onun prioritet məqsədlərindən biri – gənc sahibkarlığın və ümumi biznes mühitin inkişafıdır. “Coca-Cola” şirkəti tərəfindən gənc sahibkarların dəstəklənməsinin məqsədi növbəti nəsil arasında sahibkarlıq təfəkkürünün təbliğ olunması vasitəsi ilə bölgənin iqtisadi inkişafının sürətləndirilməsidir. “Coca-Cola” inanır ki, təqdim olunan proqram gənclərə kreativlik, məsuliyyət, problemlərin həlli, komandada iş kimi şəxsi keyfiyyətlərlə yanaşı müvafiq biznes kompetensiyalara yiyələnməyə imkan verəcək.

Məhz bunu nəzərə alaraq, şirkət “Youth Inc” proqramını inkişaf etdirilməsini vacib hesab etdi və bu proqram Azərbaycanda “Gənclərin Sahibkarlıq Klubları Şəbəkəsi” pilot layihəsi ilə start götürəcək. Layihə çərçivəsində Bakı, Sumqayıt, Gəncə və Şəki şəhərlərində 900 nəfər gənc üçün silsilə təlimlər və seminarlar keçiriləcək, həmçinin artıq mövcud olan uğurlu sahibkarlıq nümunələrini göstərərək gənclərin öz bizneslərini açmağa cəlb olunması planlaşdırılır. “Gənclərin Sahibkarlıq Klubları” adı çəkilən şəhərlərdə, artıq fəaliyyət göstərən, Debat mərkəzləri (“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyin Regional nümayəndəlikləri) bazası üstündə qurulacaq.

Layihə çərçivəsində yalnız paytaxtda deyil regionlarda da yaşayan gənclərə biznes və sahibkarlıq haqqında kifayət qədər bilik və bacarıqların verilməsi, gənclərin biznes yaratması üçün real imkanlar veriləcək. Biznes Klublar çərçivəsində gənclər artıq peşəkar sahibkarlarla, biznesmenlərlə daimi ünsiyyətdə olacaqlar, vergilər sistemi, biznes-kreditlər sistemi və s. haqqında ətraflı məlumatlandırılacaqlar.

Layihənin bu ilin mart ayında yekunlaşacağı nəzərdə tutulub. Pilot layihənin nəticələrinə görə proqram genişləndiriləcək. Xüsusi diqqət layihənin uzunmüddətli inkişafına veriləcək.

DVC Sədri Seymur Hüseynov öz çıxışında qeyd etdi: “2010-cu ildən təşkilat gənc menecerlərə dəstək və gənc sahibkarlığın inkişafına yaxından diqqət göstərir. Son illərdə biz 250 gənclərin iştirakı ilə gənc menecerlər və sahibkarlar üçün çoxsaylı yay məktəbləri keçirdik. 2012-ci il boyunca 7 iqtisadi rayon, 30 universitetdən olan 6000 gənci əhatə edən debatlar keçirilmişdir. Bu debatlarda rayonların iqtisadi inkişafı və gənclərin regionların sosial-iqtisadi inkişafında tək istehlakçı kimi yox, həm də sosial-iqtisadi məsələlərdə iştirak etməsi müzakirə olunub. Debatlar gənclərin əsas istəyinin iqtisadı rifah olduğunu anlamağa imkan verdi.

Biz iqtisadi tərəqqinin təməlini xırda və orta biznesin inkişafında gənclərin məşğulluğunun artmasında və orta sinfin genişlənməsində görürük.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “Coca-Cola” şirkəti ilə birgə həyata keçirilən “Youth Inc” proqramı bir tərəfdən illər ərzində toplanmış təcrübənin nəticəsi, digər tərəfdən isə gənc sahibkarlığa dəstək formasının yeni istiqamətidir. Bu gün bizim üçün proqram çərçivəsində yaradılan Gənc Sahibkar Klubları ilk öncə gənc sahibkarlar üçün şəbəkə aləti deyil, yaxın gələcəkdə effektiv biznes inkubatorlar və stabil gənclər şirkətlərinin yaradılması üçün bazadır.”

“Coca-Cola şirkətinin bütün dünya üzrə fəaliyyəti gənclərin təhsilinə və bizneslərinin inkişafına yönəlib və Azərbaycan bizim üçün bu cəhətdən istisna deyil. Biz hesab edirik ki, iqtisadi artımın stimullaşdırılması və dayanıqlı inkişafın təşviqi üçün gənclərə edilən yatırımlar vacibdir. Gənclər – bizim xidmət etdiyimiz icmaların gələcəyidir” – “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri ictimaiyyətlə əlaqələr üzrə meneceri Oleq Piletski qeyd etdi.

 

Ətraflı məlumat almaq və layihəyə qoşulmaq üçün www.youthinc.dvc.az veb-saytına daxil ola bilərsiniz. Tel/Faks: (+994 12) 497 08 46/45 (Əlaqələndirici şəxs: Ülvi Mövsümzadə).

DVC (“Vətəndaş Cəmiyyətində Debat”  İctimai Birliyi) 1998-ci ildən fəaliyyət göstərir və hal-hazırda 28000 üzv, 45 rayon, 8 nümayəndəlik, 90-dan artıq təhsil müəssisəsi olmaqla geniş gənc şəbəkəsi qurmuşdur və bu gün bu layihənin icrasında da öz professionallığını göstərir. DVC-nin də iştirak etdiyi, 21 aprel 2011-ci il tarixində Cənab Prezident İlham Əliyevin fəal gənclərlə görüşündə tərəfimizdən irəli sürülən Azərbaycanda gənclər üçün Biznes İnkubatorların yaradılması fikri Cənab Prezident tərəfindən dəstəklənmişdir. Beləliklə, “Gənc Sahibkarlıq” haqqında fikirlər “Azərbaycan Gəncləri 2011-2015-ci illərdə” Dövlət Proqramında öz əksini tapır. Həmçinin DVC adı çəkilmiş proqramının inkişafında AmCham (Amerika-Azərbaycan ticarət palatası), JEUNE (Avropa Gənc Sahibkarlar Assosiasiyası) və NBİA  (Milli Biznes-İnkubatorlar Assosiasiyası) tam hüquqlu üzvü olmuşdur.

Coca-Cola şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. Coca-Cola® şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 14 milyard dollar olan brendlər daxildir: Diet Coke®, Fanta®, Sprite®, Coca-Cola Zero®, vitaminwater, Powerade®, Minute Maid®, Simply® və Georgia® Coffee. Qlobal miqyasda Coca-Cola şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. Coca-Cola şirkəti hər gün 1.6 milyard içki satır. Qeyd etmək lazımdır ki, şirkət icmaları dəstəkləyir və ətraf mühitin mühafizəsinə, resursların konservasiyasına və regionun iqtisadi inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Coca-Cola şirkəti haqda daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz www.thecoca-colacompany.com.

Azərbaycanda “Azerbaijan Coca-Cola Bottlers Limited” şirkəti 1994-cü ildə qurulub və The Coca-Cola Company markalarından ibarət olan qazlı və qazsız içkilərin istehsal, satış və yayımını gerçəkləşdirir.

ACCB Azərbaycanda 300 milyon litrə istehsal gücü ilə 9 milyon əhaliyə xidmət etməkdədir. “Coca-Cola İçecek” istehlakçılara 9 fərqli marka (Coca-Cola, Coca-Cola Light, Coca-Cola Zero, Fanta, Sprite, Nestea, Burn, Cappy, BonAqua) təqdim edir. Bu günə qədər Azərbaycanda qoyulan yatırım 100 milyon dollara çatmışdır. Azərbaycandakı Coca-Cola yatırımları neft sektoru xaric, sənaye qurumları arasında ilk və doğrudan da ən böyük xarici yatırımlardan biridir.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu dekabr 2012-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə yaradılmışdır və qeyri-kommersiya təşkilatı olub elm, təhsil, mədəniyyət və digər sosial sektorlarda inkişafı stimullaşdırır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər