Bu gün səhər saatlarından Bakı, Sumqayıt, Xırdalan, Biləcəri ərazisində kəpənəklərin sayında kütləvi artım müşahidə edilir. Mənzərə insanlarda sual doğurub.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən AMEA Zoologiya İnsitutunun kiçik elmi işçisi Nigar Yusifova bildirib ki, kəpənəklərin sayındakı artımın əsas səbəbi miqrasiyadır.
“Hazırda kəpənəyin “vanessa cardui” adlı növünün Afrikadan Aralıq və Qara dəniz üzərindən Avropa istiqamətinə kütləvi miqrasiya etdiyi vaxtdır. Bu növ kəpənəklər beş min kilometrə qədər miqrasiya etmək qabiliyyətinə malikdirlər.
Hazırda ölkə ərazisində olan kəpənəklərin hər hansı bir fəsadı yoxdur. Adətən, kəpənəklərin bəzi növlərinin qoyduğu yumurtadan çıxan tırtıllar kənd təsərrüfatına ziyan vurur. Lakin “vanessa cardui” növü kənd təsərrüfatı ziyanvericisi kimi göstərilmir. Onlar qanqal bitkisi üzərində yaşayırlar. Eyni zamanda, ağacların üzərində də görmək olar”, – deyə Nigar Yusifova bildirib.