Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan olunmuş müsabiqə çərçivəsində Demokratik Gənclər İctimai Birliyi tərəfindən “Peşələri məsafədən seçək!” distant məlumat məsləhət xidmətinin yaradılması layihəsi həyata keçirilir.
“ICTnews” elektron xəbər xidmətinin adıçəkilən nazirliyə istinadən verdiyi məlumata görə, layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.3.7. yarımbəndinin (müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması) icrasını nəzərdə tutur.
Layihə çərçivəsində “www.karyeram.az” internet portal hazırlanıb. Peşə seçimi ilə bağlı yaradılan internet portalda gənclər öz CV-ni yerləşdirə bilərlər. Gənclər portal vasitəsilə öz bacarıqlarının hansı istiqamətə daha uyğun olduğunun müəyyən edilməsi, müxtəlif iş və peşə seçimi, distant təhsil vasitəsilə müxtəlif kurslardan keçmə, eyni zamanda interaktiv məlumat – məsləhət xidmətlərinin alınması kimi imkanlara malik olacaqlar.
Bu portalda interaktiv elektron resurslar, gənclərin karyera hazırlığı ilə əlaqədar videoçarxlar, gənclər üçün maraqlı biznes ideyaları, qrant müsabiqələri, iş yerləri haqqında məlumatlar öz əksini tapıb.